Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen 5 aprel 2024-cü il tarixində Brüsseldə görüş keçirmişdir. Azərbaycan hökuməti və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq, atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Bəyanatda, həmçinin deyilir:
"Görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir.
Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə Azərbaycan ərazilərini viran qoymuş və minalarla çirkəndirmiş Ermənistanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.
Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərinə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə çıxarılmaması, ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir.
Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib.
Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırır. Aİ və ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, onda militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:35 / 06.04.2024
İcma Aİ və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa ÇAĞIRIB
Hazırda oxunan: İcma Aİ və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa ÇAĞIRIB
Hazırda oxunan: İcma Aİ və ABŞ-ı regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa ÇAĞIRIB
185998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.