“44 günlük müharibədən sonra Rusiya sülhməramlılarının erməniləri müşahidələri altında olan ərazilərə qaytarmaq cəhdləri, missiyalarına aid olmayan aksiyalar çərçivəsində həyata keçirdikləri “humanitar aksiyalar” çərçivəsində mümkün olsa da, bu prosesin uzun müddət əvvəlki templə davam etdirilə biləcəyi inandırıcı görünmür. Rusiyanın “universal” sülhməramlıları dünyada analoqu olmayan bir “missiya” həyata keçirirlər.
Yaxın zamanlarda missiyanın tərkibində “qadın məsləhətxanası” da açılsa, düşünürəm ki, bu, artıq kimsəni təəccübləndirməyəcək.
Yaxud uşaqları əyləndirmək üçün kloun teatrı, sirk... Sülhməramlılar ermənilərə mümkün olan və olmayan bütün “xidmətləri” göstərməyə hazırdılar, təki onlar çıxıb getməsinlər və sülhməramlıların urvatsız missiyası bundan daha acınacaqlı duruma düşməsin”.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan rəsmisi eyni gündə Azərbaycan və Ermənistan səfirləri ilə niyə görüşdü? - PƏRDƏARXASI
Bu sözlər Bizim.Media-nın mövzu ilə bağlı sualını cavablandıran politoloq Elçin Mirzəbəyliyə məxsusdur.
Cavabının davamında politoloq bildirdi ki, ermənilər yalnız Azərbaycan qanunları çərçivəsində, vətəndaşlıq hüquq və vəzifələrini həyata keçirməklə, arzuladıqları təhlükəsiz həyata qovuşa bilərlər. Bunun başqa alternativi yoxdur:
“Postsovet məkanında Rusiya sülhməramlılarının mövcud olduğu heç bir ərazidə yaşayış üçün normal şərait yaradılmayıb. Rusiyanın bu və ya digər ad altında nəzarətə aldığı, işğal və ya ilhaq etdiyi digər ərazilərdə də həmçinin. Məsələn, Dnestryanıda son 1 il ərzində sosial müavinətlərin və pensiyaların verilməsi ilə bağlı ciddi problemlər yaranıb. Rusiya tərəfi ilə bununla bağlı aparılan danışıqlar nəticəsiz qalıb.
Rusiya sülhməramlılarının müşahidəsi altında yaşayan ermənilər də bir neçə aydır ki, sosial müavinətlərini və penisyalarının ala bilmirlər. Ermənistanın əmək naziri bu məqsədlə separatçıların İrəvandakı tör-töküntüləri ilə hansısa kağız parçası imzalayır ki, onlara müəyyən ümidlər versin. Amma maliyyə resurslarını ümidlə, yaxud ideoloji şuarlarla əldə etmək olmur. Məhz bu baxımdan da, ac erməniləri Rusiya sülhməramlılarının müşahidəsi altındakı ərazilərdə və indiki şərtlər daxilində uzun müddət saxlamaq olmayacaq”.
Elçin Mirzəbəyli qeyd etdi ki, Azərbaycanın bu ərazilərdə suveren hüquqlarını sonunadək bərpa edəcəyi bəllidir.
Yaxın bir neçə ay ərzində dost ölkələrin şirkətlərinin iştirakı ilə işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma, bərpa işlərinin intensivləşəcəyi gözlənilir:
“Bu proses intensivləşdikcə özlərini girov durumuna salan ermənilər, yaşadıqları reallıqlarla Azərbaycanın yaratdığı reallıqlar arasındakı fərqi daha aydın görəcəklər. Qənaətimə görə, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməməsi və Rusiya sülhməramlılarının da bu prosesdə nümayiş etdirdikləri aşırı passivlik bununla bağlıdır. Ermənistan da daxil olmaqla, maraqlı tərəflər Azərbaycanın işğaldan azad etdiyi əraziləri tez bir zamanda yenidən qurmasını və məskunlaşdırmasını istəmirlər.
Çünki həyata keçirilən layihələr nəticəsində bölgənin iqtisadi mərkəzlərindən birinə və bəlkə də birincisinə çevriləcək Qarabağ acınacaqlı durumda yaşayan, humanitar yardım gözləyən ermənilər üçün göz dağı olacaq.
İndiki şəraitdə Ermənistanın və Azərbaycan ərazilərində yaşayan ermənilərin yeganə çıxış yolu kommunikasiyaların açılması və ölkəmizə qarşı revanşist bəyanatlara son qoyulmasıdır. Keçən hər gün Qarabağda yaşayan ermənilərin durumunu daha da ağırlaşdıracaq. Pandemiya başa çatdıqdan sonra isə nəinki Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərdən, hətta Ermənistandan da kütləvi köçün başlayacağı şübhə doğurmur”.
Anar Rəhimov, Bizim.Media