Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonu iki ölkə arasında parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində və Azərbaycan Ordusuna qarşı vuruşan livanlı snayper Maral Nacaryanın əsirlikdən azad edilməsindəki töhfəsinə görə qızıl medalla təltif edib.
Bizim.Media xəbər verir ki, bu olay cəmiyyət və siyasətçilər arasında birmənalı qarşılanmadı.
MÖVZU İLƏ BAĞLI:
Fərhad Məmmədov: "Məqsəd Azərbaycanı zəiflətməkdir"
Ermənistan spikerinin bu addımının səbəbini müxtəlif formada yozanlar var. Bu səbəbdən, mövzunun görünən və gizli tərəflərini politoloq Fərhad Məmmədovla müzakirə etdik.
Politoloq bildirdi ki, Azərbaycan ictimaiyyəti Maral Nacaryanın Matviyenko ilə Sahibə Qafarovanın söhbətindən sonra buraxıldığı barədə məlumatlı idi:
“Rusiyanın qadın rəsmisinin qadın haqqında xahişi nəzərə alınaraq və xoş niyyət olaraq Azərbaycan tərəfindən bu addım atılmışdı. Bakı bununla həm də Moskvaya minnətçilik etdi ki, gələcəkdə özəl xahişlər etməsinlər. Həm də bir nəfərin buraxılması Azərbaycanda olan bütün terrorçuların azad olunmasını tam olaraq həll etmədi. Bir nəfərlə erməni terrorçular nə çoxaldı, nə də azaldı. Bu sirr və cəmiyyətdə qıcıq doğuracaq məsələ deyil.
İkincisi, Ararat Mirzoyanın Matviyenkoya qızıl medal verməsi, yaxud onunla görüşdə bəyan etməsi ki, İrəvanda Ermənistan-Rusiya diplomatik münasibətlərinin qurulmasına həsr olunmuş abidə ucaldılacaq.
Bu, onu göstərir ki, yaxın keçmişdə qərbyönümlü sayılan Ermənistan siyasətçiləri - həm Paşinyan, həm Ararat Mirzoyan və digərləri Rusiyaya öz sədaqətini nümayiş etdirir. Ümumiyyətlə bu, Ermənistanın hazırda konyuktur (situasiyanın təsiri ilə) siyasətidir. İrəvan özünü Moskvaya daha yaxın göstərmək istəyir.
Sual oluna bilər ki, nəyə görə Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 10, yaxud 20 illiyinə heykəl qoyulmamışdı, amma 30 illiyinə abidə hazırlanır.
Qafanda pravoslav kilsəsinin qalıqları var. Rusiyanın maliyyəsi ilə onu da indi bərpa etməyə başlayıblar. Yəni, 30 il ərzində bunu etmirdilər, birdən-birə yadlarına düşüb? Necə olur ki, 30 il ərzində faşist Njdenin heykəlləri üçün pul tapılıb, amma dağıdılmış rus pravoslav kilsəsinin bərpasına vəsait yox idi?
Bunların hamısı konyukturaya (mövcud şərtlərin məcmusuna) hesablanmış addımlardır. Guya bu, Ermənistanın mövqeyinin gücləndirilməsinə xidmət edir.
Postkonflikt regionda Rusiyanın da müəyyən rolu var. Ancaq Azərbaycan və Türkiyənin rolu o qədər artıb ki, reallıqlar da onu göstərir ki, artıq belə addımlarla bölgədə nəyisə dəyişmək mümkün deyil”.
Anar Rəhimov, Bizim.Media