“ABŞ demokratiyası”nın ƏSL ÜZÜ – Bayden Trampın hakimiyyət yolunu NECƏ KƏSİR?

“ABŞ demokratiyası”nın ƏSL ÜZÜ – Bayden Trampın hakimiyyət yolunu NECƏ KƏSİR?

Hazırda oxunan: “ABŞ demokratiyası”nın ƏSL ÜZÜ – Bayden Trampın hakimiyyət yolunu NECƏ KƏSİR?

175650

ABŞ ən azından son 35 ildə dünyaya demokratik ölkə, fikir və söz azadlığının vətəni kimi təqdim edilib. Təəssüf ki, çoxlarını bu yalana inandırmaq da mümkün olub.

Bəzilərinin isə ABŞ-la bağlı həqiqətləri deməyə cəsarəti çatmayıb. Bir qisim adamlar okeanın o tayından gələn iqtisadi-siyasi dəstəyə, bəziləri isə sadəcə reallıqdan uzaq olduğu və müqayisə aparmaq üçün alternativ məkan tapmadığı üçün zaman-zaman ABŞ-ı yerli-yersiz tərifləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden yenə səhv etdi: Bu dəfə Trampı öz professoru adlandırdı – VİDEO  


Amma sosial media üzərindən aparılan sosiallaşma göstərdi ki, ABŞ-da heç də “qurdla quzu eyni yerdə otlamır”. Bu ölkənin çoxlarımızın görə bilmədiyi çirkin üzü varmış.

ABŞ-da hakimiyyətin mənbəyi xalq deyil

Bu “nağıllar” ölkəsində hakimiyyətin mənbəyi puldur. ABŞ-da pulun aça bilmədiyi qapı yoxdur. Hətta Amerika qanunları pulla lobbiçiliyə icazə verir. Yəni ixtiyari deputat və siyasi xadim “qonorar” müqabilində istənilən ölkəni və yaxud hansısa təşkilatı müdafiə edə bilər. Bu ölkədə prezidentin pul gücünə seçilməsinə pis baxılmır. Hansısa milyarder istədiyi adamı hansısa ştata qubernator da seçdirə bilər. Hazırda ABŞ Konqresinin bütün üzvləri bu və ya digər şəkildə hansısa milyarderin pul kisəsindən asılıdır. 

ABŞ-da demokratiyanın olmamasının daha bir göstəricisi ölkənin iki partiya tərəfindən idarə edilməsidir. Demokratlar və Respublikaçılar partiyaları ABŞ-da əsas söz sahibləridir. 

Bu partiyalar arasında “centlmen” razılaşma var. İcra orqanı Demokratların əlində olanda qanunverici orqan Respublikaçıların nəzarətində olur. Hər iki partiya üzdə bir-birinə əzəli rəqib kimi görünsə də, reallıqda eyni mərkəzdən idarə edilirlər. Bir sözlə Demokratlar və Respublikaçılar bir medalın 2 üzüdür. Bu partiyaların üzvü olmayan istənilən şəxs ABŞ-da nəinki prezident, heç aktiv siyasətçi ola bilməz. Yəni hər şey vahid mərkəzdən idarə olunur. 

Maskalanmağı isə yaxşı bacarırlar

Amma bir məsələ var ki, Amerikada yüksək peşəkarların toplandığı imicmeykerklər var. Bu imicmeykerlər cəmi bir aya istənilən admı ABŞ-ın “№1” siyasətçisi edə bilir. Necəki, Bayden kimi təsadüfi şəxs prezidentlik kürsüsünə sahib çıxa bilib.

ABŞ-da idarəçiliyindəki daha bir nöqsan isə hər seçkidə ortaya atdıqları “innovativ metodlar”dır. Məsələn, ilk dəfə ABŞ-da səsvermə poçt vasitəsi ilə aparıldı. Poçt üzərindən aparılan səsvermə nə qədər obyektiv və şəffaf ola bilər?! Çünki istənilən şəxsin məlumatları müvafiq dövlət qurumlarında var. Ona görə də vətəndaşın xəbəri olmadan elektron məlumat bazasına istinadən istənilən şəxs və şəxslər adından səsvermə aparıla bilər. 

Bundan başqa son iki prezident seçkilərində xeyli sayda səslərin düzgün hesablanmaması faktları üzə çıxdı. Lakin bu faktlar sona qədər araşdırılmadı.

Maraqlıdır ki, ABŞ-da seçkilərin son və əsas mərhələsində iki namizəd mübarizə aparır. 
Təbii ki, onlardan biri demokratları, digəri isə respublikaçıları təmsil edir. Bununla belə  seçki prosesində, ortaya o qədər utandırıcı məqamlar çıxıb ki, hətta ölkənin imici şübhə altına alınır.

Məsələn vaxtilə respublikaçı Donald Trampla bağlı qeyri-adi faktlar açıqlandı. Bunun fonunda isə Hillari Klinton tərəfdarları bəzi hallarda seçicilərə qəribə və əxlaqsız təkliflər edirdilər. Bu da o deməkdir ki, Amerikada seçki təbliğatı çox qüsurlu gedir. 

Mütəxəssislər, eyni zamanda, ölkə qanunvericiliyindəki nöqsanlara da diqqət yönəldirlər. Onlar həmin çatışmazlıqların əsrlərdir mövcud olduğunu, heç kimin də onları yeniləşdirmək istəmədiyini vurğulayırlar. Lakin rəsmi Vaşinqton başqa dövlətlərə seçki ilə bağlı iradlar tutur, onları sanksiyalarla hədələyir. 

Bu paradoksal vəziyyət ABŞ-ın özünün imicinə ciddi zərbə vurur. Ona görə də artıq ABŞ-a olan etibar itib. Bütün bu reallıqların fonunda builki seçki demokratiya aspektində kifayət qədər ziddiyyətli təsir bağışlayır.

ABŞ-da seçkilər niyə nöqsanlıdır?

Mütəxəssislər, ümumiyyətlə, Amerikada seçki qanunvericiliyinin nöqsanlı olduğunu vurğulayırlar. Elə hallar olur ki, xalqın daha çox səsini qazanmış namizəd deyil, məhdud sayda seçici kollegiyasının dəstəyini əldə edən qalib hesab olunur. 

Bu hal sonuncu dəfə Albert Qor-Corc Buş yarışmasında qeydə alınıb. O zaman Albert Qor xalqın səsini qazanıb, seçici kollegiyası və ABŞ qanunvericiliyi isə üstünlüyü ikinciyə verib. Bu, demokratiyanın kökündən pozulmasıdır. Hətta burada söhbət sifarişli seçkidən də gedə bilər. Belə ki, ölkə üzrə əhalinin səsinin çoxunu əldə edən adam hansısa "gizli əl"in onun yolunu seçki kollegiyasında kəsməyəcəyinə əmin deyil. Görünür, bu kollegiya məsələsi də məhz həmin variant üçün "icad" edilib.

Məsələ bununla bitmir. 

Seçki qaydalarının özündə süni əngəllər yaradılıb. Deyək ki, ABŞ-da hər vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir – bu, uzun sürən çətin bir prosesdir. Nəticədə, milyonlarla amerikalı bu gün də sənədsiz yaşayır. Seçki qanununda isə şəxsiyyət vəsiqəsi olmayanların səs verməsinə icazə yoxdur. Belə çıxır ki, hər bir seçkidə ölkənin milyonlarla seçicisinin hüquqları pozulur. 

Təbii ki, onların əksəriyyəti qaradərililərdir. Belə çıxır ki, əhalinin müəyyən qismi həmişə seçkidən kənarda saxlanılır.

Hansı səbəblərdən? Başqa ölkələrdə seçki saxtakarlığı axtaran Amerika ən böyük saxtakarlığı öz vətəndaşlarına qarşı etmirmi?! Dərisinin rənginə görə hüququ tapdalanan insan özünü nə dərəcədə tamhüquqlu vətəndaş hesab edə bilər?! Belə ayrı-seçkiliyi Vaşinqton nəyə görə edir?! Qorxur ki, fərqli siyasi baxışları olan adamlar ölkənin bütövlüyünə zərər verər?! 

Onda bəs, hansı əsasla ABŞ dünyanın müxtəlif regionlarında ölkələrə göstəriş verir, milli azlıqların hüquqlarından bəhs edir, "siyasi məhbus" uydurmasını ortaya atırlar?! Onun özündə şəxsiyyət vəsiqəsinə görə səsvermədən kənarda qalmış milyonlarla insan əsl siyasi məhbuslar deyilmi?!

Görünür, məhz bu kimi gizli niyyətlər əsasında Amerikada yalnız iki partiya – demokratlar və respublikaçılar prezident seçkisində yarışa bilir. Əslində isə ölkədə 28 partiya qeydiyyatdan keçib. Bu məhdudluq, rəsmi dairələrin nəzarət edə bildiyi sərhədləri müəyyənləşdirmək üçündürmü?! Elə deyilsə, nəyə görə başqa partiyalar dövlət başçılığına namizədlərini sona qədər müdafiə edə bilmirlər?! Əgər onların sosial bazaları yoxdursa, hansı məntiqlə uzun illərdir ki, partiya formasında qala bilirlər?! 

Deməli, çoxpartiyalılıq ABŞ-da gözdən pərdə asmaq üçündür. 

Reallıqda asanlıqla nəzarətdə saxlana biləcək iki partiya fəaliyyətdədir ki, onlar da mövcud sistemi saxlamaqla hakimiyyəti növbə ilə bir-birilərinə ötürürlər. 

Maraqlı digər məqam seçki kampaniyası namizədlərin bir-birini qarşı qaralama kampaniyasıdır. Məsələn, "The Washington Post" qəzeti 2016-cı ildə manşetə belə bir cümlə çıxartmışdı:

"Tramp nəinki donuzdur, hətta yırtıcıdır"!

Bu da ABŞ demokratiyasının əsl üzü. Söz azadlığı adı ilə siyasətçilər təhqir edilir, demokratiya adı ilə insanların siyasi haqları tapdanır. Sonra isə Ağ Evdəki başbilənlər öz ayıblarını görmədən, başqa ölkələri tənqid edirlər. 

Məşhur el məsələmizdə deyildiyi kimi: “Utanmasan, oynamağa nə var ki?!”

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO