“Mən bu dəhşətli faciə ilə bağlı sənədləri ətraflı öyrənmişəm. Ona görə də dəfələrlə demişəm ki, bu dəhşətli qətliam rəsmi olaraq Azərbaycan xalqının soyqırımı kimi tanınmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya KİV-ə müsahibəsində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransa nəşri
O bildirib ki, Xocalıda öldürülən qadınların, uşaqların və qocaların fotoşəkillərini görüb:
“Xocalıda Azərbaycanın gələcəyinin bir parçası məhv oldu. Mən bu faciəni ürəyimdə ağrı ilə qəbul edirəm. Dünya Xocalı soyqırımını tanımaq prosesindədir, artıq bir çox ölkələr bunu müxtəlif səviyyələrdə qəbul edib. Əminəm ki, zaman keçdikcə bu dünya miqyasında trendə çevriləcək. Bizim vəzifəmiz Xocalı faciəsi haqqında mümkün qədər geniş danışmaq və bunun bir daha təkrarlanmaması üçün hər şeyi etməkdir”.
Dövlət Dumasının üzvü hesab edir ki, Xocalıda baş verən faciəli hadisələr ədalətsiz yanaşma üzündən Xocalı qətliamının günahkarları hələ də cəzasız qalır:
“Fəaliyyətsizlik və laqeydlik planetin müxtəlif yerlərində daim yeni soyqırım aktlarının təkrarlanmasına gətirib çıxarır. Münaqişəyə səbəb rəsmi Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini öz respublikasına birləşdirmək qərarı olub. Xocalı qətliamına gedən yol vardı.
Qarabağın digər kəndləri - Meşəli, Malıbəyli, Qaradağlı və Ağdabanda törədilən vəhşiliklər bəşəriyyət tərəfindən cavabsız qaldığı üçün Xocalı faciəsi baş verdi.
Bununla belə bütün bunlar bizə Xocalı faciəsini soyqırım kimi qələmə verməyə imkan verir. Xocalı faciəsini “Azərbaycanın təbliğat aksiyası” adlandıran Ermənistan tərəfinin çılğın bəyanatları isə tənqidə tab gətirmir. Müxtəlif ölkələrdən - Rusiyadan, Avropadan, Amerikadan - onlarla fotoqraf və jurnalist Qarabağ münaqişəsini işıqlandırıb, erməni əsgərlərinin mülki azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirdiyini göstərən minlərlə foto və video material var.
Bütün bu faktlara adekvat hüquqi qiymət verilməlidir. Rusiya bu məsələdə həmişə Azərbaycanın tərəfində olub”.
Surxay Atakişiyev, Bizim.Media