Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğulayıb.
Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və Ulu Öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edib.
Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.
Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirib, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd edib.
Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olunub.
Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media