Köhnə qitənin yeni DOSTU – Azərbaycanı Avropanın etibarlı tərəfdaşına çevirən FAKTORLAR

Hazırda oxunan: Köhnə qitənin yeni DOSTU – Azərbaycanı Avropanın etibarlı tərəfdaşına çevirən FAKTORLAR

168481

Azərbaycan gün keçdikcə Qərbin əvəzolunmaz tərəfdaşına çevrilir. Ötən gün bunu bir daha gördük, şahidi olduq. Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan qaz birləşdiricisinin işə salınma mərasimində avropalı liderlər Azərbaycan haqqında ürəkdolusu danışdılar. 

Məsələn, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev bəyan etdi ki, avropalı həmkarlarla görüşlərində hər dəfə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Bolqarıstan Prezidenti ilə təkbətək görüşü olub - FOTO


“Biz elə bu cür də çalışmağa davam edəcəyik".

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin isə fikri qısa və konkret oldu:

“Azərbaycan Serbiyanın əsl dostudur”. 

Şərqi Avropanın iki liderinin səmimi etirafları aydın şəkildə göstərir ki, Azərbaycan təkcə Avropaya lazım  deyil, həm də Azərbaycan köhnə qitə üçün ən etibarlı tərəfdaşdır. Bu gün Avropa İttifaqı ölkələrinin 15-20 faizi Azərbaycan neftinin və qazının alıcısıdır. Üstəlik, Azərbaycan neft-qaz satdığı ölkələrlə bərabər tərəfdaş kimi davranır və bütün məsələləri qarşılıqlı maraqlar əsasında həll edir. 

Halbuki, bu vaxtadək Avropanın əsas qaz təchizatçısı olan Rusiya Qərblə bir qayda olaraq hədə dilində danışıb. Bəzi hallarda isə Rusiya siyasi iddiasına görə Qərbə ötürdüyü qazı dayandırıb. Bu da Avropa ölkələrində Rusiyaya qarşı mənfi imicin formalaşmasında səbəb olub. 

Amma Azərbaycan Qərbə yeni tərəfdaşlıq münasibətləri təqdim edib. Azərbaycan Avropaya təkcə neft və qaz satır, lazım olanda həmin ölkələrə iqtisadi və texniki yardımlar da edir. Halbuki, hazırda dünyanın iqtisadi-siyasi düzənində Azərbaycan qədər liberal siyasət yürüdən, qarşı tərəfin hüquqlarına ən yüksək səviyyədə hörmət edən və bəzi hallarda gələcək əməkdaşlıq üçün müyəyyən güzəştlərə gedən ikinci bir ölkə nümunə göstərmək çox çətindir. 

Azərbaycan Qərb üçün həm də ən əlverişli tranzit ölkəsidir.

Bildiyimiz kimi, tarix boyu Şərqdən Qərbə uzanan tranzit yolların əksəriyyəti Rusiya və İran ərazisindən keçib. Lakin son 20 ildə Qərbin Rusiya və İranla pisləşən münasibətləri fonunda əvvəlki tranzit dəhlizləri o qədər də cəlbedici deyil. 

Belə bir zamanda Azərbaycanın təklif etdiyi yeni tranzit dəhlizlər Qərb üçün əsl fürsət oldu. Azərbaycan üzərindən Şərqlə əməkaşlığı inkişaf etdirməklə Qərb Rusiya və İrandan asılılığı xeyli aşağı saldı. Üstəlik, Azərbaycanın etibarlı tərəfdaş olması Qərb üçün əvəzolunmaz imkanlar yaradır.

Məsələn, düz bir həftə əvvəl Rusiya Avropaya ötürdüyü qazın tranzit tariflərini qeyd-şərtsiz qaldırdı. Bu iqtisadi maraqlardan yox, siyasi iddialardan qaynaqlanan bir qərar idi. Çünki Rusiya elan etmişdi ki, tranzit tariflərinə 2024-cü ildə baxacaq. Lakin heç bir danışıq aparmadan rəsmi Moskva dekabrın 4-də birtərəfli qaydada tranzit tariflərini qaldırdı. 

Azərbaycan isə heç zaman belə desturiktiv vasitələrə əl atmayıb. Ona görə də Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istəyən Avropa dövlətlərinin sayı ilbəil artır.  

Azərbaycan tədricən Avropanın investoruna çevrilir. 

Hazırda Azərbaycan Avropa ölkələri ilə təkcə ticarət sahəsində əməkdaşlıq aparmır, həm də bu ölkələrlə siyasi-iqtisadi və mədəni əlaqələri dərinləşdirir. Hazırda Azərbaycanın İsveçrədə, Bolqarıstanda, Rumıniyada və digər ölkələrdə kifayət qədər iqtisadi yatırımları var. 

Azərbaycandan ötürülən neft bəzi Avropa ölkələrində emal edildikdən sonra benzin və digər yanacaq növləri şəklində avropalılara satılır. Bundan əlavə, Azərbaycan bir çox hallarda Avropa ölkələrində reallaşdırılan layihələrin investoru kimi çıxış edir. Bu isə ölkəmizə əlavə iqtisadi və siyasi dividendlər qazandırır. 

Avropa dövlətləri Beynəlxalq platformalarda Azərbaycanın dəstəkçisi kimi çıxış edir. Bir zamanlar xəyal kimi görünən, bu gününsə reallğı olan bir məqama diqqət yetirsək, fikrimizi daha əyani şəkildə sübut etmiş olarıq.

Azərbaycan artıq bir çox beynəlxalq təşkilatlara rəhbərlik, bir sıra qlobal tədbirlərə isə ev sahibliyi edir. Halbuki, bu hər dövlətə nəsib olan uğur deyil. 

Məsələn, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Nəzərə alaq ki, Rusiya Avropa ölkələrindən hər hansı birinin namizədliyinə qadağa qoyub. Ona görə də bu tədbirə ev sahibliyi etmək üçün Azərbaycan əla fürsət əldə edib. 

Yada salaq ki, ötən həftə Ermənistan bu məsələdə Azərbaycanın xeyrinə öz namizdəliyini geri götürdüyünü bəyan etmişdi. Bunun ardınca Serbiya, Bolqarıstan digər Avropa ölkələri Azərbaycanın namizədliyini dəstəkləyəcəklərini bildirdilər.
Bu isə Azərbaycan üçün çox böyük siyasi uğurdur. Artıq Azərbaycan dünyanın taleyini dəyişəcək tədbirlərə ev sahibliyi edir. Bununla da Azərbaycan bir növ dünyanın diqqət mərkəzinə çevrilir. Bu da ölkəmizin nüfuzunu artırmaqla yanaşı, siyasi gücünə də güc qatır. Azərbaycan regional gücdən beynəlxalq oyunçuya çevrilir. Bu da xalqımızın minillik arzusunun təntənəsidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO