Zərdüşt Əlizadə: “Fransa istədiyini Ermənistandan ala bilib”

Zərdüşt Əlizadə: “Fransa istədiyini Ermənistandan ala bilib”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “Fransa istədiyini Ermənistandan ala bilib”

183734

Cənubi Qafqazda geosiyasi vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Bu gərginlik isə Qərb tərəfindən yaradılır. Qərbin qızışdırıcı aləti isə məhz Ermənistandır. Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza daxil olma sevdası hələki öz nəticəsini verməyib. Amma maraqlı qüvvələr dayanmaq fikrində deyillər.

Hər gün yeni bir plan cızılır. Azərbaycanı durdurmaq və Rusiyanı regiondan sıxışdırıb çıxartmaq taktikası üzərində çalışan Qərb Paşinyana müxtəlif təlimatlar verir. Erməni baş nazir isə kreslosunun sığortası üçün Qərb siyasi dairələrinin planlarını həvəslə həyata keçirir. 
 

MÖVZU İLƏ BAĞLI:

Cənubi Qafqazda qarşıdurma ocağı yaradılır - Ermənistan alət rolunda – ŞƏRH 


Politoloq Zərdüşt Əlizadənin Bizim.Media üçün müsahibəsi də bu mövzuyla bağlıdır.  

- Zərdüşt müəllim, Qərb dövlətlərinin siyasi oyuncağına çevrilən Ermənistanın apardığı bu siyasi kurs qarşıdurmaya gətirib çıxara bilərmi?

- Nəzərə almalıyıq ki, qarşıdurma var və hazırda bu diplomatik, siyasi, sahədə gedir.Azərbaycanla Ermənistan arasında bəzən belə qarşıdurma silahlı toqquşma səviyyəsinə qalxır. Bu qarşıdurmada Fransa, Rusiya, ABŞ, Türkiyə və İran iştirak edir. Azərbaycanla Ermənistan isə döyüş meydanında üz-üzə durmuş tərəflərdir.

- Ekspertlər hesab edirlər ki, hər hansı qarşıdurma Ermənistanın növbəti kapitulyasiyası ilə nəticələnə bilər. Bununla belə bəzi ölkələr Ermənistanı yeni münaqişəyə təşviq edir. Bu barədə nə deyə bilərsiniz?

- Hərbi qarşıdurma artıq baş verib də. 44 günlük müharibədən sonra nə qədər adam ölüb. Hər iki tərəfdən yüzlərlə hərbçi həlak olub. Qarşıdurma hələ bitməyib, sadəcə onun miqyası məsələsi var. Bu miqyas hələlik məhduddur. Güman etmirəm ki, yenidən geniş miqyaslı müharibə olsun. 

- Region dövlətləri Ermənistanın siyasi kursundan narahatdır. İrəvanın bu siyasəti onları hansı addım atmağa vadar edə bilər?

- Gürcüstanı çıxmaq şərti ilə region dövlətlərinin hər biri bu münaqişədən öz mənfəətini götürür. Hər biri uzaq məqsədinə doğru irəlləyir. Bu təbii prosesdir. Bütün dünyada belədir. Rusiya da, İran da, Türkiyə də, uzaqda olan Fransa da, Amerika da öz mənfəətləri  üçün çalışır. 

- Amma ortada alət kimi istifadə olunan Ermənistandır.

- Münaqişədə iki tərəf iştirak edir. Amma xarici qüvvələr əsasən Ermənistandan daha çox istifadə edirlər. Azərbaycan da bu oyunun içindədir. 

- Paşinyan Qazaxın 4 kəndinin geri qaytarılacağını deyib. Tavuşda yerli sakinlərlə görüşdə  bildirib ki, anklavlar qaytarılmasa müharibə təhlükəsi qalır. Bununla Paşinyan nə demək istəyir?

- Olan məsələni deyib də… Paşinyan xalqa deyib ki, artıq biz indiyədək yürütdüyümüz siyasətdən əl çəkməliyik. Azərbaycan hansı qanuni tələbini irəli sürür, Ermənistan bundan imtina edir. Sonda Azərbaycan məcbur olub hərbi əməliyyat aparır. Ortada insan itkisi olur. Daha sonra Azərbaycan tərəfi istədiyinə nail olur və növbəti öz qanuni tələbini irəli sürür. Yenə Ermənistan razılaşmır və iş yenidən ölüb-öldürməyə çatır. Paşinyan erməni xalqına bunu deyib. O ermənilərə daha sonra bildirib ki, əgər Azərbaycan tərəfinin tələbini qəbul ediriksə həmin 4 kənd Azərbaycan ərazisidir və gəlin məsələni ölüb-öldürməyə çatdırmayaq. Həmin kəndlər dinc şəkildə yiyəsinə qaytarılmalıdır. Düz deyir də... 

- Fransanın mövqeyi isə bəllidir. Onlar Cənubi Qafqazdan istədiyini almayınca əl çəkən deyil. Fransa bu cür siyasətlə nəyə nail ola bilər?

- Hələlik Fransa istədiyini Ermənistandan ala bilib. Azərbaycan isə təkidlə Fransanı onun daxili işlərinə qarışmağa imkan vermir. Fransanı qıcıqlandıran da budur.  

Vəli Həsənov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO