Avropa indi də Peterləri qabağa verir – “Diplomat”lar ölkəmizə qarşı niyə absurd bəyanatlar SƏSLƏNDİRİRLƏR?  

Avropa indi də Peterləri qabağa verir – “Diplomat”lar ölkəmizə qarşı niyə absurd bəyanatlar SƏSLƏNDİRİRLƏR?  

Hazırda oxunan: Avropa indi də Peterləri qabağa verir – “Diplomat”lar ölkəmizə qarşı niyə absurd bəyanatlar SƏSLƏNDİRİRLƏR?  

173863

Avropa İttifaqı yenə öz ampluasındadır. Bu dəfəki hədəf isə yenə də Azərbaycandır. Aİ yenə Azərbaycanın üstünə gəlmək, öz varlığını yada salmaq istəyir. Bu istəyini reallaşdırmaq üçünsə yenə də köhnə nağıllara baş vururlar. 

Məsələn, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano deyir ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir.

Olduqca bəsid və absurd fikirlər…

Əvvəla ona görə ki, deyilən fikirlərdən belə nəticə hasil olur ki, guya Azərbaycan yaxın günlərdə Ermənistana hücum etməyi düşünür. Amma orta statistik oxucu belə bunun yalan olduğunu ilk baxışdan görür. Əksinə, Azərbaycan bu gün sülhlə bağlı konkret təkliflər irəli sürür. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Avropa İttifaqının rəsmisinə SƏRT REAKSİYA: "İddialar əsassızdır"


Həmin təkliflərinsə məğzi budur ki, iki ölkə arasında ən qısa zamanda sülh sazişi imzalansın, regional kommunikasiya xətləri bərpa edilsin, qarşılıqlı şəkildə torpaq və digər iddialardan birmənalı şəkildə imtina edilsin. 

Bu gün Azərbaycanın tək istəyi Cənubi Qafqazda davamlı sülhə və qarşılıqlı etimada nail olmaqdır. Hətta 44 günlük müharibədən cəmi bir ay sonra Azərbaycan regionun iqtisadi-siyasi həyatına çox böyük töhfə verə biləcək 3+3 platformasını təqdim etdi. Həmin platformada Ermənistana da digər region dövlətləri kimi böyük imkanlar tanınırdı. 

Lakin məhz Avropa İttifaqının təxribatları və təzyiqləri üzündən bu unikal platforma istənilən şəkildə reallaşdırıla bilmir. Çünki Aİ ancaq Qərbi Avropada iqtisadi dirçəlişi və inkişafı arzulayır. Qalan regionlarda münaqişə və müharibələrin olması Aİ-nin işinə daha çox yarayır. 
Təsadüfi deyil ki, Aİ-nin digər regionlarla bağlı bəyanatlarında sülh və əmin-əmanlıq yox, müharibə təşviq edilir. Elə Peter Stanonun son fikirləri də başdan-ayağa münaqişə ehtimalına həsr olunub.

Aİ nə istəyir?

Azərbaycan rəsmi olaraq bəyan edir ki, Qarabağ problemi keçmişdə qalıb. Bu gün Azərbaycan  regionun inkişafı üçün Zəngəzur dəhlizindən, “Yaşıl dəhliz”dən bəhs etdiyi bir vaxtda Aİ-dən gələn mesajlar xeyli təəccüb doğurur.

Əgər Aİ, doğrudan da, Cənubi Qafqazda davamlı sülh istəyirdisə, niyə bu barədə son 33 ildə danışmayıb?! Axı, Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın Ermənistanın işğalı altında qaldı. İşğal altında olan ərazilərdə Azərbaycanın bütün maddi və mənəvi sərvətləri erməni vandalları tərəfindən məhv edildi. Ən əsası bir milyondan artıq azərbaycanlı öz dədə-baba ocağından didərgin düşdü. Bəs, Aİ-nin “insanpərvər” liderləri o zaman bu acı reallıqlara niyə göz yumdu?! Ermənistanın işğalçılıq siyasəti son 30 ildə bircə dəfə də Aİ tərəfindən pislənilmədi. Niyə?

Bu gün Aİ Ermənistan ərazisinə hansısa “hücum”dan narahatılıq keçirir. 

Amma həmin Aİ rəsmi İrəvana demir ki, get Konstitusiyanı dəyiş. Axı, həmin Konstitusiyada Qarabağ Ermənistan ərazisi kimi təsbit olunub. Bu gün də Ermənistanın rəsmi dairələri sərsəm “dənizdən-dənizə böyük Ermənistan”la bağlı “profilaktik iş” aparır. Bəs, Peter Stano və ona imkan yaradanlar niyə Ermənistana demir ki, qonşu dövlətlərə qarşı əsassız və yersiz ərazi iddialarından əl çək?!

3 ildir ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad edib. Amma hələ də azərbaycanlılar öz dədə-baba ocaqlarına rahat şəkildə qayıda bilmirlər. Çünki Qarabağ və ətraf ərazilər başdan-başa minalanıb. Son 3 ildə onlarla insan həmin minalanmış ərazilərdə həyatını itirib. Amma bu dəhşətli mənzərəni görmək üçün Aİ-nin gözü kor olub. 

Ona görə kor olub ki, ortada xristian təəssübkeşliyi var.

Bu gün Aİ-ni təsadüfən “xristian evi” adlandırmırlar. Bu təşkilat yalnız xristian təəssübkeşliyindən çıxış edir və bütün yanaşmaları da bu maraq üzərində qurulur. Ona görə də Aİ real işğala və onun konkret, qorxunc nəticələrinə göz yumub, ermənilərin nağıllarına əsasən Azərbaycanın Ermənistana hücum edəcəyini uydurur. 

Halbuki bu cür iddiaların heç bir siyasi və hərbi əsası yoxdur. Bu sadəcə xristian həmrəyliyindən qaynaqlanan qorxunc və ədalətsiz iddiadır. Xristian təəssübkeşliyi Aİ-nin təkcə Azərbaycana qarşı münasibətində deyil, digər regionlardakı addımlarında da özünü çılpaqlığı ilə göstərir. Son 3 ayda Fələstində 20 mindan artıq dinc insan həyatını itirib. Lakin Aİ-nin heç bir üzvü bu qətliamı pisləməyib, ona “stop” deməyib. 

Tək yalançı Peter Stano deyil…

Çox qəribədir ki, Azərbaycanla bağlı yalanları təkcə Avropada oturanlar söyləmir. Hətta suyumuzdan içib, çörəyimizi yeyən və bizimlə eyni ortamı bölüşən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da deyir. Avropadakı ağalarından sifariş alan səfir Mixalko deyir ki, guya Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər onu dəhşətə gətirib.

Peterin harada və nə gördüyünü bilmirik. Amma bildiyimiz odur ki, onun gördüyünü iddia etdikləri, Aİ ölkələrində tez-tez rast gəlinən dəhşətli mənzərələr qarşısında çox sönük və adi görünür. Bu gün Aİ dünyanın digər ölkələri və onların vətəndaşları üçün keçilməz bir qaladır. Şərqi Avropa ölkələrinin, Şərq və Afrika dövlətlərinin vətəndaşlarına Aİ öz qapılarını birmənalı şəkildə bağlayıb. Bu qapıdan hansısa yolla keçən əcnəbini isə Azərbaycanda olduğu kimi məhkəmə qaydasında yox, küçənin ortasında, polis dubinkası ilə “mühakimə edirlər”. 

Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun Azərbaycanda məhkəmələrlə bağlı etdiyi paylaşımına münasibət bildirərkən haqlı olaraq deyib ki, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: 

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir. Yaxşı olardı ki, səfir bəzi Avropa İttifaqı ölkələrinin məhkəmə sistemlərində ədalətin olmamasına və pis rəftara diqqət yetirsin”.

Bu gün Avropada qanunlar yox, polis “dubinka”sı işləyir. 

Bu gün təəssüf ki, Qərbi Avropa ölkələrində, məsələn Almaniyada, Fransada insanlar öz arzu-istəklərini sərbəst şəkildə ifadə edə bilmirlər. Etirazçılara səlahiyyətli hökumət nümayəndələri yox, polis dəyənəkləri cavab verir. 

Hələ gözəl xəyallarla və böyük ümidlə Avropaya gələn miqrantlara qarşı bəslənilən vəhşi münasibəti demirik. Sanki küçənin ortasında ən qəddar şəkildə cəzalandırılan miqrant bəşər övladı deyil, hansısa qorxunc yadplanetlidir. Əgər həmin miqrant müsəlmandırsa, onda ona qarşı tətbiq edilən cəzanı təsəvvür etməyə xəyal gücü belə yetmir. Çünki Aİ-də islamofobiya və antisemitizm özünün ən vulqar həddinə çatıb. 

Qərbdə obyektiv tənqidə və azad sözə də hər zaman sipər çəkilib. Təkcə Julian Asanca bəslənilən münasibəti xatırlatmaq belə kifayət edir.

Bəli, bu gün tənqid eləmək, irad tutmaq çox asandır. Çətin olan həqiqəti görməkdir. Avropa İttifaqında həqiqəti görmək qorxusu var. Ona görə də “qara məni basınca, mən qaranı basım” fikri Aİ rəhbərlərinin düşüncəsinə hakim kəsilib. Amma eyib etməz. 

Zamanla Azərbaycan bütün reallıqları Aİ-yə sübut edəcək. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO