Fransa Ermənistana yenidən hərbi texnika göndərməyi planlaşdırır. Bu barədə xarici mənbələr məlumat yayıb. Bildirilib ki, “Bastion” tipli zirehli texnikalar və zenit-raket kompleksləri Ermənistana çatdırılacaq.
Bəs görəsən, Tiflis bu dəfə də həmin hərbi texnikaların Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq?
Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Ermənistana verilən hərbi texnikalar həm fiziki, həm də mənəvi tərəfdən köhnəlib:
MÖVZU İLƏ BAĞLI:
Ermənistanı gözləyən SURİYA AQİBƏTİ – Makronun göndərdiyi silahlar Paşinyanın ÖZÜNÜ VURACAQ
“Bu silahlar müasir dövrün tələblərinə uyğun deyil. Sözügedən zirehli texnikalar gəzə-gəzə axır ki, Ermənistana gəlib çıxdı. Prosesin adı yüksək səslənsə də heç bir strateji dəyişikliklərə gətirib çıxara bilməyəcək. Ermənistana müharibə lazım deyil. Bunu Nikol Paşinyan və onun ətrafı çox yaxşı başa düşür. Ermənistan baş qaldırmağa çalışsa, Azərbaycan “dəmir yumruq”la elə bir zərbə vuracaq ki, bu dəfə Ermənistanın öz müqəddəratı gündəmə gələcək”.
T.Abbasov vurğulayıb ki, Fransa və ABŞ-ın Qafqaz siyasətindəki yanaşmaları üst-üstə düşür. Onlar Qafqazda hansısa platformanı əldə etməyə çalışırlar ki, yerləşə bilsinlər. Sonrasını artıq proses əsnasında müəyyən edəcəklər. Burada Rusiyanı sıxışdırıb çıxarmaq məsələsi gündəmdədir. İrana uzaqlaşdırmaq ikinci məqsəddir.
Həmçinin Türkiyəyə təsir göstərmək planlar arasındadır. Azərbaycanın gücü, potensialı çox yüksək səviyyədə olduğu üçün biz Ermənistan probleminin öhdəsindən gəldik. Güc amili Qafqazda əsas faktorlardan birinə çevrilib və biz də o gücü əldə etmişik. Qərbin qayələrindən biri odur ki, Azərbaycana təsir etsin”.
Ekspert əlavə edib ki, Ermənistan hazırda başıpozuq siyasət yürüdür:
“Paşinyan hakimiyyəti xalqa məhəl qoymur. Onun əsas məqsədi hakimiyyətini möhkəmləndirməkdir. Qərb bu məsələdə Paşinyana dəstək olacağını bildirib.
Ermənistana dəstək məsələsində Gürcüstanın siyasi hakimiyyəti çox ehtiyatsız davranır.
Fransanın Gürcüstana təzyiqi böyükdür. Gürcüstana rəhbərlik edən əsas 3 nəfər var. Bidzina İvanişvili Fransanın “Şərəf” ordenini alıb, Gürcüstan Prezidenti Salome Zurabişvilinin ikili vətəndaşlığı var. Zurabişvili həm də Fransa vətəndaşıdır. Fransa Xarici işlər nazirliyində onun fəaliyyəti var.
Baş nazir İrakli Qaribaşvili özü Fransada təhsil alıb. Bütün bu amillər bir-birinə bağlıdır, onlar çalışırlar ki, bu boşluqlardan istifadə edib, Azərbaycana təzyiq göstərsinlər. Azərbaycanın əsas gücü ondadır ki, biz heç kəsə maraqlarımıza toxunmağa imkan vermirik”.
Məhərrəm Əliyev, Bizim.Media