“Hər birimiz fevralın 7-də seçkilərə getməliyik” – İlham İsmayılov 

“Hər birimiz fevralın 7-də seçkilərə getməliyik” – İlham İsmayılov 

Hazırda oxunan: “Hər birimiz fevralın 7-də seçkilərə getməliyik” – İlham İsmayılov 

175204

“Hər bir xalqın tarixində və taleyində mühüm hadisələr baş verir. Elə bir hadisələr ki, uzun əsrlər keçsə də onlar unudulmur. Azərbaycan xalqının tarixində də belə bir hadisə 2020-ci ildə, 44 günlük Vətən savaşı zamanı baş verdi”.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun məqaləsində qeyd olunub.

Həmin məqaləni təqdim edirik:

44 günlük müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu misilsiz tarixi qəhrəmanlıqlar göstərdi, torpaqlarımız düşmən tapdağından azad edildi.

Ondan sonra 2023-cü ilin sentyabrında bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi.

Bəli, bu gün Azərbaycan dövləti artıq müstəqillikdən sonra ilk dəfədir ki, bütün ərazisinə nəzarət edir, bütün ərazisində dövlət suverenliyini bərpa edib. Bunun nəticəsi olaraq da fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə olaraq bütün ərazilərimizdə əhali səsvermədə iştirak edəcək.

Ümumiyyətlə, bu seçkilər 2 baxımdan tarixi əhəmiyyət kəsb edir. 

Birincisi, qeyd etdiyimiz kimi seçkilər müstəqillikdən sonra bütün ərazilərimizdə keçriləcək seçki kimi tarixə düşəcək.

İkincisi, bu seçkilər xalqın cənab Prezident İlham Əliyevin 20 illik hakimiyyətinə qiyməti kimi də tarixdə öz yerini tutacaq.

Təbii ki, burada ötən 20 il ərzində həyata keçirilən işlərin hamısını sadalasaq buna bəlkə də aylar lazım olar. Çünki, əslində, bu 20 ildə Azərbaycan 200 illik bir yol qət edib, 200 illik fəaliyyətə sığışa bilən uğur qazanıb. 
Mən 200 ili heç də təsadüfən qeyd etmədim. Çünki son 200 ildə ilk dəfədir ki, Azərbaycan torpaq itirmədi, əksinə, işğal altındakı torpaqlarını azad etdi. Bu da təbii ki, cənab Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti, yüksək sərkərdəlik bacarığı və dünya düzənində cərəyan edən prosesləri dərindən və doğru-düzgün təhlil edib, müvafiq addımlar ata bilmək qabiliyyəti sayəsində oldu. 

Qarşımızda isə cənab İlham Əliyevin də bəyan etdiyi kimi yeni dövr gəlir. Bu yeni dövrdə isə həm idarəçilikdə, həm iqtisadi sahədə, ümumiyyətlə hər yerdə tamamilə yeni metodlardan istifadə ediləcəyi şübhəsizidir.

Amma bir məqamı unutmamalıyıq. Yeni dövrdə cənab Preizdentin yanında olmalı, mənfilikləri vaxtında diqqətə çatdırmalıyıq. Çünki bunu onun özü də dəfələrlə bəyan edib. Dövlət başçısı ictimai sektorun təmsilçilərindən, QHT nümayəndlərindən neqativ halların üzə çıxarılması, şəffaflığın bütün sahələrdə təmin olunması üçün bizləri fəal olmağa çağırıb.

Mən də bu çağırışı əsas götürərək, ötən 20 ildə əldə edilən uğurları qeyd etməklə yanaşı, bəzi sahələrdə yaradılan süni maneələrlə bağlı fikirlərimi çatdırmaq niyyətindəyəm.

Beləliklə, öncə iqtisadi sahəyə diqqət yetirək. Bu bir həqiqətdir ki, hər hansı bir ölkənin inkişafında, siyasi və hərbi cəhətdən üstünlük əldə etməsində mühüm rol oynayan amillərin mərkəzində iqtisadiyyat dayanır. Yəni iqtisadiyyatı güclü olan dövlət digər sahələrdə də mühüm uğurlar əldə edə bilir.

Əlbəttə ki, istər güclü iqtisadiyyata malik olmağımızın, istərsə də bu iqtisadi imkanları digər sahələrdəki uğurlar üçün yönəldə bilməyimizin kökündə ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün və düşünülmüş siyasət dayanır.

Qısa olaraq onu qeyd edək ki, iqtisadi imkanlarımızın güclənməsi ötən 20 ildə iqtisadi sektorun inkişafı üçün atılan davamlı addımlarla, sahibkarlara yaradılan münbit şəraitlə, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə, ölkəyə sərmaya qoyuluşu imkanlarının artırılması ilə birbaşa bağlıdır. 

Təbii ki, bu uğurlar alqışlanmalıdır. Lakin biz təkcə ötən müddətdə əldə edilən uğurları deməklə kifayətlənməməli, yeni dövr üçün hansı addımların atılmasının lazım olduğunu da bəyan etməkdən çəkinməməliyik. 
Məsələn, Azərbaycan neft və qaz sahəsindən əldə edilən gəlirləri ötən müddət ərzində təkcə əhalinin sosial rifah halının yaxşılaşdırılması deyil, eyni zamanda qeyri-neft sektorunun inkişafına da yönəltdi.

Bu sahədə də alqışlanacaq addımlar atıldı. Bununla belə, yeni dövrdə bu sahədə addımların davamlı olması şərtdir. Bunun üçün isə biz hər şeyin Prezident tərəfindən görülməsini gözləməməliyik. Hər bir məmur, hər bir məsul şəxs məsuliyyətli olmalı, ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlmək üçün şəffaf fəaliyyət göstərməlidir. 

Bir ictimai sektorun təmsilçisi kimi, biz hesab edirik ki, yeni dövrdə iqtisadi sahədə də yeniliklər olmalıdır.

Hesab edirik ki, bu yeniliklər həm də iqtisadi cinayətkarlığa yol verən, sahibkarlığın inkişafına süni əngəllər yaradan, münbit rəqabət mühitinin olmasını əngəlləyən məmurların, məsul şəxslərin tutduqları postlardan uzaqlaşdırlması ilə daha da güclənə bilər.

Azərbaycan bir aqrar ölkə olaraq gələcək inkişafı üçün nef sektorundan gələn gəlirlərin bir hissəsini məhz kənd təsərrüfatının inkişafına yönəltməlidir. Lakin bu zaman da sahibkarlıq fəaliyyətinə yerlərdə yaradılan bəzi süni əngəllər aradan qalxmalı, buna yol verən məmurlar görəvdən uzaqlaşdırılmalıdır. Hər kəs bilməlidir ki, neft və qaz tükənən sərvətlərdir.

Ona görə də biz o sərvətlərdən əldə etdiyimiz gəlirləri bizə davamlı gəlirlər gətirəcək sahələrə yönəltməli, bu istiqamətdə də yerlərdə şəffaflığı tam təmin etməliyik. Hesab edirik ki, işini yeni dövrün tələbləri səviyyəsində qura bilməyən məmurların vəzifələrdən uzaqlaşdırılması yeni dövrdə atılacaq ilk addımlardan olmalıdır.

Sosial sahəyə gəlincə, bəlli olduğu kimi, ötən 20 ildə sosial sahədə silsilə islahatlar həyata keçirildi. Sosial paketlər qəbul olundu. Əhalinin sosial cəhətdən aztəminatlı təbəqəsinin problemlərini həlli istiqamətində genişspektirli işlər görüldü. Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həlli diqqət mərkəzində oldu. 
Eyni zamanda sosial siyasətin bir hissəsi olan hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün davamlı addımlar atıldı. Hərbçilərə yeni mənzillər verildi, onların əməkhaqları artırıldı və s. 

Qazilərin müalicəsi daim diqqət mərkəzində oldu. Şəhid ailələri və qazilərə dövlət tərəfindən mənzillər, avtomobillər verildi.

Lakin bu sahədə də bəzən yerli məmurların yol verdiyi nöqsanlar olur ki, bu da ümumi işə kölgə salır. Bu, özünü xüsusilə yerlərdə ünvanlı sosial yardımların verilməsində göstərir. Yaxud fərdi sahibkarlıqla məşğul olmaq istəyən insanlara dövlət tərəfindən verilən dəstək prosesində də bəzən yerli məmurlar tərəfindən süni süründürməçilyə yol verilir, yaxud insanlara təqdim edilən mal-qara ilə bağlı çeşidli problemlər ortaya çıxır.

Təbii ki, bunun da səbəbi sahəyə cavabdeh məmuruların öz işlərini düzgün və şəffaf prinsip əsasında qura bilməməsindədir.

Ötən 20 il ərzində həm sosial sahədə həyata keçirilən işlər, həm də Silahlı Qüvvələrin ən müasir silah-sursat və hərbi texnika ilə təmin edilməsi ordu quruculuğu sahəsində atılan addımların mərkəzində dayandı. Qardaş Türkiyə ilə birlikdə həyata keçirilən birgə hərbi təlimlər ordumuzun döyüş hazırlığının daha yüksək səviyyəyə çatdırılmasına təkan verdi. Yeni ordu birləşmələri yaradıldı. Bu da öz müsbət nəticəsini 44 günlük Vətən müharibəsində göstərdi.Hesab edirəm ki, yeni dövrdə bu istiqamətdə işlər davam etdiriləcək.

Gənclərin milli və hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi də ötən 20 ildə diqqət mərkəzində oldu.

Gənclərin sağlım ruhda, milli və hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi də 44 günlük Vətən müharibəsində öz sözünü dedi. Cənab Prezidentin bəyan etdiyi kimi torpaqlarımızı işğaldan azad edən məhz ötən 20 ildə yetişdirilən gənclik oldu. Gənclərin sağlamlığı, keyfiyyətli ali təhsil alması, o cümlədən onların müxtəlif vəzifələrə təyin edilməsi isə gənc nəslə göstərilən etimadın təsdiqi oldu.

Ancaq biz arxayın olmamalı, bu işin yerlərdə də, özü də ictimai sektorun fəal iştirakı ilə davamı üçün addımlar atmalıyıq. İmkan verməməliyik ki, gəncliyimiz xarici bəlli güclərin təsiri altına düşsün. 

Ötən 20 il Azərbaycanın tarixində həm də xarici siyasətdəki uğurlarla yadda qaldı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, müxtəlif beynəlxalq qurumlarda uğurlu fəaliyyət, o cümlədən Azərbaycanın iki dönəm Qoşulmama Hərəkatına sədrlik etməsi məhz xarici siyasətin uğurlarından irəli gəlir. Bəhs edilən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm də yaranmış kritik situasiyalarda belə dünya miqyasında mühüm addımlar atmağa qadir olduğunu sübut etdi. Buna misal olaraq koronovirus pandemiyası zamanı sərgilənən fəaliyyəti göstərə bilərik. 

Məhz Azərbaycanın çağırışı ilə peyvəndlərin bütün ölkələr arasında bərabər bölünməsi məsələsi gündəmə gəldi. COVID-19-a qarşı birgə mübarizə ilə bağlı Azərbaycanın təşəbbüsü BMT tərəfindən dəstəkləndi. Azərbaycan dövləti pandemiya dövründə kasıb ölkələrə peyvəndlərin alınması ilə bağlı bir neçə dəfə Ümumdünya Səhiyyə Təşkilatına yardımlar etdi.
Bir sözlə bu gün Azərbaycan dünyada etiabrlı tərəfdaş, güvənilən ölkə və Cənubi Qafqaz regionunun aparıcı aktoru kimi önə çıxıb. 

Yeni dövrə gəlincə, hesab edirəm ki, bu siyasətin davamlı olması üçün istər XİN, istərsə də Diasporla İş üzrə Dövlət Komitəsi ağırlığı öz üzərinə götürməli, xarici ölkələrdəki diaspor təşkilatlarının fəaliyyəti yenidən nəzərdən keçirilməli, yeni dövrün tələblərinə cavab verən çevik idarəçilik mexanizmləri yaradılmalıdır. Əks təqdirdə düşmən xarici arenada bizi üstələyə bilər.

Türk dünyasının dərindən inteqrasiyası məsələsi də diqqətdə olmalıdr və kimsə şübhə etmir ki, olacaq. Çünki Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycan türk dünyasının daha da dərindən inteqrasiyasında mühüm rol oynayıb. Məhz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində türk dünyası bu gün vahid bir qurum kimi Türk Dövlətləri Təşkilatında bir araya gəlib. 

Heç şübhəsiz ki, yeni dövrdə türk dünyasının daha da dərindən inteqrasiyası istiqamətində addımların davam edəcəyi də gözləniləndir. 

Fəaliyyətimiz birbaşa türk dünyası ilə əlaqədar olduğu üçün mən cənab Prezidentin müsahibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirlər üzərində də dayanmaq istəyirəm.

Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri iki qardaş xalqın əsrlərə söykənən dostluq münasibətlərinin rəmzidir. Bu həm də xalqların dostluğunun dövlət başçılarının sarsılmaz qardaşlığı ilə tamamlanması deməkdir. Çünki bu bir həqiqətdir ki, bəzi dövrlərdə türk xalqının mövqeyi Türkiyədə hakimiyyətdə olan iqtidarların Azərbaycana münasibətində öz əksini tapmayıb. Vaxtı ilə Azərbaycana bir vertolyot belə verməyən, yaxud verməyə cürət etməyən hakimiyyətlərdən fərqli olaraq bu gün Ərdoğan hakimiyyəti hər zaman Azərbaycanın yanındadır.

Bir sözlə, bu gün Türkiyə-Azərbaycan dostluğu həm də Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasındakı sarsılmaz qardaşlığa söykənir. 

Bu baxımdan deyə bilərəm ki, müasir dövrdə türk dünyasının məhz Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğundan, o cümlədən qətiyyətindən güc aldığı hər kəsə bəllidir.

Hesab edirəm ki, fevralın 7-dən sonra qədəm qoyacağımız yeni dövrdə bu istiqamətdə addımların atılması davam edəcək və türk dünyası daha da güclənəcək. Təbii ki, rəhbərlik etdiyim təşkilat da bu istiqamətlərdə həyata keçirilən siyasətə dəstək olacaq, bu yolda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışacaq.

Sonda bir daha vurğulamağı özümə borc bilirəm ki, ötən il sentyabrın 20-dən sonra Azərbaycan yeni dövrə qədəm qoyub və fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu yeni dövrə uğurla başlanılması istiqamətində atılan ilk addım kimi tariximizə yazılacaq.
Bu baxımdan 7 fevral seçkiləri həm də Azərbaycan cəmiyyəti, o cümlədən ictimai sektor üçün bir çağırış rolunu oynayacaq. 

Hesab edirəm ki, seçkilər bizim üçün həm də ""zəfər sərxoşluğu"na tutulmayaq, bizi yeni dövrdə yeni və daha məsuliyyətli vəzifələr gözləyir” çağırışı rolunu oynayacaq. Biz gələcək inkişafa fokslanmalıyıq. 

Hesab edirəm ki, bu məsələdə də bizim, yəni ictimai sektorun, QHT-lərin üzərinə mühüm vəzifələr düşür. Çünki ötən 20 ildə ictimai sektorun inkişafı üçün davamlı addımlar atan, bizə xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentin bütün bunların əvəzində bizdən gözlədiyi yalnız bir şey olub. Bu da ictimai nəzarətin və şəffaflığın təmini istiqamətində ictimai sektorun fəal olmasıdır. Bu baxımdan yeni dövrdə yeni hədəflərin müəyyən edilməsində də ictimai sektor öndə getməlidir. Cənab Prezidnetin də bəyan etdiyi kimi bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. 

Qısası, tarixi Zəfər qazanmağımız alqışa layiqdir və heç zaman unudulmayacaq. Amma biz necə deyərlər, bu Zəfərin kölgəsinə daldalanıb, yeni dövrdə heç nə etməsək, bir müddət sonra bütün sahələrdə uğurları əldən verə bilərik.
Əldən verməmək üçün isə irəliyə baxmalı, qarşımıza yeni hədəflər qoymalı və o hədəflərə doğru addımlayarkən içimizdəki çatışmazlıqları, inkişafımıza əngəl olan qüvvə və məqamları da dilə gətirməkdən çəkinməməliyik. Biz bu problemləri deməklə, dövlətə başçısına mühüm dəstək vermiş olacağıq. 

Bunun üçün də fevralın 7-də elliklə seçki məntəqələrinə getməli, fevralın 8-dən isə yeni dövrün ilk addımları üçün hamılıqla səfərbər olub, cənab Prezidentə həyata keçiriləcək yeni siyasətdə dəstək verməliyik. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO