Beynəlxalq tədbirdə Azərbaycanın Afrika qitəsinə dəstəyi xüsusi vurğulandı – FOTO  

Hazırda oxunan: Beynəlxalq tədbirdə Azərbaycanın Afrika qitəsinə dəstəyi xüsusi vurğulandı – FOTO  

179386

Fevralın 20-21-də Azərbaycanın dəstəyi ilə Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının mənzil-qərargahında Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrası və Afrikanın ticari-iqtisadi inteqrasiyasının həyata keçirilməsi ilə bağlı hibrid formatda təlim proqramı təşkil olunub. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, təlimdə Afrika ölkələrini təmsil edən 100-dən çox səfir, yüksəkvəzifəli diplomatlar və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi və Afrika İttifaqına bağlı olan Afrika Potensialın Gücləndirilməsi Fondu (APGF), həmçinin Afrika İttifaqı Komissiyasının təşkilatçılığı ilə həyata keçirilən proqramın əsas məqsədi Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin icrasının sürətləndirilməsi üçün təlim iştirakçılarını müvafiq bilik və bacarıqlarla təmin etmək olub. 
Təlim proqramının rəsmi açılış mərasimində çıxış edən Afrika İttifaqının iqtisadi inkişaf, ticarət, turizm, sənaye və minerallar üzrə komissarı Albert Muçanqa, APGF-nin icraçı katibi Mamadu Biteye, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının nümayəndəsi Stiven Karingi, eləcə də proqram iştirakçıları təlimin əhəmiyyətini vurğulayaraq baş tutması, o cümlədən Afrika İttifaqı Xarici İşlər Nazirləri Şurasının 2022-ci il 3 fevral tarixli 1160 saylı qərarının icrası üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür ediblər. 

AİDA-nın rəisi Elməddin Mehdiyev açılış nitqində Azərbaycanın Afrika dövlətləri və Afrika İttifaqı ilə əməkdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini, Afrika dövlətlərinin dayanıqlı inkişafının təmin olunması naminə qitə ölkələri tərəfindən həyata keçirilən fəaliyyətləri dəstəklədiyini vurğulayıb. Bu çərçivədə Azərbaycanın xüsusilə Qoşulmama Hərəkatına sədrliyi, eləcə də pandemiya dövründə Afrika ölkələrinə humanitar və inkişaf məqsədli yardımlar göstərdiyi, ümumilikdə 54 Afrika ölkəsindən 53-nün müxtəlif illərdə ölkəmizin yardımlarından faydalandığı vurğulanıb. 

Afrika İttifaqı Komissiyasına ev sahibliyi edən Efiopiyanın media subyektləri tədbirə böyük maraq göstərib, o cümlədən FANA televiziya kanalı tədbirin açılışını canlı yayımlayaraq Azərbaycanın dəstəyini vurğulayıb. 

Təşkilatçıların dəvəti ilə Azərbaycanın İqtisadiyyat Nazirliyinin azad ticarət zonaları üzrə mütəxəssisi Həsən Əliyev tədbirdə təlimçi qismində iştirak edib. 

Təlimin bağlanış mərasimində ölkəmizin Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında nümayəndəsi Ruslan Nəsibov həyata keçirilmiş proqramın Afrika qitəsinin birliyini, həmrəyliyini, inkişafını nəzərdə tutan azad ticarət sazişinin icrasının sürətləndirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. Azərbaycanın Afrika qitəsinin tərəqqisini daim dəstəklədiyi, bu çərçivədə 2030 və 2063 gündəliklərinin icrası üçün göstərilən beynəlxalq səylərə mümkün töhfələr verməyə davam edəcəyi nəzərə çatdırılıb. 

Qeyd edək ki, Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Saziş 2018-ci ildə imzalanıb və 2019-cu ilin mayında qüvvəyə minib. İndiyədək Sazişi biri xaric olmaqla, bütün Afrika ölkələri imzalayıb və artıq 46 ölkə tərəfindən ratifikasiya olunub. Qitədaxili ticarətin inkişafı məqsədini daşıyan sözügedən Saziş Afrika qitəsində 1,2 milyard insanı əhatə edən nəhəng bazarın qurulmasını hədəfləyir. 







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO