Türkiyənin vitse-prezidenti Milli Məclisdə - FOTO

Türkiyənin vitse-prezidenti Milli Məclisdə - FOTO

Hazırda oxunan: Türkiyənin vitse-prezidenti Milli Məclisdə - FOTO

169977

Dekabrın 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Milli Məclisin sədri dost və qardaş ölkələrimiz arasında münasibətlərin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdiyini diqqətə çatdırıb. 

Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmadığını vurğulayan Milli Məclisin sədri hər iki dövlətin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu qeyd edib.

Bildirilib ki, İkinci Qarabağ müharibəsi və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı bir daha bunun şahidi olduq.

Görüşdə ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd olunaraq, bu mənada iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verdiyi vurğulanıb. 
Xatırlanıb ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsində iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri öz əksini tapıb.

Qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrdə iqtisadi əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçılarımızın tapşırığına uyğun olaraq, iqtisadi əlaqələrimizin ilbəil daha da gücləndiyi, ticarət dövriyyəsinin artdığı vurğulanaraq, iqtisadi əməkdaşlığımızın inkişafında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Söhbətdə iki qardaş ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin də vacib rolu qeyd edilərək, bu istiqamətdə də fəal əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb.

Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında Sazişin əhəmiyyətini qeyd edib. O, ikitərəfli əməkdaşlıqla yanaşı, Türkiyə və Azərbaycan parlamentlərinin birgə fəaliyyətini də vurğulayıb.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bu il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyini bildirib, onun müasir müstəqil Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb.

Qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayan Türkiyənin vitse-prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda, həmçinin Türk Dövlətləri Təşkilatında sıx əməkdaşlığından məmnunluğunu ifadə edib.
Söhbət zamanı Cevdet Yılmaz Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən məmnunluğunu ifadə edib. Qonaq Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə bir daha təşəkkürünü bildirib.

Eyni zamanda, hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində Azərbaycan və Türkiyənin əməkdaşlığı qeyd edilib.

Görüşdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək iki ölkə arasında əlaqələrin bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO