“Cənab Prezident İlham Əliyevin andiçmə mərasimində Türk dünyası ilə bağlı qurduğu cümlələr həm Azərbaycan, həm Türkiyə, həm Türk dünyası, həm Cənubi Qafqaz və Orta Asiya üçün geopolitik baxımdan son dərəcə dəyərli və önəmlidir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin terrorla mübarizə və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Ərdoğanla geniş tərkibdə görüşünün mövzusu AÇIQLANIB
Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitq zamanı Türk dünyası ilə bağlı çıxışının həyati əhəmiyyət kəsb etdiyini deyən Abdullah Ağar, Türk dünyasının Azərbaycan və Türkiyə liderliyi ilə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
“İlk dəfədir ki, bu qədər dəqiq, başadüşülən, xüsusi iradə və münasibət ortaya qoyan önəmli açıqlama idi. Bu açıqlamalar gələcəyə damğa vuracaq. Düşünürəm ki, vacib bir qərar verilib və sözügedən qərar həyata keçirilir.
Buna həm də ciddi bir ehtiyac var. Çünki dünya geopolitikasında böyük çaxnaşmalar var, qeyri-sabitlik mövcuddur.
Cənubi Qafqaz və bəşəriyyət üçün, o cümlədən enerji baxımından yaşananlar nöqteyi-nəzərindən artan bir gücə ehtiyac var. Həm beynəlxalq hüquqa xidmət edəcək, həm insanlığa xidmət edəcək, həm gələcəyə xidmət edəcək gücün meydana çıxması labüddür.
Dünyada mənfəətlər üzərinə qurulan münasibətlər fonunda meydana çıxan nəticə olduqca pis oldu. Türk dünyası Azərbaycan və Türkiyə liderliyində geopolitik və strateji yenilənmə ilə insanların gələcəyi üçün yol göstərə bilər”, - deyə A.Ağar əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media