Qəzzada toqquşan MARAQLAR – Müttəfiqləri İsraildən ÜZ ÇEVİRİR?

Hazırda oxunan: Qəzzada toqquşan MARAQLAR – Müttəfiqləri İsraildən ÜZ ÇEVİRİR?

177773

İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə doğru irəliləmək cəhdi müttəfiqi ABŞ daxil olmaqla, Misirin də ciddi narahatlığına səbəb olub. Bu fonda da Vaşinqton və Qahirə Təl-Əvivə xəbərdarlıq edib. 

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Netanyahudan MESAJ: “İsrail ordusunu Qəzzadan çıxarmayacaq”


O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb:

“İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik”.

"Associated Press" isə Misir rəsmilərinə istinadən məlumat verir ki, Qahirə Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə Kemp-Devid (İsrail-Misir sülh müqaviləsi) razılaşmasını poza bilər.

“Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra Kemp Devid razılaşmasını dayandırmaq təhlükəsi yaranıb", - deyə məlumatda qeyd olunub. 

Görünən odur ki, Rəfaha hücumla bağlı ABŞ və Misir İsrailə təzyiq etməyə çalışır. İsrail baş naziri Netanyahu Rəfaha hücumun zəruri olduğunu deyir. Misir bu baş verərsə, İsraillə sülh müqaviləsini ləğv edəcəyini, ABŞ-da yardımları dayandıracağını bəyan edir. 

Yaranmış vəziyyətdə Yaxın Şərqdə münaqişənin gedişi necə dəyişə bilər? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında konfliktoloq Azər Hüseynov bildirir ki, İsraillə bağlı Misirdən hansısa bir hərbi addım gözləmək yersizdir: 

“Çünki Mursinin hakimiyyətdən salınmasının əsas səbəblərindən biri onun Qəzza ilə bağlı mövqeyi idi. Sisi Amerika dəstəyi ilə hakimiyyətə gəlmiş birisidir. Ona görə onun Amerikanın vasitəçiliyi ilə əldə edilmiş Kemp Devidi pozması mümkünsüzdür”. 

Ekspertin fikrincə, Amerika Netanyahunun son hərəkətlərindən öz beynəlxalq imicinə görə narahatdır: 

“Ona görə də narahatlığını ifadə edib. Münaqişənin gedişatını dəyişmək heç bir ərəb dövlətinin əlində deyil. Bu bölgədə hər hansı bir dəyişiklik qlobal düzəni poza bilər. Ona görə bütün oyunçular ehtiyatla davranırlar. İsrail isə faktiki olaraq ordu ilə istədiyini edə bilmir”.

Həmsöhbətimiz qeyd edir ki, bu cür xəbərdarlıqların prosesə ciddi təsirləri olmayacaq, ancaq kosmetik təsirləri ola bilər:

“Münaqişə ancaq Netanyahunun istefası fonunda dayana bilər. Netanyahu hazırda özünü dalana salıb. Onun yerinə başqası gəlsə "nəfəslik" periodu uzana bilər. Əks halda çətin. Bu da İsrailin dərin dövlətindən asılıdır: Netanyahu getsinmi, yoxsa qalsınmı?”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO