Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Həmin müsahibədə ölkə başçısı çox vacib çağırışlar və fikirlər səsləndirib.
Bizim.Media dövlət başçısının çıxışından mühüm mesajları təqdim edir:
1. Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.
2. Dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur.
3. Xocalıda bayrağı qaldıranda biz tam əminliklə deyə bildik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.
4. 23 aprel hadisələri (red. Laçın yolunda sərhəd postunun yaradılması) çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi.
5. İkinci Qarabağ müharibəsi başa çatanda Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında qeyri-rəsmi razılıq əldə edilmişdi ki, orada heç nə dəyişilməyəcək, yəni, necə var, elə də qalır. Təbii ki, orada qanunsuz seçkilərin keçirilməsi bu razılaşmanın da pozulması idi. Çünki birinci qırmızı xətt Ermənistanın baş naziri Paşinyanın sentyabrın 2-də separatist rejimə təbrik məktubunun göndərilməsi idi.
6. Bu günədək baş verənlər təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - Azərbaycanla hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil.
7. Balans Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi.
8. Fransada, həm də Avropa ölkələrində ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük.
9. Müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.
10. Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başlayıb.
11. Vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir.
12. Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər bir tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar.
13. Bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səy göstərən ölkələrin siyahısında Fransa yenə də ön plandadır.
14. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır.
15. Azərbaycan qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.
16. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb. Ona görə mətn üzrə işlər fəal getməlidir.
17. Beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhərinə bu il, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.
18. 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.
19. Əgər hər hansı bir səbəbə görə bu mövqe (red. Avropada Azərbaycanla qaz əməkdaşlığının dayandırılması çağırışları) üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar.
20. Müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:03 / 11.01.2024
Prezidentin yerli televiziyalara müsahibəsindən TARİXİ MESAJLAR
Hazırda oxunan: Prezidentin yerli televiziyalara müsahibəsindən TARİXİ MESAJLAR
Hazırda oxunan: Prezidentin yerli televiziyalara müsahibəsindən TARİXİ MESAJLAR
172905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.