Son günlər Rusiyanın Ermənistanın Qərbə yönəlik hərəkətlərinə münasibətdə reaksiyası kəskinləşib. Bu xüsusda, əsasən də Rusiya xarici işlər naziri Sergey Lavrov və digər diplomatların İrəvana qarşı bəyanatları daha da sərtləşib.
Qeyd edək ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib ki, Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Zəngəzurda yerləşdirilməsini istəmir.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Zəngəzur bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması böyük təəssüf doğurur”, - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir. Rusiya XİN rəhbərinin dediyinə görə, bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir:
“Gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvət görmədən prosesə sızmağa başladılar”.
Görünən odur ki, Rusiya indilikdə Lavrovun timsalında Ermənistana Qərbə doğru istiqamət götürməkdən vaz keçməklə bağlı xəbərdarlıq edir. İrəvan bu xəbərdarlığa əməl etmədiyi təqdirdə isə, Rusiyanın ona qarşı cavabı birmənalı olaraq daha sərt və kəskin ola bilər.
“Rusiya Ermənistanı cəzalandıracaq”
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, bir gün Rusiya Ermənistanı tutduğu mövqeyə görə mütləq cəzalandıracaq:
“Ermənistan hakimiyyəti çoxqütblü oyun içərisində yer alıb. Bir tərəfdən, İrəvan Rusiya əleyhinə ritorikasını davam etdirir, cəmiyyəti ona qarşı aqressiv ruhda kökləndirir, Kremlin ünvanına ən müxtəlif təhdidedici fikirlər səsləndirir, başqa bir tərəfdən də Avropadan özünə təhlükəsizlik zəmanəti almağa çalışır, NATO-nun yüksək rütbəli təmsilçilərini qəbul edir, onunla əlaqələri gücləndirməyə çalışır.
Hətta Fransanın Ermənistanda hərbi baza yaratmaq istəyi ətrafında da müəyyən söhbətlər gedir. Bütün bunlar Rusiyanın kəşfiyyat orqanlarına da bəllidir. Ona görə də Rusiya İrəvana son xəbərdarlıqlarını edir. Son vaxtlar bu özünü xüsusən də xarici işlər naziri Lavrovun timsalında açıq şəkildə göstərməkdədir. Məhz Lavrovun son açıqlamaları bu baxımdan xüsusilə diqqəti cəlb edib”.
Deputatın fikrincə, Ermənistan özünü elə bir labirintə salıb ki, onun oradan çıxması mümkünsüzdür:
“Rusiya Ermənistandadır. Həm onun hava məkanındadır, həm quru sərhədindədir, həm də iqtisadiyyatının idarəçiliyində həlledici dövlətdir. Ermənistanın enerji təminatı da Rusiyanın əlindədir. İrəvanı cəzalandırmaq üçün Moskvanın əlində belədə çoxsaylı variantlar var. Hələlik Rusiyanın başı Ukrayna məsələsinə qarışdığından, pişik öz ovu ilə oynadığı kimi, Moskva hələlik İrəvanla oynayır.
Bir gün Rusiya tutduğu mövqeyinə görə Ermənistanın başına qapaz endirəcək. Qərb İrəvanda müşahidəçilər deyil, silahlı dəstələrini yerləşdirməli olsa, Ermənistan birmənalı olaraq Suriyadan da daha ağır duruma düşəcək. İran da sərhədləri yaxınlığında Qərb qüvvələrinin yerləşməsinə heç cür razı deyil. Belədə, Rusiya-İran tandemi Ermənistanı zəlil gününə qoyacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 23.01.2024
“Rusiya və İran Ermənistanı zəlil gününə qoyacaq” – Fəzail Ağamalı
Hazırda oxunan: “Rusiya və İran Ermənistanı zəlil gününə qoyacaq” – Fəzail Ağamalı
Hazırda oxunan: “Rusiya və İran Ermənistanı zəlil gününə qoyacaq” – Fəzail Ağamalı
174573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.