Ukrayna ilə Qərb arasında UÇURUM – ABŞ Zelenskinin şantajına necə CAVAB VERƏCƏK?

Ukrayna ilə Qərb arasında UÇURUM – ABŞ Zelenskinin şantajına necə CAVAB VERƏCƏK?

Hazırda oxunan: Ukrayna ilə Qərb arasında UÇURUM – ABŞ Zelenskinin şantajına necə CAVAB VERƏCƏK?

178902

Ukrayna ordusunun Avdeyevkadakı məğlubiyyətindən sonra prezident Volodimir Zelenski ABŞ-ı açıq şəkildə təhdid edib. O bildirib ki, ABŞ Ukraynaya yardımı dayandırsa, Kiyev Vaşinqtonu strateji tərəfdaş kimi görməkdən əl çəkəcək.

Nə baş verir?

Zelenskinin təhdidi maraqlıdır ki, ABŞ hökümətinin heç bir iradı ilə qarşılanmayıb. Əksinə, ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

Məsələ ilə bağlı Ağ Evin açıqlamasında deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski cəbhə bölgəsinə BAŞ ÇƏKİB - FOTO


“Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

Nəzərə alaq ki, ABŞ hökuməti cari il üçün Ukraynaya 60 milyard dollar həcmində yardım ayırıb. Lakin Konqres Ağ Evin təqdim etdiyi layihəni təsdiq etməyə hələlik tələsmir. Bu isə Ukrayna hakimiyyəti üçün ciddi sıxıntılar yaradıb. Zelenski açıq şəkildə etiraf edir ki, ABŞ vəd etdiyi maliyyə yardımını verməsə, müharibədə məğlubiyyət qaçılmaz olacaq.

Avdeyevkadakı məğlubiyyət Ukraynada və Qərbdə psixoloji sarsıntı yaradıb. 

Qərbin irimiqyaslı hərbi və maliyyə yardımları müqabilində Ukrayna ordusunun heç bir uğur qazanmaması və ən yaxşı halda müdafiə olunması ciddi suallar doğurur. Ən əsası müharibədə Ukrayna ordusunun uğur qazanmaması Qərbdəki müttəfiqləri arasında ciddi fikir ayrılığına səbəb olub. Bəzi dövlətlər hətta yardımların dayandırılması təklifi ilə çıxış edir. 

Bəzi dövlətlərsə Ukraynanın Avropa üçün artıq başağrısı olduğu qənaətindədir. Məsələn, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani hesab edir ki, Ukraynanın indiki halda NATO-ya daxil olması “hamı üçün təhlükəlidir” və bu məsələ ehtiyatlı yanaşma tələb edir:

"Bu, NATO ölkələrinin işə qarışmasına gətirib çıxarır və buna görə də bu məsələdə diqqətli olmalıyıq".

Almaniya kansleri Olaf Şolts isə deyib ki, Ukrayna ilə imzalanan təhlükəsizlik razılaşması Almaniyanın münaqişə tərəfi olması və alman əsgərlərinin döyüşəcəyi anlamına gəlmir. Qərbdə fikir ayrılığı getdikcə artır. 

Nəzərə alaq bu il həm Rusiyada, həm Ukraynada, həm də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bundan başqa, Avropa İttifaqı və Avropa Parlamentində də bu yay seçkilər olacaq. Ona görə də bəzi maraqlı qüvvələr ən yaxın zamanda cəbhədə dönüş yaratmaq istəyirlər. Münxen Təhlükəsizlik Konfransında çıxış edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel bildirib ki, Ukraynada döyüş meydanında vəziyyət 3 ay ərzində həll olunacaq.

Cozep Borel Ukraynaya yardımın artırılmasına vacib sayıb:

"Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq "Avropa seçkilərini gözləyək" və ya "daha çox təfərrüatları bilmək istəyirik" deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.

Nəzərə alaq ki, yaxın 3 ayda Ukrayna müharibədə dönüş yarada bilməsə, bu təkcə Zelenski və onun komandasının yox, həm də Qərbin bir sıra siyasi dairələrinin sonu olacaq. Ukraynanın uduzması ilk növbədə Co Baydenin və Demokratların bu payızda keçiriləcək Prezident seçkilərində məğlubiyyətinə ciddi əsaslar yaradacaq. 

Respublikaçıların hakimiyyətə gəlməsi isə Ukraynaya yaxşı heç nə vəd etmir. Çünki Donald Tramp başda olmaqla bütün Respublikaçıları bəyan edirlər ki, onlar üçün prioritet ABŞ-ın daxili sosial-iqtisadi problemləridir. 
Respublikaçılar xarici dövlətlərə hər hansı bir maliyyə yardımı etmək barədə düşünmür. Bu da o deməkdir ki, Demokratlar hakimiyyətdən getsə, Ukraynaya maliyyə yardımı dayanacaq. ABŞ yardımı dayandırsa, Qərb ölkələri də Ukraynadan əlini çəkəcək. Ona görə də həm rəsmi Vaşinqton, həm də Avropanın siyasi dairələri ən geci yaxın 3 ayda cəbhə bölgəsində əsaslı dönüş yaratmaq istəyirlər. 

Amma bu o qədər də inadırıcı görünmür. Çünki son 2 ildə Ukrayna döyüş bölgəsində heç bir uğura imza atmayıb. Ən yaxşı halda Rusiyanın resurslarını tükəndirib. Amma Qərb üçün bu yetərli deyil. Elə Zelenski üçün də. Ona görə də zamanın daraldığını anlayan Zelenski ABŞ və Avropa ilə hədə dilində danışır. O çox gözəl bilir ki, Rusiya ilə müharibədə məğlubiyyət təkcə onunun yox, çoxlarının siyasi sonu olacaq.

Di gəlki, reallıqlar bəzi adamları çox az narahat edir. Məsələn son günlər dünya Ukrayna müharibəsindən yox, Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan danışır.

Məlum olduğu kimi Münxen Təhlükəsizlik Konfransında iştirak edən Kuleba Ukrayna televiziyasının canlı yayımına siqarla çıxıb. Nazirin verdiyi poz ciddi narazılıq və iradla qarşılansa da, Kulebanın özü bu durumdan narahat deyil. Bu da onu göstərir ki, müharibə heç də hamı üçün faciə deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO