Ötən həftə türk dünyası üçün əlamətdar hadisə ilə yadda qaldı. Türkiyə Hərbi Hava Qüvvələrinin polkovniki Alper Gezeravcı Milli Kosmos Proqramı çərçivəsində iki həftəlik missiya üçün Beynəlxalq Kosmik Stansiyaya göndərildi. Türkiyənin ilk kosmonavtı Gezeravcı yerli mediaya müsahi¬bəsində 17 yanvarda başlayan kosmos səfərini simvolik, eyni zamanda mühüm addım kimi dəyərləndirib: “Bu, böyük ölkəmiz üçün səyahətin yalnız başlanğıcıdır”, - o qeyd edib.
Bizim.Media xəbər verir ki, Türkiyəli siyasətçi, Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş deputat Kürşad Atılqan türk aviasiyasının inkişaf tarixi və Türkiyənin gələcəkdə kosmik tədqiqatlarla bağlı hədəfləri barədə məlumat verib.
“İstiqbal göylərdədir, türk gənci göylərdəki yerini alacaqdır!”
Kürşad Atılqan Demokrat.az-a açıqlamasında dedi ki, aviasiya 20-ci əsrin əvvəllərində təməli qoyulan və 40-cı illərdən sonra texnoloji yeniliklərin tətbiqi ilə sürətlə inkişaf etməyə başlayan bir sahədir:
“Bu sahə ilə bağlı hələ Avropa, ümumiyyətlə bir çox dünya ölkəsi hər hansı bir fikir irəli sürmədiyi bir vaxtda Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürk “istiqbal göylərdədir, türk gənci göylərdəki yerini alacaqdır” deyərək türk millətini bir hədəf olaraq göstərdi. Bundan başqa hələ bir çox dövlət aviasiya ilə bağlı hər hansı tədqiqat aparmayanda Osmanlı dövləti dövründə də 1911-ci ildə İstanbul Yeşilköy-də bugünkü Hava Qüvvələrinin təməli qoyuldu.
Dolayası ilə aviasiyanın 1950-ci illərdən sonra inkişaf edən önəmli bir sahəsi də kosmosdur.
Təəssüf ki, türk milləti və Türkiyə kosmos sahəsində yetərincə yer ala bilməyib. Bu istiqamətdə Türk Hava Qüvvələri kosmos komandalığı qurdu. Hökumət 2010-cu illərdən sonra kosmik fəza mövzusuna önəm verməyə başladı. Texnoloji baxımdan kosmosa göndəriləcək raketləri Türkiyə və türk dünyası hazırda istehsal etməkdən uzaqdır. Lakin kosmonavtın kosmosa göndərilməsi qarşıya qoyulan məqsəddən xəbər verir. Türkiyə bununla bundan sonra kosmik fəzada özünün də var olacağını dünyaya bəlli edir. Yaxın 10 ildə türk dünyasının kosmonavtika sahəsində buraxdığı boşluqları dolduracağına ümid edirəm. Təbii ki, bu, ölkələrin maddi və texnoloji imkanları ilə bağlı bir məsələdir. Çünki kosmosa çatmaq texnoloji inkişafın ən yüksək pilləsidir”.
“NASA-ya bənzər bir qurumun yaradılmasına ehtiyac var”
Müsahibimizin sözlərinə görə, hazırda kosmosda minlərlə peyk var:
“Hətta fəzanın çökəcəyini deyib narahat olan elm adamları var. Kosmosun ölkələrə, insanlara təqdim etdiyi imkanları gözməməzlikdən gəlib inkişaf etmiş ölkə olmaq bugünkü gündə çox çətindir. Hazırda kosmos vasitəsilə həyatımızı asanlaşdıran bir çox imkandan ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə kimi ölkələrin bu sahədəki fəaliyyətlərinə ödəniş edərək yararlanırıq - telekommunikasiya, televiziya xidmətləri daxil olmaqla, böyük peyklərdən aldığımız kəşfiyyat məlumatları da həmçinin. Türkiyə fəzaya “Göytürk” peykini göndərib, amma zamanla bu sahədə daha da inkişaf etmək üçün NASA-ya bənzər bir qurumun yaradılmasına ehtiyac var. Türkiyə gələcəkdə də kosmosla bağlı tədqiqatlarını davam etdirəcək”.
“Koordinasiyalı şəkildə birgə əməkdaşlıq qurula bilər”
K.Atılqan kosmos sahəsində türk dünyasının birgə fəaliyyət göstərməsinin vacib olduğunu da vurğulayıb:
“Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində geniş əməkdaşlıq var. Şuşa Bəyannaməsinə görə bir ölkəyə edilən hücum digərinə də edilmiş hesab olunur. Kosmosla bağlı birgə tərəfdaşlıq planı haqqında ətraflı məlumatım yoxdur, amma mütləq koordinasiyalı şəkildə Azərbaycan və digər türk dövlətləri ilə birgə ortaq bir mərkəz qurulmalıdır. Bu sahədə birgə fəaliyyətə ehtiyac olduğunu düşünürəm. Türk dünyasının imkanları genişdir. Bu imkanlardan istifadə etmək lazımdır. Bu, türk dünyasında birliyin daha da möhkənməsinə mühüm töhfə olacaq”.
“Türkiyə universitetlərinin təcrübəsindən istifadə edilə bilər”
Son olaraq türkiyəli general əlavə edib ki, Türkiyə universitetləri bu sahədə təhsilin inkişafı üçün Azərbaycana dəstək olmağa hazırdır:
“Türkiyədə İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti və bəzi digər universitetlərdə aviasiya və fəza elmləri fakültələri var. Türk Hava Birliyi Universitetində 3 il yarım fəaliyyət göstərmişəm, mühüm dərslər tədris edilir. Düşünürəm ki, Azərbaycanda da bu sahənin tədrisi nəzərdən keçirilə bilər. Savadlı məzunlara iş imkanları yaradıla bilər. Bu sahədə Türkiyənin önəmli universitetləri ilə əməkdaşlıq edilə, tələbə mübadiləsi aparıla bilər. Düşünürəm ki, Türkiyə universitetləri bu sahədə təhsilin inkişafında qardaş ölkə ilə bilik və təcrübəsini paylaşmağa hazırdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:34 / 22.01.2024
"NASA-ya bənzər qurum yaradılmalıdır" — Türkiyəli aviasiya generalı
Hazırda oxunan: "NASA-ya bənzər qurum yaradılmalıdır" — Türkiyəli aviasiya generalı
Hazırda oxunan: "NASA-ya bənzər qurum yaradılmalıdır" — Türkiyəli aviasiya generalı
174637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.