ABŞ Prezidenti Co Bayden ABŞ bazasına son hücuma görə İranı açıq ittiham etməkdən çəkinib. O, hücumla bağlı açıqlamasında Tehranın adını ümumiyyətlə çəkməyib.
Co Bayden ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA ilə hücumu şərh edərkən hücumda sadəcə olaraq, İranın dəstəklədiyi radikalları günahlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Bayden: “İran ABŞ-la müharibə istəmir”
“Hələ bu hücumla bağlı bütün faktları toplamasaq da, bunun İranın dəstəklədiyi Suriya və İraqda fəaliyyət göstərən radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”, - deyə Bayden bildirib.
Qeyd edək ki, yanvarın 27-də axşam saatlarında PUA İordaniyanın şimal-şərqindəki ABŞ hərbi bazasına zərbə endirib. Hadisə nəticəsində onlarla hərbçinin yaralandığı bildirilir. 3 amerikalı hərbçi isə həlak olub.
Maraqlıdır, nədən Vaşinqton hadisədə birbaşa Tehranı ittiham etməyib?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ağ Ev bütün addımlarını özünün siyasi marağına uyğun olaraq atır. Bu səbəbdən də həmsöhbətimiz ABŞ-ın İranı vuracağına inanmır:
“Əslində ABŞ İrandan qorxmur. Bayden dəqiq məlumat olsaydı açıq şəkildə bunu deyərdi. Görünən odur ki, ABŞ İranı bombalamaq üçün dolayı vasitə axtarır. Ola bilər Amerika bazasına hücum edən dronlar İranla əlaqəsi olmayan qüvvələr tərəfindən atılıb. Orada İranı sevməyən PKK, PYD, PJK var. Birbaşa ittiham olmadığından Bayden də İranı ittiham etməkdən çəkinib.
Amma bütün hallarda görünən odur ki, Vaşinqton bu yolla İrana təsir etmək istəyir. İran 45 ildir təzyiqlər altındadır.
Bu müddət ərzində ABŞ İrana hücum etməyib. Əksinə, Bayden gələndən sonra İranın dondurulmuş vəsaitlərinin bir hissəsi geri qaytarıldı.
ABŞ-ın əsas məqsədi silahını satmaqdır. Ona görə də bütün addımlarını özünün siyasi marağına uyğun olaraq atır. Amerikanın milli maraqlar deyil, iqtisadi maraqlar siyasəti var. Ona görə də ABŞ-ın İranı vuracağına inanmıram”.
Rüfət Sultan, Bizim.Media