“Bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı DAYANDIRDI
S.Seyidov bildirib ki, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA, əslində, bütün bu dəyərlərdən çox uzaqdır.
AŞPA-da bəzi avropalı parlamentarilər azərbaycançılığa, türkçülüyə, İslama, əməkdaşlığa, qarşılıqlı hörmətə qarşı çıxaraq, növbədənkənar prezident seçkilərinə müdaxilə edib ölkəmizdə demokratik şəkildə fəaliyyət göstərən institutlara kölgə salmaq, bununla da Azərbaycana zərbə vurmaq istəyirdilər.
“İyirmi il ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra buradakı parlamentarilər ölkəmizə qarşı ciddi cəhdlə belə bir kampaniya başlamışdılar. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz”, - deyə S.Seyidov qeyd edib.
Bizim.Media