20 illik ZƏFƏR MARAFONU – İlham Əliyev xalqımızı qələbəyə necə apardı?

20 illik ZƏFƏR MARAFONU – İlham Əliyev xalqımızı qələbəyə necə apardı?

Hazırda oxunan: 20 illik ZƏFƏR MARAFONU – İlham Əliyev xalqımızı qələbəyə necə apardı?

170486

Azərbaycanın 32 illik müstəqillik tarixi bir çox ölkələrin yüzilliklərə belə sığdıra bilməyəcəyi hadisələrlə zəngin olub. 1990-cı illərin əvvəllərində yaşadığımız əzablar, işgəncələr, məğlubiyyətlər və 2020-ci illərdə qazandığımız zəfərlər...

XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı dağılmaqdan, dövlət olaraq yox olmaqdan Heydər Əliyev xilas etdi. O, dövləti nəinki sıfırdan, mənfilərdən alıb, inkişaf yoluna qaytarmağı bacardı. Ancaq Ulu öndərin ömrü vəfa etmədi və onun vəsiyyətini yerinə yetirmək, məğlub ölkəni qalibə çevirmək vəzifəsi İlham Əliyevin üzərinə düşdü.

Hədəflər böyük, maneələr çox...

Sirr deyil ki, yerləşdiyi unikal coğrafi mövqeyi, türk və müsəlman əhalinin yaşadığı dövlət olması hər zaman Azərbaycanın əleyhinə işləyən faktor olub. Çünki Qarabağ münaqişəsi başda olmaqla, ölkəmizə qarşı bütün mənfi planların arxasında məhz bu səbəblər dayanıb. Üstəlik, İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə əksər böyük güclər Qarabağ münaqişəsinin dondurulmasına, Azərbaycanın güclənməsinə mane olmağa çalışırdılar.


Məhz belə bir çətin situasiyada İlham Əliyev siyasi hakimiyyətə gəldi. Hələ ölkədəki bir milyondan artıq qaçqının problemlərini və ölkə əhalisinin digər qayğılarını demirik. 

İlham Əliyev 2003-cü ilin payızında bu qədər ağır məsuliyyəti daşımağa başladı. Bunun bir səbəbi onun Vətən sevgisindən irəli gəlirdisə, digər səbəbi Ümummilli lider Heydər Əliyevin yarımçıq qalan arzularını gerçəkləşdirmək istəyi idi. 

Etiraf etmək lazım idi ki, ötən əsrin 90-cı illərində dünya ölkələrində nəinki vətəndaşlar, bir çox siyasilər belə Azərbaycan adlı ölkənin varlığından xəbərsiz idilər. Haqq səsimizi heç kim eşitmirdi, daha doğrusu eşitmək istəmirdi. Yəni, Azərbaycan dünyayla üz-üzə qalmışdı.


Sabiq xarici işlər nazirimiz Tofiq Zülfüqarov müsahibələrimizdən birində həmin dövrü, vasitəçilərin Qarabağ məsələsinə münasibətini belə təsvir etmişdi:

“Bizə deyirdilər ki, “nə üçün “sülh” təkliflərinə razı olmursuz?”. Biz bildirirdik ki, “bu ədalətli deyil”. Onda isə bu cür cavab verirdilər: “Əgər vuruşmaq istəyirsinizsə, gedin vuruşun”. Çünki vuruşmağa imkanımızın olmadığını bilirdilər”.

Azərbaycanın yeni lideri İlham Əliyev bu qədər çətin şəraitdə dövlət rəhbərliyinə gəlmişdi...

Diplomatiyamızda yeni era

İlham Əliyev Prezident seçilikdən sonra diplomatik münasibətlərimizə də yeni nəfəs gəldi. O, yeni münasibətlər qurdu, yollar axtardı. Bir zamanlar Azərbaycanda tez-tez dinlərarası dialoqlar təşkil edilirdi, qlobal çağırışlarla bağlı beynəlxalq forumlar keçirilirdi. Hətta dünyada ilk dəfə Azərbaycanda “Humanitar Davos” Forumu təşkil edildi. 


O zamanlar bəzi boşboğazlar buna görə hakimiyyəti qınayırdı. Amma heç bir dedi-qodu Azərbaycan liderini həqiqət bildiyi yoldan yayındıra bilməzdi. Beləcə, uzun illər İlham Əliyev Azərbaycanı dünyaya tanıtmaq, dostlar qazandırmaq üçün çalışdı. Dünyaya yeni bir Azərbaycan təqdim etdi. 

İlham Əliyevin təqdim etdiyi Azərbaycan dünya ölkələri üçündə çox unikal görünürdü. Xüsusilə də kiçik və orta Avropa dövlətləri Azərbaycanın üzünə bütün qapıları açmağa başladılar.

Rumıniya, Bolqarıstan, Serbiya, Macarıstan, İsveçrə kimi Avropa dövlətləri Azərbaycanın Qərbdəki ilk strateji tərəfdaşları oldular. Dostlarımız artıqca hədəflərimiz də böyüdü... İlham Əliyevin seçdiyi strategiya yavaş-yavaş özünü doğrultmağa başladı. 

Böyük dövlətlər də Azərbaycanın strateji tərəfdaşlarına çevrildilər. 

Məhz İlham Əliyevin hakimiyyəti dövründə dünya siyasətinin öncülü olan Böyük Britaniya Azərbaycanın Qərbdəki əsas müttəfiqinə çevrildi. Təkcə bir məqamı vurğulamaq Azərbaycan-Britaniya münasibətlərinin hazırki səviyyəsini anlamağa kifayət edir. Belə ki, Britaniyanın ölkəmizə son illər gələn səfirlərinin ilk işi Azərbaycan dilini öyrənmək olur. Bu xalqımıza qarşı sevgidən, dövlətimizə olan hörmətdən qaynaqlanır. Belə olmasa idi, bütün dünyanın can atdığı ingilis dilinin ana vətənindən gələn diplomatlar bizim ana dilimizi öyrənməzdilər. 

İsrailin dövlət kimi və yəhudilərinsə unikal istedad sahibi kimi dünyada hansı mərtəbəni tutduqları məlumdur. Dünyanın beyin mərkəzi olan yəhudilərin bu gün dost kimi gördükləri yeganə müsəlman ölkəsi Azərbaycandır.


Bunlardan əlavə, qardaşımız olan Türkiyə ilə münasibətlərimiz də məhz İlham Əliyevin dövründə ən yüksək zirvəsinə çatdı. Məhz son 20 ildə Azərbaycan və Türkiyə Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və TAP kimi meqa layihələrə imza atdı. 44 günlük haqq savaşımızda Türkiyənin mənəvi-siyasi dəstəyi də qələbəmizdə mühüm rol oynadı. Ən əsası, Şuşa Bəyannaməsi ilə qardaş Türkiyəni strateji müttəfiqimizə çevirən də məhz İlham Əliyevdir.

Rusiya necə müttəfiqimizə çevrildi?

İlham Əliyevin siyasi hakimiyyəti dövründə rəsmi Moskvanın Azərbaycana münasibəti də dəyişdi. Təsadüfi deyil ki, 2022-ci ilin fevral ayının 22-də Vladimir Putin İlham Əliyevi Moskvaya dəvət etdi və Kremldə Rusiya-Azərbaycan strateji tərəfdaşlığına dair memorandum imzalandı. Bu saziş Rusiya ilə Azərbaycan arasında gedən 300 illik açıq-gizli mübarizənin uğur təntənəsi idi. Nəhayət, 3 əsrdən sonra Rusiya Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi tanıdı. 

Müharibə niyə 44 gün çəkdi?

Dünyanın ən sürətli və effektiv savaşlarından olan İkinci Qarabağ müharibəsinin qısa və uğurlu olması barədə çox danışılıb, çox yazılıb. Amma bir həqiqət çox az qeyd edilir ki, bu misilsiz qələbənin memarı olan İlham Əliyev müharibənin bu qədər qısa və uğurlu olması üçün 17 il gecəli-gündüzlü çalışıb, işləmişdi. Əgər müharibə 44 gün yox, 144 gün davam etsə idi, bəlkə nəticələr başqa cür olardı. Ən azından itkilərimiz dəfələrlə çox olardı. 

Amma Azərbaycan Prezidenti yaranmış tarixi fürsəti çox böyük məharətlə dəyərləndirdi və ildırımsürətli müharibəyə başladı. Nəzərə alaq ki, 2020-ci ilin payızında ABŞ-da hər kəsin başı Prezident seçkilərinə qarışmışdı. ABŞ-ın siyasi dairələri 78 yaşlı Co Baydeni xalqa necə sırıyacaqları barədə baş sındırırdılar.  


Avropanınsa başı COVİD-19-un gətirdiyi iqtisadi-sosial problemlərə qarışdığından Cənubi Qafqaz heç kimin yadına düşmürdü. Rusiya ilə isə “centlmen sazişi” bağlanmışdı. Rəsmi Moskva müəyyən dövrə qədər və müəyyən məqsədlər üçün müşahidəçi statusunda çıxış edirdi. 

Ona görə də müharibə ən pis halda 2 ay çəkməliydi. Üstəlik, İlham Əliyevin diplomatiyası sayəsində böyük güclərin haqq savaşımız dönəmində neytrallaşdırılması mümkün oldu. 

Bir sözlə, İlham Əliyev 17 il ərzində yaratdığı xalq-hakimiyyət birliyi, ordu quruculuğu və uğurlu diplomatik əlaqələrimizi ən uyğun fürsətdə vahid məqsəd – Qarabağın işğaldan azad olunması uğrunda səfərbər etməyi bacardı.

Nəticədə, müzəffər Ali Baş Komandan İlham Əliyev müharibəni cəmi 44 günə yekunlaşdırdı və Ermənistanın kapitulyasiyasına, Azərbaycanın ərazi bütövlüyünə nail oldu. Bu isə İlham Əliyevin siyasi müdrikliyi ilə yanaşı, onun güclü hərbi biliyə malik olduğunun göstəricisidir.


2020-ci ilin noyabr ayının 9-da hər kəs ayaq üstə idi.

Hamı Azərbaycan Ordusunun yaxın saatlarda Xənkəndinə girəcəyini gözləyirdi. Lakin gecə saatlarında çoxlarının gözləmədiyi bir məlumat yayıldı ki, Azərbaycan-Rusiya-Ermənistan birgə bəyanat imzalayıblar. O zaman bəziləri qışqır-bağır saldılar ki, “indiki məqamda sülh lazım deyildi”,”ermənilər sonuncularına qədər Qarabağdan süpürülüb atılmalıydı”, “Xankəndisiz qələbə olmaz” və sair və ilaxır...

Bu cür məsuliyyətsiz fikirlərin bir qismi qələbə eyforiyasından qaynaqlanırdısa, digər bir qismi də düşmən dəyirmanına su tökmək məqsədi daşıyırdı. “Sapı özümüzdən olan balta”lar əldə etdiyimiz qələbəni bir yana qoyub düşmən dəyirmanına su tökürdülər. 

Məhz həmin günlərdə İlham Əliyev sonralar aforizmə çevriləcək bir fikir səsləndirdi:

“Biz nəyi, nə zaman və necə edəcəyimizi çox gözəl bilirik”.

Məlumdur ki, o zaman Xankəndində kifayət qədər mülki şəxs vardı. Bu şəhərə hərbi müdaxilə isə kütləvi qırğın nağıllarının uydurulması ilə nəticələnə bilərdi. Bu isə olmayan “erməni soyqırımı”nı dünyaya inandıran ermənilərin əlini xeyli gücləndirə bilərdi. Azərbaycan Prezidenti də bunu çox gözəl bilirdi. Ona görə də danışıqlar masasına gedildi.


Əslində 10 noyabr Bəyannaməsi Azərbaycan üçün unikal idi. İlk növbədə ona görə ki Ali Baş Komandan Ağdam, Kəlbəcər və Laçını bir güllə belə atmadan azad etdi. Bundan əlavə, 10 noyabr bəyanatından sonra İlham Əliyev böyük güclərin məsələyə baxışını yenidən təhlil etdi və növbəti son, qəti həmlə üçün hazırlıqlara başladı. 

Qələbənin son akkordları

Problemin həlli istiqamətində son addım 2023-cü ilin sentyabr ayının 19-da atıldı. Cəmi 24 saat ərzində Qarabağ separatçılardan təmizləndi. Ən əsası Azərbaycanın bu qətiyyəti qarşısında qlobal güclər loyal münasibət sərgilədilər. Çünki nə 44 günlük müharibədə, nə də lokal antiterror tədbirləri zamanı mülki şəxslərə heç bir xələl yetirilmədi. 

Halbuki, ermənilər və onların Fransa kimi havadarları çox istəyirdi ki, Azərbaycan heç olmasa 50-60 mülki ermənini öldürsün. Bunu da şər qüvvələr əllərinə bayraq edib Azərbaycanın üzərinə gəlsinlər. 

Lakin İlham Əliyevin zərgər dəqiqliyi ilə hazırladığı planlar qüsursuz işlədi və Azərbaycan öz suveren hüquqlarını bərpa etdi. Ən əsası Azərbaycan humanist və tolerant ölkə olduğunu hər kəsə göstərdi, sübut etdi. 


Təsadüfi deyil ki, hazırda əksər böyük güclər Azərbaycanın apardığı siyasətə qarşı durmur, əksinə ona birbaşa və yaxud dolayısı ilə dəstək verir. Aİ isə nala-mıxa vurmaqda davam edir. Ancaq yaxın gələcəkdə Aİ də Don Kixotluq etdiyini anlayacaq və Azərbaycanın yanında durmağa qərar verəcək. 

Bütün bunlarsa İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 

20 ilə əvvəl dünya ilə əliyalın savaşa çıxan Azərbaycan xalqının böyük oğlu bu gün dünyanı ayağımıza gətirir. Bu gün hər kəs Azərbaycanla hesablaşır. Hər bir region ölkəsi Azərbaycanın yanında dayanmaq istəyir. Çünki Azərbaycanın tutduğu yol inkişaf, firavanlıq və sülh yoludur. 

Bu yolun da memarı İlham Əliyevdir.

Surxay Atakişiyev, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO