Xəbər verdiyimiz kimi, ötən həftə Almaniyada dünyaca nüfuzlu Münxen Təhlükəsizlik Konfransı baş tutub. Bir çox ölkələrin liderlərinin və rəsmi şəxslərinin qatıldığı tədbirdə Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.
Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla ikitərəfli görüşü də baş tutub. Bu görüşdən sonra, əksər ölkələrin liderlərinin bir-biriləri ilə rəsmi müzakirələr apardığı bir vaxtda Ermənistan lideri erməni lobbisinin başbilənləri ilə bir araya gəlib.
MÖVZU İLƏ BAĞLI:
Münxendə qazanılan DİPLOMATİK ZƏFƏR – Azərbaycan irəli, Qərb geri addım ATDI – TƏHLİL
Bir gündə 180 dərəcə dəyişən mövqe
Maraqlı məqam isə bundan ibarətdir ki, Ermənistan Baş naziri İlham Əliyevlə müzakirələr zamanı sülhdən, münasibətlərin normallaşmasından söz açıb. Lakin erməni icması ilə görüşdə Paşinyanın mövqeyi 180 dərəcə dəyişib. Ermənistan Baş naziri sülh ritorikasını bir kənara qoyub, bir neçə saat əvvəl büründüyü “sülh göyərçini” obrazından çıxaraq, əsl simasını göstərib.
Nikolun Avropadakı soydaşları ilə görüşdə səsləndirdiyi açıqlamalar üstüörütülü şəkildə sülhə təhdid mesajları ilə zəngin olub. Belə ki, Paşinyan Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu söyləməkdən çəkinib. Bunun yerinə, yalnız “beynəxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün iddiaların davam etdirilməsinin ağılsız hərəkət olduğunu” bildirib.
Ərazi iddialarının etirafı
Əvvəla, onu qeyd edək ki, Cənubi Qafqazda normallaşmanın əldə olunması, sülh sazişinin imzalanması üçün əsas faktor ərazi iddialarının sona çatmasıdır. Məhz bu səbəbdən Azərbaycan tərəfi rəsmi qaydada Ermənistan konstitusiyasında dəyişikliklərin olmasını vacib hesab etdiyini açıqlayıb.
İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi fikirlər də bunu sübut edir:
“Əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”.
Təbii ki, Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsinin vacibliyi birbaşa olaraq ərazi iddialarına əsaslanan müddəaların mövcudluğu ilə bağlıdır.
Ancaq Paşinyanın son açıqlamasından da göründüyü kimi, Ermənistan lideri ərazi iddialarından imtina etmək niyyətindən uzaqdır. Onu yalnız beynəlxalq birliyin təzyiqi, daha doğrusu ağalarının əmrləri maraqlandırır. Bu, həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.
Paşinyanın belə danışmasının səbəbi nədir?
Nikolun Qərbdə, erməni lobbisi ilə görüşdə bu formada açıqlama verməsi heç də təsadüfi deyil. Çünki Ermənistan hakimiyyəti faktiki olaraq Qərbdən, ölkənin iqtisadiyyatı isə diasporun yardımlarından asılıdır. Ona görə də, Nikol ərazi iddialarından danışarkən maksimum qaydada “nə şiş yansın, nə kabab” prinsipi ilə davranamağa çalışıb.
Nikol əvvəla Qərb platformasında bu cür çıxışlar etməklə beynəlxalq güclərə onların sözlərinə əməl etdiyi mesajını çatdırmağı planlaşdırıb.
Paşinyan erməni lobbisinə “günahsızlığını” sübut etmək məqsədi güdür. Məlum olduğu kimi, erməni diasporu əsasən faşist təfəkkürü ilə seçilir. Onlar üçün Ermənistanın aktiv münaqişə iştirakçısı olması olduqca vacibdir. Diaspor üzvləri məhz bu yolla özlərini Qərbə “qurban” obrazında sırımağa çalışırlar. Paşinyan da bunu nəzərə alıb, günahı beynəlxalq güclərin üzərinə atmaqla, faktiki olaraq özünü hədəfdən yayındırır.
Bununla birlikdə, Ermənistan Baş naziri həm də diasporu Qərb hakimiyyətlərinə qarşı təzyiqləri artırmağa təhrik edir.
Nikolun mənasız cəhdləri
Göründüyü kimi, Paşinyan “bir daşla bir neçə quş vurmağa” çalışır. O həm ərazi iddialarını davam etdirir, həm beynəlxalq güclərə çağırış edir, həm də özünü sudan quru çıxarmağa çalışır.
Ancaq bu cəhdlər nəticəsizdir. Çünki Ermənistanı işıqlı gələcəyə çıxarmaq üçün Paşinyanın “özündən Amerika kəşf etməyə” ehtiyacı yoxdur. Bu cür oyunların da faydası yoxdur. Nikol ölkəsini ağ günə çıxarmaq istəyirsə, sülhdən qaçmaq üçün bəhanələr axtarmaq yerinə Azərbaycanla qarşılıqlı şəkildə masaya oturmalıdır.
Əks təqdirdə, nə beynəlxalq güclər, nə də erməni diasporu İrəvanı düşdüyü bataqlıqdan çıxara biləcək. Üstəlik, Ermənistan ərazi iddialarını reallığa çevirmək üçün təxribatlara əl atsa, nəticə daha da acınacaqlı olacaq.
Murad Əhmədov, Bizim.Media