Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.
Bizim.Media xəbər verir ki, Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirib, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə edib.
Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.
Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.
Görüşdə, həmçinin regional məsələlər müzakirə olunub. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.
Bizim.Media