Ermənistanın siyasi hakimiyyəti ikili oynamaqda davam edir. Dildə sülhdən danışan rəsmi İrəvan əməldə sülhdən hələ çox uzaq olduğunun təsdiqləyir. Fevralın 12-də şərti sərhəddə törədilən təxribat təkcə onu sübut etmədi ki, Ermənistan sülhə hazır deyil.
Bu olay həm də onu sübut etdi ki, Ermənistanda kifayət qədər gücə malik hərbi müxalifət var. Onlar Paşinyanın istənilən planını və razılaşmasını poza bilər. Necə ki, bir neçə aydır davam edən atəşkəsi "Yerkrapa" terrorçu qruplaşması fevralın 12-də pozdu.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan anklavlarla bağlı sərsəm açıqlama: "Son mərhələdə həll olunsun"
Terror təşkilatı təkcə atəşkəsi pozmadı, həm də davamlı sülhə olan inamı ciddi şəkildə zədələdi.
Əgər Ermənistan Azərbaycanla şərti sərhəddə terror təşkilatı saxlayırsa, belə vəziyyətdə davamlı sülhdən necə danışmaq olar?! Axı, bu qruplaşmanın ipi Paşinyanın yox, xaricdəki güclərin əlindədir. Belə vəziyyətdə Ermənistan xaricdən idarəolunan terror təşkilatlarının fəaliyyətinə göz yumursa və yaxud onunla bacarmırsa, onda hansı təminatdan danışıla bilər?!
Nəzərə alaq ki, törədilən təxribatda məsuliyyəti və günahı Ermənistanın siyasi hakimiyyəti öz üzərinə götürüb. Amma bu hələ hər şey demək deyil. Hələ ki, günahkarlar cəzalandırılmayıb.
"Yerkrapa" terrorçu qruplaşması hələ də Azərbaycanla şərti sərhəddə bədnam fəaliyyətini davam etdirir.
Nikol Paşinyansa ölkəsindəki hərbi müxalifəti və terror qruplaşmalarını ləğv etmək əvəzinə, sülh sazişinin detallarından danışır. Üstəlik, erməni baş nazir hər zaman olduğu kimi yenə də saziş layihəsinə “mız” qoyur. Sonuncu açıqlamasında o bildirib ki, 8 anklavın aqibəti məsələsi sülh sazişindən sonra müzakirə edilməlidir.
Niyə?
Axı, sülh sazişi hər iki ölkənin ərazi bütövlüyünün və suveren hüquqlarının tanınması əsasında formalaşır. Əgər Azərbaycanın torpağı olan 8 kəndi Ermənistan öz işğalı altında saxlayırsa, o zaman hansı sülhdən danışmaq olar?! Ümumiyyətlə, hansı haqla Ermənistan Azərbaycanın 8 kəndinə sahib çıxır?!
Təbii ki, bu suallara aydınlıq gəlməyincə hansısa sülh sazişindən danışmaq mümkünsüzdür. Amma Paşinyan danışır. Bu da onu sübut edir ki, Nikol sülh istəmir, yalnız siyasi manipulyasiya ilə məşğul olur. O bu və digər bəhanələrlə sülh sazişinin imzalanmasını uzadır. Daha doğrusu, onu buna məcbur edirlər.
Paşinyan manipulyasiya ilə məşğul olduğunun fərqindədir. Ona görə də arada-sırada xırda gedişlər edir. Azərbaycanın qəzəbindən sığortalanmaq üçün müəyyən addımlar atır.
Məsələn, son 30 ildə Ermənistan rəsmi şəkildə ilk dəfə atəşkəsin onlar tərəfindən pozulduğunu etiraf edib. Hardasa bunu da uğur saymaq olar. Çünki zaman-zaman ermənilər pozduqları atəşkəsin məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışıblar. Daha doğrusu xarici güclərdən belə tapşırıq alıb.
Təbii ki, bu dəfə də atəşkəsi ermənilər pozdu…
Özü də xarici havadarların göstərişi ilə. Amma Azərbaycanın adekvat cavabından qorxuya düşən rəsmi İrəvan məsuliyyəti öz üzərinə götürdü. Bu da onu göstərdi ki, Ermənistan Qərbin göstərişlərini icra etsə də, Azərbaycanın qəzəbindən çox qorxur. Ona görə də vəziyyətin daha da gərginləşməməsi üçün günahını etiraf edir.
Amma bu tip etiraflar onu göstərir ki, Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq üçün özündə güc tapa bilmir. Daha doğrusu, bəzi güclər rəsmi İrəvanı bu addımı atmaqdan çəkindirir. Bədnam qüvvələrsə bəllidir. Bunlar Fransa və bəzi Qərb dövlətləridir.
Qərb Cənubi Qafqazda sülh olmasını qətiyyən istəmir.
Əksinə, Qərb müharibəni təşviq edir. Fransa, ABŞ və digər ölkələr açıq şəkildə Ermənistana hərbi yardımlar edirlər. Üstəlik, Qərbin Ermənistan-Azərbaycan şərti sərhədinə göndərdiyi 400-dən artıq müşahidəçinin nəylə məşğul olduğu da tam açıqlanmır.
Amma yaranan təəssürat ondan ibarətdir ki, “müşahidəçilər” daha çox atəşkəsin pozulmasında maraqlıdırlar. Onların ən çox istədiyi də odur ki, atəşkəs Azərbaycan tərəfindən pozulsun.
Bütün bunlar onu sübut edir ki, Paşinyan ciddi şəkildə Qərbin təzyiqi altındadır. Erməni baş nazir vəziyyətdən daha az itki ilə çıxmaq üçün zaman qazanmaq istəyir. İndiki məqamda, Paşinyan sülh sazişini imzalasa, onda Qərb onun “qələmini qıracaq”. Sülh sazişinin hər dəfə təxirə salınması isə Ermənistanı daha çox itkilərə məruz qoyur.
Bəs, Paşinyan hansı yolu seçəcək?
Erməni baş nazir kreslosunu qoruyacaq, yoxsa Ermənistanın milli və dövlət maraqları üçün sülh sazişini imzalayacaq?
Bunu artıq zaman göstərəcək…
Surxay Atakişiyev, Bizim.Media