Deputatdan SƏRT REAKSİYA: “Ölkəmizə qarşı separatizm təhdidini AŞPA ayaqda saxlayırdı”

Deputatdan SƏRT REAKSİYA: “Ölkəmizə qarşı separatizm təhdidini AŞPA ayaqda saxlayırdı”

Hazırda oxunan: Deputatdan SƏRT REAKSİYA: “Ölkəmizə qarşı separatizm təhdidini AŞPA ayaqda saxlayırdı”

175239

Xəbər verdiyimiz kimi, rəsmi Bakı AŞPA-da formalaşan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında bu qurumla əməkdaşlığı dondurub. Öz növbəsində AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib. Bu qərarın lehinə 76 deputat, əleyhinə 10 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.

Bəs, AŞPA-nın bu qərəzli davranışının arxasında hansı səbəblər dayanır?

Millət vəkili Elşad Mirbəşiroğlu bu qərarın pərdəarxasını Bizim.Media-ya şərh edib. O qeyd edib ki, AŞPA-nın Azərbaycana aşkar qərəzli yanaşması mövcuddur və bu, bizim üçün yenilik deyil: 

“AŞPA hər zaman müxtəlif məsələlər üzərindən Azərbaycana təzyiqlər etmək istəyib. Amma əslində, biz görürük ki, insan hüquqlarına, demokratiya prinsiplərinə ən etinadsız yanaşan, ən hörmətsiz yanaşan elə məhz AŞPA-nın özüdür. Çünki bu qurum sözügedən dəyərləri başqa ölkələrə təzyiq etmək üçün bir alətə çevirib. 

Ermənistan Azərbaycan torpaqlarını 30 il boyunca işğal altında saxladı və Azərbaycan ərazisində erməni separatizmini yaratdı.

Bütün bu illər ərzində AŞPA qeyd etdiyim nüansla bağlı bir dəfə də olsun mövqe sərgiləmədi. Əgər AŞPA bu gün Laçın yolunda Azərbaycanın hüquqi olaraq öz nəzarət buraxılış məntəqəsini yaratması üzərindən də Azərbaycana siyasi hücumlar təşkil edirsə, bu, həm də başqa bir məqamdan xəbər verir. 

Deməli, AŞPA həm də separatizmin dəstəkləyicisidir, çünki Laçın yolundan istifadə edərək erməni separatçıları Azərbaycana qarşı təhlükəli fəaliyyətlərini davam etdirirdilər. Bizim dövlət və milli təhlükəsizliyimizə qarşı separatizm təhdidini ayaqda saxlayırdılar. AŞPA bu davranışı ilə həm də onu göstərdi ki, o ayrı-ayrı dairələrin əlində bir alətdir”.

Deputat AŞPA-nın əsas funksiyasını belə izah edib: 

“Bu platforma onun üçün yaradılıb ki, üzv ölkələrə özlərinə lazım gəldiyi hallarda təzyiqlər etsin, onların mövqelərinin formalaşdırılmasına təsir göstərsin, ölkələrin daxili işlərinə qarışsın. Mahiyyət etibarilə AŞPA geosiyasi ambisiyaların həyata keçirilməsinin bir alətinə çevrilib. Burada Fransanın, Almaniyanın aşkar təsirləri var. Ayrıca olaraq Amerika Birləşmiş Ştatlarının da təsirləri göz önündədir. 

AŞPA ölkəmizdəki seçkilərə dəvət olunmamasını bəhanə edir. Əsas motiv Cənubi Qafqazdakı yeni reallıqları dəyişdirməkdən ibarətdir. Azərbaycanın mütləq qələbəsini qəbul və həzm edə bilmirlər. Cənubi Qafqazda münaqişə vəziyyətinin aradan qalxması onların regiona müdaxilə imkanlarını məhdudlaşdırır. Buna görə də gərginlik elementləri yaratmaq istəyirlər. 

Bu fonda da Ermənistana dəstək olaraq təxribatlara həvəsləndirirlər. 

Məqsəd total şəkildə Azərbaycana qarşı qərəzli, siyasi mövqelərin formalaşdırılmasından ibarətdir. Amma Azərbaycan da çox adekvat reaksiya nümayiş etdirir. Azərbaycan təkcə müdafiə olunmaq yox, həm də hücum etmək gücündədir. Məsələn, nümayəndə heyətimiz öz fəaliyyətini qeyri-müəyyən müddətə dondurub. 

Hesab edirəm ki, biz qabaqlayıcı addım atdıq. Bununla da AŞPA-nın Azərbaycana qarşı hücum cəhdlərini əvvəldən iflasa uğratdıq. Azərbaycan üçün səsi eşidilən, maraqlarını müdafiə etmək imkanı olan kifayət qədər platformalar mövcuddur. Bizim çox sayda tərəfdaşımız var. Azərbaycanın AŞPA-da olmamasından uduzan tərəf ancaq bu platformanın özüdür”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO