Bu günlərdə Belçikanın paytaxtında keçirilən Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumu ilə bağlı Avropa Komissiyasının bəyanatı qəbul olunub.
Bəyanatda, Asiya ilə Avropanı birləşdirəcək və Cənubi Qafqazı birləşdirəcək yeni nəqliyyat xəttinin yaradılması ilə bağlı məsələlər öz əksini tapıb.
Bildirilir ki, Avropa İttifaqı Rusiyadan yan keçməklə, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 mlrd. avroya qədər investisiya cəlb etmək niyyətindədir. Hazırda Brüssel bu məqsədlər üçün Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) iki kredit xətti şəklində cəmi 2.97 mlrd. avro ayırmağa hazırdır.
Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa və Asiya arasında Rusiyadan keçməyən alternativ etibarlı ticarət yollarının tapılmasında xüsusi aktuallıq var:
“Aİ mövcud və planlaşdırılan investisiyaların qarışığı olan 10 mlrd. avroya qədər investisiya cəlb etmək niyyətindədir. Avropa İnvestisiya Bankı bu gün Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə Avropa Komissiyasının zəmanəti ilə 1.47 mlrd. avro məbləğində kreditlərin ayrılmasına dair anlaşma memorandumu imzalayıb.
Daha sonra Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanla 1.5 mlrd. avroluq kredit xəttinə dair anlaşma memorandumu imzalayacaq”.
“Nəqliyyat yolları üzərində təsir imkanları olan tərəf öz maraqlarını təmin edir”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib ki, müasir dövrdə dünyanın ayrı-ayr güc mərkəzləri nəqliyyat-logistika dəhlizləri üzərində öz təsir imkanlarını artırmağa çalışırlar.
Bunun artıq bir tendensiyaya çevrildiyini söyləyən deputatın sözlərinə görə, tarix boyu hansı siyasi mərkəzin nəqliyyat yolları üzərində təsir imkanları olubsa, o da öz maraqlarını təmin edə bilib:
“Hazırda Rusiya ilə Qərb arasında münasibətlər qırılma nöqtəsindədir. Avropa isə istehlak bazarlarının təchizatı üçün yeni yollar axtarışındadır. Beynəlxalq aləmdə nəqliyyat imkanlarının genişləndirilməsi zamanı geosiyasi baxış nümayiş olunmaqdadır.
Qərbin əsas istəyi ondan ibarətdir ki, bazarlarının təchizatına aparan yollar Rusiyanın nəzarətindən kənarda qalsın. Belə düşünülür ki, bununla da Kremlin Avropa üzərində təsir imkanlarını azaltmaq olar. Artıq bu ölkənin enerji daşıyıcılarından imtina etməyə başlayıblar. Bunlar da təkcə iqtisadi cəhətdən deyil, həm də siyasi və geosiyasi cəhətdən əsaslandırılan yanaşmalardır”.
Avropada çox ciddi iqtisadi böhran yaranıb
Müsahibimiz vurğuladı ki, Rusiya ilə Avropa arasında əlaqələrin kəsilməsi ilə yaşlı qitədə çox ciddi iqtisadi böhran yaranıb və hələ də davam edir:
“Artıq bir neçə ölkədə, xüsusilə də Fransada, Almaniyada və kənd təsərrüfatının inkişaf etdiyi digər ölkələrdə baş verən etiraz aksiyaları böhranın dərinliyini sübut edir. Bu baxımdan “Orta Dəhliz” layihəsi də Avropanın geosiyasi və geostrateji yanaşmasının nəticəsində yaranıb”.
Bölgədə geosiyasi toqquşmalar baş verə bilər
Orta Asiya dövlətlərinin Transxəzər layihəsinə cəlb olunmasına gəlincə, deputat hesab edir ki, bu, bölgədə geosiyasi toqquşmalarla müşayiət oluna bilər:
“Ancaq bir yol başqa bir yolun əhəmiyyətini azaltmaq gücündə deyil. Yaxın gələcəkdə bu dövlətlər Orta Dəhliz layihəsində iştirak etsələr belə, bir vaxtlar mövcud olmuş layihələrdən də tam kənarda da qalmaq istəməyəcəklər. Bu da onların həm regional əməkdaşlıq siyasətindən, həm də digər münasibətlər sistemindən irəli gəlir.
Bu dəhliz layihəsinin həyata keçirilməsi istiqamətində də əsas təşəbbüslərin genişləndirilməsi vacibdir. Bu da nəqliyyat-logistika xətlərinin artırılmasına xidmət edə bilər. Bununla belə, iqtisadi, siyasi və digər cəhətlərdən layihənin tez bir vaxtda gerçəkləşdirilməsi barədə düşünmək hələlik tezdir”.
Ölkəmiz beynəlxalq yükdaşımalarında əsas mərkəzə çevrilir?
Deputat vurğulayıb ki, Azərbaycan malik olduğu nəqliyyat infrastrukturu ilə bütün diqqəti öz üzərinə cəlb etməkdədir:
“Eyni zamanda ölkəmiz Avropa bazarlarına unikal çıxış imkanlarını təqdim edir və öz üzərinə düşən işləri böyük məsuliyyətlə yerinə yetirir. Rəmi Bakının digər təşəbbüsü isə tarixi İpək Yolunun mühüm bir hissəsinə çevrilməkdə olan Zəngəzur dəhlizinin çəkilməsi və işə salınması ilə bağlıdır. Bu da Türkiyə üzərindən Avropa bazarlarına yeni çıxış imkanlarını təmin edəcək.
Nəqliyyat-logistika infrastrukturlarının genişləndirilməsi və dünya bazarlarına aparacaq alternativ yolların çoxluğu bütün hallarda iqtisadi və təhlükəsizlik baxımından çox əhəmiyyətlidir. Hazırda ölkəmiz kifayət qədər mühüm əhəmiyyətə malik Şimal-Cənub nəqliyyat dəhlizinin vacib iştirakçılarından biridir”.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 31.01.2024
Orta Dəhliz uğrunda MÜBARİZƏ GENİŞLƏNİR – “Geosiyasi toqquşmalar baş verə bilər”
Hazırda oxunan: Orta Dəhliz uğrunda MÜBARİZƏ GENİŞLƏNİR – “Geosiyasi toqquşmalar baş verə bilər”
Hazırda oxunan: Orta Dəhliz uğrunda MÜBARİZƏ GENİŞLƏNİR – “Geosiyasi toqquşmalar baş verə bilər”
175921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.