İcma:

İcma: "Borel kimilərinin sayəsində Aİ-nin Azərbaycanda nüfuzu aşağı düşüb"

Hazırda oxunan: İcma: "Borel kimilərinin sayəsində Aİ-nin Azərbaycanda nüfuzu aşağı düşüb"

167575

“Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir. J.Borel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. 

Bəyanatda vurğulanır ki, heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borelin bu rəqəmi haradan götürməsi suallar doğurur. 

“J.Boreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya edib?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borel heç vaxt bu barədə danışmayacaq. 

J.Borel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməmişlər.

J.Borel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməmişlər.

2023-cü il sentyabrın 21-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb. 

“Münaqişə həll edilməyib” deyən J.Borelə xatırladırıq ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll etmişdir və J.Borelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir. 

J.Borellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir ya əksinə? 

J.Borelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır. 

J.Borel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki mümkünsüzdür”, - bəyanatda qeyd edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO