İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - VİDEO

İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - VİDEO

Hazırda oxunan: İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - VİDEO

180981

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edib.

Bizim.Media xəbər verir ki, Rosen Dimitrov Jelyazkov Bolqarıstan Prezidentinin salamlarını və prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Qonaq öz adından da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edərək vurğulayıb ki, bu, Azərbaycan xalqının dövlətimizin başçısının siyasətinə mütləq dəstəyinin ifadəsidir.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rumen Radevə çatdırmağı xahiş edib.

Rosen Dimitrov Jelyazkov Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlament nümayəndə heyətlərinin beynəlxalq təsisatlarda əməkdaşlığını qeyd edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərinə toxunub.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb və zəngin qazıntı yanacaq resurslarına sahib olmasına baxmayaraq, Azərbaycan tərəfindən yaşıl və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin önəmini vurğulayıb. O, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini ifadə edərək, bütövlükdə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.

Azərbaycan Prezidenti hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülhün irəli aparılması üçün təşəbbüslərinə Ermənistanın müsbət münasibət bildirmədiyini, əksinə Qarabağda silahlandırma və militarizasiya siyasəti apardığını, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirdiyini xatırladıb.

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəminə toxunaraq, ötən ilin dekabrında Serbiyada Rumen Radevlə keçirdiyi görüşü məmnunluqla xatırladıb.

Dövlətimizin başçısı yaşıl enerji layihəsi çərçivəsində Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə Bolqarıstanın da qoşulmaq niyyətini müsbət addım kimi dəyərləndirib və bunun layihədə iştirak edən bütün dövlətlər tərəfindən dəstəkləndiyini vurğulayıb.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının uğurla keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirdə Azərbaycanın panavropa enerji təchizatçısı olmasının vurğulandığını bildirib və Avropanın səkkiz ölkəsinin Azərbaycan qazı ilə təchiz olunduğunu qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq kontekstində SOCAR-ın Bolqarıstanda ofisinin fəaliyyət göstərməsi məmnunluqla vurğulanıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO