AŞPA Azərbaycanın qarşısında geri addım ATACAQ? – TƏHLİL 

Hazırda oxunan: AŞPA Azərbaycanın qarşısında geri addım ATACAQ? – TƏHLİL 

180073

Xəbər verdiyimiz kimi fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

AŞPA-ya qarşı çıxanlar artır

Bununla da AŞPA-nın bədnam 24 yanvar tarixli qərarına etiraz edən ölkələrin sayı 5-ə çatıb. Gözlənilən odur ki, yaxın vaxtlarda AŞPA-ya etiraz edən ölkələrin sayı 15-i keçəcək. Bununla da Avropa Şurasına üzv ölkələrin ən azı 1/3 AŞPA-nın bədnam qərarına qarşı çıxmış olacaq. Bu isə yeni president yaradır. Yəni AŞPA məcburən öz qərarına baxmalı, daha doğrusu öz qərarını geri çəkməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə dostların gecikmiş PEŞMANLIĞI – Bəs, AŞPA Azərbaycana lazımdırmı?


Təbii ki, bu da AŞPA üçün növbəti zərbə olacaq. Daha doğrusu, qurumun hansısa güclərin əlində oyuncaq olduğu sübuta yetiriləcək. Halbuki, bu barədə Azərbaycan dəfələrlə münasibət bildirib, bəyan edib ki, AŞPA-nın qəbul etdiyi qərarların çoxu ədalətli yanaşmadan yox, bəzi qlobal güclərin göstərişindən qaynaqlanır. Elə Azərbaycanın qurumdakı nümayəndə heyətinə göstərilən münasibət də bunu bir daha sübut etdi. 

AŞPA Azərbaycana lazımdırmı?

Əminliklə demək lazımdır ki, AŞPA Azərbaycana lazım deyil. Çünki qurum siyasi yox, məşvərətçi bir orqandır. Assambleya hər hansı məsələ barədə ancaq tövsiyə verə, çağırış edə bilər. Qurumun qərarlarının hər hansı bir icra mexanizmi yoxdur. Ona görə də onun qərarlarının təsir imkanları “0”-a bərabərdir. 

Sadəcə məşvərətçi qurum olduğu üçün Azərbaycan zamanında quruma üzv olub. Bu o zaman idi ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunmuşdu. 1 milyon qaçqın və köçkünün qayğıları ilə Azərbaycan hökuməti üz-üzə qalmışdı. 

Ona görə də dövlətimiz 2001-ci ildə AŞPA-ya üzv oldu ki, Azərbaycan həqiqətlərini dünyaya və ən başlıcası isə Qərbə çatdırmaq üçün bir platforma qazansın. 

Lakin indiki zamanda Azərbaycanın bu quruma ehtiyacı yoxdur. 

Çünki Azərbaycan son bir neçə ildə öz qlobal problemlərini həll etdi, torpaqlarımız işğaldan azad olundu, suveren hüquqlarımız bərpa edildi. Yəni BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan dövləti təkbaşına etdi. 

Ona görə də Azərbaycanın hansısa beynəlxalq təşkilatda üzv olması artıq siyasi məqsəd deyil, olsa-olsa imic məsələsidir. Hələ onu demirik ki, Azərbaycan hər il AŞPA-ya nə qədər üzvlük haqqı ödəyir. Bu gedişlə qurum Azərbaycan kimi bir donor dövləti itirəcək. Ölkəmizin itirdiyi isə ancaq quruma ayırdığı vaxtdır.

AŞPA niyə belə absurd addım atdı?

Azərbaycan bu qurumun lazımsız olduğunu çoxdan bilir, görürdü. Ona görə də 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün AŞPA-ya müraciət göndərmədi. Bundan qəzəblənən qurum da yanvarın 24-də biabırçı qərar qəbul etdi. 

Nümayəndə heyətimizin qurumda səsvermə hüququnun bir il müddətinə dondurulmasının başqa izahı yoxdur. Bunu Assambleya üzvləri də açıq şəkildə etiraf etdilər. AŞPA həm də ona görə qəzəblənmişdi ki, Azərbaycan öz addımı ilə yeni reallıqları diqtə etdi. Göstərdi ki, AŞPA və digər qurumların “tövsiyəsi” və “xeyir-duası” olmadan da demokratik seçki keçirmək olar. 

Təsadüfi deyil ki, Azərbaycandan sonra Rusiya da anoloji addım atdı. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası da martın 24-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərmədi. Bax, AŞPA-nın da qorxduğu bu idi ki, Azərbaycandan nümunə götürərək digər ölkələr də qurumu oyundankənar saxlasın. Bununla da qurumun lazımsız və nüfuzsuz bir təşkilat olması hər kəsə aydın olsun. 

Yaxın gələcəkdə nə baş verə bilər?

Yəqin ki, AŞPA təzyiqlərə tab gətirməyərək öz qərarından geri çəkiləcək və azərbaycanlı deputatların qurumdakı səsvermə hüququ bərpa olunacaq. Amma Azərbaycan AŞPA-nın uzatdığı "əli" tutacaqmı?

Bunu artıq zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO