İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli Ağdam səfərindən sonra “Mən Ağdamın qalıqlarını ziyarət etdim. Sual verirəm: Əgər Ermənistan buranı öz ərazisinin bir hissəsi hesab edirdisə, onda nəyə görə buranı darmadağın edirdi?”, - deyə “Twitter” səhifəsində yazıb.
Bu yaxınlarda Ağdamda diplomatik nümayəndələrlə səfərdə olan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bizim.Media-ya açıqlamasında ilk dəfə Ağdamdakı dağıntıları görəndə dəhşətə gəldiyini bildirib:
“Bu dağıntılar dinc şəraitdə bir güllə atılmadan edilib. Bunlar mülki erməni vətəndaşları tərəfindən törədilib. Mən bu dağıntıların timsalında ermənilərin azərbaycanlılara qarşı bəslədikləri kini, nifrəti gördüm. Mən heç cür bu nifrəti anlaya bilmirəm.
Onlar bu dağıntılarla Azərbaycan millətini alçaltmaq istəyiblər. Bu dağıntılar həm də erməni cəmiyyətində türklərə və azərbaycanlılara olan nifrətin ölçüsüdür.
Onlarda bu kin ən çox I Qarabağ müharibəsindən sonra şaxələnib. Bu kin, revanşist hisslər ermənilərə irəli getməyə maneçilik törədir. Onlar öz cəmiyyətlərində azərbaycanlılarla sülh istəyən tək-tük insanları da linc edirlər. Onların bu nifrəti yeni mərhələyə addım atmağa imkan vermir”.
İsrail-Azərbaycan münasibətləri üzrə mütəxəssis, İsraildəki Azərbaycan Evinin icraçı direktoru, siyasi şərhçi Arye Qut Bizim.Media-ya açıqlamasında Ağdamın 27 illik vəhşicəsinə işğalından sonra "kabuslar şəhəri" halına gəldiyini söyləyib.
“XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə apararaq Dağlıq Qarabağ bölgəsini işğal etdi.
Bir milyon Azərbaycan vətəndaşı evlərini tərk etmək məcburiyyətində qaldı. Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə - Azərbaycanın ata-baba ərazisinin 20% -i ələ keçirildi, məhv edildi”.
Siyasi şərhci onu da qeyd edib ki, Ermənilər dağıntıları törətməklə sanki o torpaqları yer üzündən silmək istəyiblər:
“İşğaldan azad edilmiş bu ərazilərdə Azərbaycanın mədəni və dini irsi məhv edilib. Ermənilər ləkələmək siyasətinin bir hissəsi olaraq, Azərbaycanın memarlıq, mədəni və tarixi abidələrini, məscidləri, pravoslav kilsələri və nadir əlyazmaları darmadağın edib. Ağdam ərazisi Ermənistan tərəfindən faşist vandalizminə məruz qalıb.
Vüsalə Balayeva, Bizim.Media