"Seçkilərin təşkili çox yüksək qiymətə layiqdir. Biz də çox yüksək seçici fəallığını müşahidə edirik. Mən beynəlxalq müşahidəçi kimi artıq üç seçki məntəqəsində olmuşam və görürəm ki, səhər hər yerdə səs vermək istəyənlərin növbələri yaranıb. Azərbaycan vətəndaşları seçki prosesinə böyük maraq göstərirlər”.
Bizim.Media xəbər verir ki, bunu Bakıda səsvermə prosesinin monitorinqində iştirak edən Milli Müdafiə jurnalının baş redaktoru, politoloq İqor Korotçenko “vestnikafkaz.ru” saytına açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Seçkiləri Laçında müşahidə edən türkiyəli jurnalistdən EKSKLÜZİV VİDEO
O bildirib ki, seçki komissiyalarının dəqiq işini qeyd etmək lazımdır:
“Hər şey çox yaxşı təşkil olunub. Səsvermə bülletenlərində bütün nəzarət prosedurlarına ciddi əməl olunur. Hesab edirəm ki, Azərbaycanı tənqid etməyə çalışan bir çox ölkələr üçün indiki seçkilər bir nümunə olmalıdır. Demokratik prosedurlara uyğunluq, şəffaflıq və səsvermə prosesinin hüquqi təmizliyi baxımından bu 7 fevral seçkiləri bir modelidir”.
Politoloq əlavə edib ki, vətəndaşların fəallığı obyektiv səbəblərdən qaynaqlanır:
"Bu gün Azərbaycan vətəndaşları öz gələcəyinə səs verirlər. Ona görə də indiyədək görünməmiş yüksək fəallıq var. Mən müşahidəçi kimi işlədiyim heç bir seçkidə belə böyük fəallıq görməmişəm. İnsanlar başa düşürlər ki, ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə seçkilərin keçirilməsi əlavə stimuldur”.
Surxay Atakişiyev, Bizim.Media