Son illərdə dünyada artan münaqişə ocaqları, təbii fəlakətlər, siyasi-iqtisadi təlatümlər bir çox ekspert tərəfindən dəhşətli hadisələrin carçısı kimi qiymətləndirilir. Artıq belə fikir formalaşıb ki, dünyanı xaos və dəhşətli hadisələr gözləyir.
Maraqlıdır, dünyanı xaosun gözlədiyi ilə bağlı fikirlər haradan qaynaqlanır.
Politoloq Cümşüd Nuriyev mövzunun detalları ilə bağlı Bizim.Media-ya açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Macarıstanın baş diplomatı OD PÜSKÜRDÜ: “Avropada siyasətçilər sağlam düşüncələrini itirirlər”
O qeyd edib ki, xaosun idarəedilmə nəzəriyyəsi ABŞ politoloqları tərəfindən hazırlanıb:
“Amma bu nəzəriyyə özünü doğrultmadı. ABŞ yavaş-yavaş mövqelərini itirməyə başlayır. Yenidən dünyada xaos yaradıb idarə etmək mümkünsüzdür. Hazırda dünyanı xaosa sürükləmək istəyən daha çox Fransadır. Makron artıq gedir. O, son mərdiməzarlığını etmək istəyir.
Ümumilikdə isə bu cür informasiyaları yayan ABŞ-ın dərin dövlətidir. Dünya mediası ABŞ-ın əlindədir. İnformasiya kimdədirsə, idarəedən də odur, maliyyə də onlardadır. Bu, dünyanı qorxutmaq üçün gündəmə gətirilən məsələdir.
Onlar çox yaxşı başa düşürlər ki, Rusiya nüvə daşıyıcılarını kosmosa çıxarıb, onu məhv etmək mümkün deyil. Rusiya dünyanın istənilən nöqtəsini hər an vura bilər. ABŞ 200 ildən çoxdur ki, müharibə görməyib. Bizə atılan “İsgəndər” raketi ABŞ-a atılsa, əhalinin yarısı qaçacaq. Çünki müharibə görməyənlər həmişə çox qorxaq olurlar. Məsələn, ermənilər Qarbağda “qoçaqlıq” edirdilər, müharibədən sonra Qarabağda qalmaq istəmədilər.
Dünyanın nizamı dəyişir. Yeni, yalançı trendlər yaranır.
Amma yaxın vaxtlarda xaos gözləmirəm. Dünya xaosa sürüklənsə, ilk qurbanlar Hindistan, Çin və Pakistan olacaq. Bu üç ölkə arasında müharibə olsa, dünyanın əhalisi aza bilər. Hər üçü nüvə başlığı olan ölkələrdir. Bu ölkələrdə əhalinin sayı çox olduğu üçün itkilər milyonlarla olacaq. Onlar bu xaosu istəməyəndən sonra digərləri də istəməz”.
Məhərrəm Əliyev, Bizim.Media