Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının toplantısında Zəngəzur dəhlizi barədə danışarkən deyib ki, Ermənistanın İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır.
Bu isə o anlama gəlir ki, İranın sərhəd və gömrük xidməti Naxçıvana keçmək istəyən Azərbaycan vətəndaşlarını yoxlayacaqsa, eyni hüquqa Ermənistan da malik olmalıdır.
Digər tərəfdən, Paşinyan İlham Əliyevin “Azərbaycan Ermənistanın silahlanmasına seyrçi qalmayacaq” açıqlamasına belə münasibət bildirib ki, əgər rəsmi Bakı narahatdırsa, iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətə dair saziş imzalasın.
Görünən odur ki, Paşinyan yenə də sülh üçün şərtlər irəli sürməkdə davam edir. O, bu cür ritorikası isə faktiki olaraq sülh müqaviləsinin imzalanmasını gecikdirir. Sazişin gecikməsi isə ilk növbədə Ermənistanı düşdüyü çətin durumu ağırlaşdırır.
Paşinyan bu cür siyasətdən niyə əl çəkmir?
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib ki, Paşinyan prosesə son dərəcədə qeyri-ciddi, qeyri-konstruktiv və qeyri-sağlam ruhla yanaşır:
“Paşinyan ixtiyarını özgələrinin əlinə verib. Bu adam idarəetmədə cəmi 5-10 faiz iş qabiliyyətinə malikdir. Prosesi isə diaspor, Fransa, Amerikanın bəzi dairələri və kilsə idarə edir. Paşinyan isə yalnız öz hakimiyyətini saxlamaqla məşğuldur. Yerdə qalan işləri isə o, həll etmir. Ona elə bir ixtiyar verilməyib. Bu səbəbdən Paşinyanın sözügedən açıqlamaları məsuliyyətsiz yanaşmanın nəticəsidir”.
Ekspert deyir ki, Paşinyan yeni ideyalarının sülh prosesinə heç bir dəxli yoxdur:
“Gündəmdə olan anklavlar, delimitasiya məsələlərilə bağlı konkret danışmaq əvəzinə, Paşinyan təsadüfi məqamlara diqqət yetirir. Partiya fəalları ilə görüşdə hətta deyib ki, Azərbaycan guya Ermənistanın 36 kənd və qəsəbəsinə təhdid törədir. İrəvanın bu addımlarda məqsədi Azərbaycanın fikrini yayındırmaq, beynəlxalq birlik qarşısında guya bütün ağrılı məsələlərlə bağlı aydın təsəvvürlərinin olduğu obrazını formalaşdırmağa çalışmaqdan ibarətdir. Belədə prosesdə irəliləyişin olmamasını Bakının üzərinə atmağa çalışırlar”.
Həmsöhbətimiz qeyd edir ki, erməni baş nazir bununla Azərbaycanı çaşdırıb, səhv addımlar atmağa məcbur edə biləcəyini düşünür:
“Ancaq o, yanılır. Azərbaycan hər zaman ölçülüb-biçilmiş addım atır. Hər addımı da hədəfə dəyir. İndi gündəmdə olan Ermənistanda olan ərazilərimizdir. Nahaq yerə Prezidentimiz demir ki, əzəli torpaqlarımız olan İrəvana da qayıdacağıq, özü də maşınlarla gələcəyik. Azərbaycan tələsmir. Ermənistan istəsə sülh olacaq. İstəməsə Azərbaycan sülhü öz gücü ilə təmin edəcək. Ermənilərin kitabı bağlanmaq üzrədir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:30 / 16.01.2024
Paşinyan yenə oturduğu budağı kəsir... – ŞƏRH
Hazırda oxunan: Paşinyan yenə oturduğu budağı kəsir... – ŞƏRH
Hazırda oxunan: Paşinyan yenə oturduğu budağı kəsir... – ŞƏRH
173506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.