İslamofobiyanın pik həddə olduğu ÖLKƏ – Onlar niyə müsəlmanlara NİFRƏT EDİRLƏR?

İslamofobiyanın pik həddə olduğu ÖLKƏ – Onlar niyə müsəlmanlara NİFRƏT EDİRLƏR?

Hazırda oxunan: İslamofobiyanın pik həddə olduğu ÖLKƏ – Onlar niyə müsəlmanlara NİFRƏT EDİRLƏR?

176664

Polşa müsəlmanların ən az yaşadığı Avropa ölkəsidir. Hazırda ölkə əhalisinin vur-tut 0,1 faizi müsəlmanlardır. 

Bəs, nəyə görə Polşada müsəlmanlar bu qədər azdır?

Sualın uzun izahı var. Amma qısa cavab odur ki, polyaklar müsəlmanları nəinki sevmir, hətta onlara ifrat dərəcədə nifrət edirlər. Ona görə də Polşa qanunvericiliyi son 100 ildə müsəlmanların bu ölkəyə axınını ən sərt şəkildə qadağa edib. Bu da onunla bağlıdır ki, polyaklar Polşanı “Xristianlığın qalası” hesab edirlər. Ona görə də polyaklar təkcə öz ölkələrinə deyil, hətta digər Avropa ölkələrinə müsəlmanların gəlişinə qarşı çıxırlar. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazir: “Azərbaycan qlobal təşəbbüslər vasitəsilə dinlərarası dialoqu ardıcıl surətdə təşviq edir”


Hazırkı Polşa qanunvericiliyi Yaxın Şərq və Afrikadan olan müsəlmanların qəbuluna qarşıdır. Ümumiyyətlə, polyak  radikalları fərqləndirən cəhət onların barışmaz millətçilik baxışlarıdır. Onlar hesab edir ki, Polşa yalnız polyaklar üçündür. 

Hazırkı islamofobiyanın dərin kökləri var

Millətçi radikallar Polşa tarixinin bir məqamını əsas tuturlar. Onların düşüncəsinə görə Avropanın islamlaşması təhlükəsi ilk dəfə 1683-cü ildə Polşa-Avstriya ordusunun türkləri məğlub etdiyi Vyana döyüşündən sonra aradan qaldırılıb. O zamandan etibarən Xristianlığın qalası kimi Polşa mifi (antemurale Christianitas) bu qələbə ətrafında qurulub. 

Ötən 400 ildə polşalıların müsəlmanlara nifrəti nəinki azalmayıb, əksinə artıb. Nəzərə alaq ki, son illər Polşanın siyasi hakimiyyəti əsasən “sağçı”ların əlində olub. Xristian “sağçı”larınsa müsəlmanlara münasibəti bəllidir.

Polşada nə qədər müsəlman yaşayır?

Polşada müsəlmanların sayı 50 min civarındadır. Polşan əhalisinin sayı isə 40 milyona yaxındır. Əhalinin 89 faiz xristian, 0,13 faizi müsəlman, qalan hissəsi isə digər inanclı insanlardır.

Polşaya ilk müsəlmanlar XIV əsrdə o vaxt Polşa ilə birləşmiş Litva Böyük Hersoqluğu zamanında gəlib.

Həmin ilk müsəlmanlar Qızıl Ordadan olan tatarlar idi. 1500-cü illərin əvvəlindən 1980-ci illərə qədər Polşada həmin tatarların nəsilləri yaşayıb. Həmin illərdən başlayaraq, digər müsəlmanların Polşaya gəlişinə “qırmızı işıq” yandırılıb. 

Onu da qeyd edək ki, son 500 ildə Polşada müsəlmanlara çox az hüquq tanınıb. Hətta bir neçə yüz ildə Polşada yaşayan müsəlmanlara əmlak almaq üçün ağır şərtlər qoyulub. Məqsədsə o idi ki, müsəlmanlar Polşadan köçüb getsinlər.

Qeyd edək ki, Polşa əhalinin artım sürətinin ən aşağı olduğu ölkələrdəndir. Əhalinin artım sayındakı problem işçü qüvvəsinin çatışmazlığına səbəb olur. Bununla belə polyaklar əmək miqrantlarına da isti yanaşmırlar. Amma miqrantlar qeyri-müsəlman olanda durum dəyişir.

İctimai Rəyin Öyrənilməsi Mərkəzi (CBOS) bu yaxınlarda sorğu keçirib. Sorğu iştirakçılarının 56 faizi Ukraynadan olan qaçqınların qəbuluna pis baxmır. Bununla belə polyak respondentlərin 62 faizi müsəlmanlara, xüsusən də ərəblərə nifrət etdiyini, 15 faizi biganə olduğunu, 10 faizi isə müsbət münasibət bəslədiyini bildirib. 
Ümumiyyətlə, polyaklar müsəlmanları dözümsüz, assimilyasiya olmaq istəməyən və zorakılığı dəstəkləyən toplum kimi xarakterizə edirlər. Eyni zamanda, polyakların təxminən 40 faizi müsəlmanların əksəriyyətinin terror hücumlarına meyilli olduğunu düşünür. Bəzi siyasətçilər hesab edir ki, müsəlmanları qarşılamaq Polşaya mədəni zərər verəcək. Onların fikrincə, mədəni fərqlər Polşada müsəlmanların assimilyasiyasını çətinləşdirir və ya hətta qeyri-mümkün edir. 

Dinin və Katolik Kilsəsinin rolu

İslam və Xristianlığın mövcud uyğunsuzluğunda Polşadakı Katolik Kilsəsinin  mühüm rolu var. Nəzərə alaq ki, Kilsə Polşada hələ də kifayət qədər mənəvi nüfuza malikdir. Polyakların 92 faizi özlərini mömin hesab edir. Məsələn, Roma Papası Fransisk Ərəbistan yarımadasına tarixi səfəri zamanı Əl-Əzhərin Böyük İmamı ilə qardaşlıq bəyannaməsi imzalayanda, bir radikal polşalı bu hadisəni “böyük bir fahişənin doğulması” adlandırmışdı. 

Yada salaq ki, Polşada hər il yanvarın 26-da “Katolik Kilsəsində İslam Günü” kimi qeyd edilir. Bu “Gün”ün təşəbbüskarları “dinlərarası dialoqun satanizmə apardığını” iddia edir. Bunu “eku-manyak hadisə” və ya “ekumenizmin bidəti” kimi qiymətləndirirlər.

Polyaklar İslamı niyə çərçivəyə salmaq istəyirlər?

Polşada ifrat sağçı tərəfdarlar arasında İslam stereotipləri qəbul edilmir. Polyakların çoxunda İslam özlüyündə bir din kimi deyil, dindarların həyat tərzini və baxışlarını müəyyən edən siyasi ideologiya kimi başa düşülür. Xüsusən də, cihad anlayışından polyaklar çox qorxurlar. 

Polşanın müsəlman əhalisinin nisbətən az olmasına baxmayaraq, başqa yerlərdə müsəlmanların yüksək artım templəri bəzi polyaklarda müsəlmanların hökmranlığına tabe olmaq qorxusu yaradır. Hətta bəziləri Polşada müsəlman icmaların demokratik yolla hakimiyyəti ələ keçirmək təhlükəsindən narahatlıq keçirirlər. 

Bir neçə il Misirdə yaşayan və İslamı qəbul etmiş polyak Piotr Kalvas hesab edir ki, İslamın ərəb versiyasında qeyri-demokratik və qadınlara qarşı qəddar kimi təqdim edilən cəmiyyət polyakları qorxudur. 

Bununla belə Kalvas müsəlmanların Avropaya kütləvi miqrasiyasını proqnozlaşdırır və Avropanın islamlaşacağına inanır. 

Amma radikal polyaklar hesab edir ki, Polşada müsəlman əhalinin sayının artması terror təhlükəsi yarada bilər. Ona görə də bütün rəy sorğuları göstərir ki, polşalılar, ümumilikdə, müsəlmanlara qarşı xoşagəlməz münasibət bəsləyir. Onlar Yaxın Şərq və Afrikadan olan qaçqınların qəbuluna qarşıdırlar.  
Polyakların müsəlmanlara qorxunc yanaşması təkcə iqtisadi və sosial problemlə bağlı deyil. Bunun həm dərin dini əsasları var. Bu isə polyakların İslam dəyərlərinə baxışındakı dərin uçurumla bağlıdır. Polyakların İslam düşüncəsi görünməyən və təbliğ edilməyən İslam dəyərləri ilə deyil, təqdim edilən  terrorçu və cahil “müsəlman” görüntüsü ilə formalaşıb. Bu formulu dağıtmaqsa ən azından uzun zaman tələb edir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO