2023-cü ildə yüksək vəzifəyə təyin olunanlar – ARAŞDIRMA 

2023-cü ildə yüksək vəzifəyə təyin olunanlar – ARAŞDIRMA 

Hazırda oxunan: 2023-cü ildə yüksək vəzifəyə təyin olunanlar – ARAŞDIRMA 

168469

İdarəetmədə çevikliyin və peşəkarlığın artırılması məqsədilə Azərbaycanda hər il müxtəlif vəzifələr üzrə bir sıra kadr dəyişiklikləri həyata keçirilir. 2023-cü ildə də bir sıra məmurlar Azərbaycan Prezidentinin sərəncamı ilə müxtəlif vəzifələrə təyinat alıblar. 

Bizim.Media bu il yüksək vəzifələrə təyinat alan şəxsləri araşdırıb.  
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-da yüksək vəzifə tutan millət vəkilləri – SİYAHI


İnam Kərimov


O, 2023-cü ilin aprelin 4-də Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunub. İnam Kərimov bu postda Ramiz Rzayevi əvəz edib. 1977-ci il təvəllüdlü İnam Kərimov 2012-ci ildə yaradılmış ASAN Xidmətin rəhbəri vəzifəsinə təyinat alıb. O, Ali Məhkəmənin sədri təyin olunmazdan əvvəlki 5 il ərzində, 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri postunda çalışıb. İ.Kərimov bu il iyunun 24-dən etibarən həm də Məhkəmə-Hüquq Şurasının sədridir.

Məcnun Məmmədov


14 aprel 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. 

Məcnun Məmmədov əmək fəaliyyətinə "AER" MMC-də başlayıb. O, 2010-2011-ci illərdə həmin qurumun direktoru olub. Daha sonra 2011-2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.

Məcnun Məmmədov həmçinin "Modern Group", "Deloitte", "ABN AMRO Bank Kazakhstan" şirkətlərində müxtəlif vəzifələri icra edib. 2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub. Məcnun Məmmədov eyni zamanda "Paşa Holdinq"in bağçılıq və innovativ ting biznesi olan "Grand-Agro" MMC-yə rəhbərlik edib.

Şahin Bağırov


Şahin Bağırov 2023-cü il 14 fevral tarixində Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin edilib. O, bu vəzifədə Səfər Mehdiyevi əvəz edib. Şahin Bağırov 2014-2018-ci illərdə DGK sədrinin müavini işləyib. O, 2022-ci ilin iyunun 18-dən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsini icra edib. 1965-ci ildə anadan olan Bağırov gömrük xidməti general-leytenantıdır. 

Aqil Qurbanov


Aqil Qurbanov 2023-cü il iyulun sonlarında Müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin olunub. A.Qurbanov bundan öncə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2022 tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 27.02.2023-cü il tarixdən isə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

1986-cı il təvəllüdlü Qurbanov 2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr pilləsinə yiyələnib. 

Araz Poladov


Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov 2023-cü ilin sentyabrında Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyinat alıb.

Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019-2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini bitirib.

Araz Poladov 2021-2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.

Azər Abbasov


O, 2023-cü ilin iyulunda Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 

A.Abbasov 1985-ci ildə Bakı şəhərində anadan olub, 2007-ci ildə Bakı Dövlət Universitetini Hüquq fakültəsi üzrə bakalavr, 2010-ci ildə Kommersiya hüququ üzrə magistr pilləsini bitirib. 2008-ci ildən isə Ədliyyə Nazirliyində məhkəmə nəzarətçisi vəzifəsində çalışıb.

O, 2010-2016-cı illərdə əmək fəaliyyətini Maliyyə Monitorinqi Xidmətində böyük hüquq məsləhətçisi kimi davam etdirib, 2016-2018-ci illərdə qurumun Hüquq sektorunun müdiri vəzifəsini icra edib, 2018-2023-cü illərdə Hüquq departamentinin direktoru vəzifəsini tutub. 

Firdovsi Əliyev 


2023-cü ilin oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Samux rayon icra hakimiyyətinin başçısı təyin olunub. 1961-ci il təvəllüdlü F. Əliyev 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib. 2004-2023-cü illərdə isə ekologiya və təbii sərvətlər nazirinin müavini və müşaviri vəzifəsində çalışıb. 

İlqar Mahmudov


O, 2023-cü ilin avqustundan etibarən Quba Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır. İlqar Mahmudov bu təyinatadək Azərbaycan Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib.

O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsini icra edib.

Vüqar Mustafayev


Vüqar Mustafayev bu il noyabrın 18-də Prezident tərəfindən müdafiə sənayesi naziri təyin olunub. 

V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə “Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub. 

O, 2023-cü ilin martında Prezidentin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Mədət Quliyev


Mədət Quliyev 2023-cü il noyabrın 18-də İlham Əliyevin müfaviq sərəncamları ilə müdafiə sənayesi naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibinin müavini təyin olunub. 

M.Quliyev əvvəlki illərdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi (2001–2002), Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəisi (2002–2004), Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi (2006–2011), İnterpolun Milli Mərkəzi Bürosunun rəisi (2004–2006), Ədliyyə nazirinin müavini və Penitensiar xidmətin rəisi (2011–2015), Milli Təhlükəsizlik nazirinin birinci müavini (oktyabr-dekabr 2015), Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi (2015–2019) vəzifələrində işləyib.

Adil Kərimli


Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-cü il tarixli müvafiq sərəncamları ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilərək, mədəniyyət naziri təyin edilib.

Qeyd edək ki, Adil Kərimli 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib. 10 ilə yaxın Heydər Əliyev Mərkəzində çalışan A.Kərimli Prezidentin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilib, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

SOCAR-ın yeni vitse-prezidentləri


İyulun 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) 7 vitse-prezidentin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın yeni vitse-prezidentləri təyin olunublar.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO