Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşdü – FOTO/VİDEO  

Hazırda oxunan: Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşdü – FOTO/VİDEO  

180128

Fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb. 

General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb. 

Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ş.Alpay Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müdafiə naziri Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. 

Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.
 





Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO