Amerikasayağı “FİKİR AZADLIĞI” – “The Washington Post”un böhtan kampaniyasının GİZLİNLƏRİ

Hazırda oxunan: Amerikasayağı “FİKİR AZADLIĞI” – “The Washington Post”un böhtan kampaniyasının GİZLİNLƏRİ

167352

Azərbaycanın müstəqil xarici siyasəti və regional gücə çevrilməsi qlobal gücləri ciddi şəkildə narahat edir. Məhz bu narahatlığın nəticəsidir ki, ABŞ və bəzi Avropa ölkələri Azərbaycanın üzərinə gəlirlər. Onlar öz planlarını klassik formada həyata keçirməyə cəhd edirlər. 

Guya, Azərbaycanda söz azadlığı, azad media yoxdur və s. Təsadüfi deyil ki, ABŞ-ın populyar “The Washington Post“ qəzeti ötən həftə Azərbaycana böyük bir yazı həsr edib. Bütün yazı pafoslu cümlələrdən və ittihamlardan ibarətdir. 
 

MÖVZU İLƏ BAĞLI:

“The Washington Post” qəzeti Azərbaycana qarşı niyə qərəzlidir?


Sözügedən yazıda, ABŞ-ın dövlətimizə qarşı fəaliyyətində istifadə etdiyi “Abzas media” ilə bağlı narahatlıq açıq şəkildə ifadə olunub. Sözügedən “media qurumu”nun əsl məramı, haradan maliyyələşdiyi isə hamımıza bəllidir. 

Belə ki, 28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Onlara "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak etdiklərinə görə ciddi etiraz bildirilib. Görünür, elə bu səbəbdən əl-ayağa düşən Ağ Evdəkilər tez-tələsik “The Washington Post“a Azərbaycan əlehinə məqalənin yayımlanması sifarişini veriblər. 

“The Washington Post“ qəzeti ədalətin, yoxsa pulun yanındadır?

“The Washington Post“ özünü nə qədər “azad sözün təmsilçisi” adlandırsa da bu nəşrin ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən idarəolunması barədə kifayət qədər əsaslar var. Məsələn, bu nəşr həmişə ABŞ prezidenti və digər yüksək çinli məmurlar barədə ehtiyatla davranıb. Daha doğrusu, onlar haqqında həqiqəti yazmaqdan qaçıb. Əvəzində isə ənənəvi olaraq müxalifəti söyüb. Məsələn, Donald Trampın Prezidentlik dövründə hər zaman ehtiyatlı davranan “The Washington Post“ 2020-ci ildən sonra Trampa qarşı müharibə elan etdi. 

Yəni, “kral öldü, yaşasın yeni kral”. 

Vəzifədən gedəndən sonra 2020-ci ilin martında nəşr Trampı “araşdırıb” və onun Rusiyanın adamı olmasını “üzə çıxardıb”. Qəzetin ABŞ-ın keçmiş prezidenti Donald Trampla növbəti qalmaqalı 2023-cü ilin yanvarında olub. “The Washington Post”un jurnalisti Bob Vudvordu siyasətçinin razılığı olmadan müsahibə yazılarının olduğu audiokitabı dərc etdib. Hər iki məsələ üzrə mübahisə məhkəməyə qədər gedib.

Bu cür faktların sayını artırmaq olar. Ancaq bunun nəticəyə heç bir təsiri olmayacaq. Nəticə odur ki, “The Washington Post” Ağ Evin “divar qəzetidir”. Nəşr bütün tapşırıqları və gündəlik tezisləri Ağ Evdən və Mərkəzi Kəşfiyyat İdarəsindən alır. 

“The Washington Post“ qəzeti hansı oyunun icraçısıdır?

“The Washington Post” ABŞ hakimiyyətinə qarşı nə qədər həssas və diqqətlidirsə, digər ölkələrə və onların liderlərinə qarşı bir o qədər ədalətsiz və qərəzlidir. Bu nəşrin Rusiya, Çin və digər dövlətlər haqqında yazdıqları birbaşa siyasi məqsəd daşıyır. Məqalələr fikir azadlığından uzaq, korporativ maraqlardan qaynaqlanır. 

Nəşrin qənaətincə, ABŞ dünyanın “ədalət carçısı”, müstəqil siyasət yürüdən ölkələr isə birmənalı şəkildə “demokratiya düşmənləri”dir. Üstəlik, ABŞ-ın Suriyada, İraqda, Əfqanıstanda törətdiyi vəhşiliklərə “The Washington Post” lal, kar, kor qalıb.

“The Washington Post“ qəzetin yeganə hədəfi ABŞ-nın siyasi maraqlarına boyun əyməyən dövlətlər və onların liderləridir. Ona görə də nəşrin digər ölkələr kimi Azərbaycana qarşı da münasibəti qərəzli və ədalətsizdir.

Obyektivlik təkcə hansısa ölkənin iqtidarını tənqid etməkdir?

Hansısa ölkənin iqtidarını tənqid edib, demokratiyanın boğulduğunu yazmaq məsələnin ən asan tərəfidir. Məsələnin çətin tərəfi haqqın və ədalətin yanında dayanmaqdır. “The Washington Post” heç zaman Azərbaycanın üzləşdiyi problemlərlə bağlı bir kəlmə belə yazmayıb. 

Məsələn, bu nəşr son 30 ildə bir dəfə ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşmayıb ki, siz Ermənistanın işğal siyasətinə niyə göz yumursunuz? Niyə, işğalçı Ermənistana son 30 ildə hər cür dəstəyi vermisiniz? Ağ Evdəkilər və konqresdəkilər nəyə görə işğalçı ölkəyə görə işğala məruz qalan ölkənin başı üzərindən “Damokl qılıncı” - bədnam “907-ci düzəlişi” asıblar? 

Bu gün ABŞ və digər ölkələr, bəzi beynəlxalq təşkilatlar işğaldan azad olunmuş ərazilərdə erməni “maddi-mənəvi” irsinin dağılması barədə sərsəm fikirlər səsləndirir. “The Washington Post” və digər “azad söz” daşıyıcıları da bu cür cəfəng fikirləri yayımlayırlar.

Amma bu nəşr bir dəfə belə yazmayıb ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb.

Bu illər ərzində Ermənistan Azərbaycanın 20 faiz ərazisində bütün maddi-mənəvi irsi məhv edib. Minlərlə azərbaycanlı uşaq, qadın və qoca amansızlıqla qətlə yetirildi. 
Azərbaycanlı olduğuna görə 300 min insan 1988-1990-cı illərdə Ermənistandan ən ağır şərtlərlə qovuldu. Öz dədə-baba ocağından getmək istəməyən uşaqlar, qocalar, qadınlar və digər mülki əhali dəmir borularda qaynaq edilib öldürüldü, quyulara atıldı və ağıla gəlməyən üsullarla incidildi və qətlə yetirildi. 

Bəs, o zaman və sonralar “haqqın və ədalətin carçısı” olan “The Washington Post” niyə səsini çıxartmadı? Amma 5-10 erməninin könüllü şəkildə Qarabağdan getməsi diskriminasiya, insan azadlıqlarına qarşı zorakılıq kimi qələmə verildi.

Deməli, “The Washington Post” üçün xalqların azadlığı, insanlığın təntənəsi yox, Vaşinqtonun siyasi maraqları daha önəmlidir.

Hansı ki, Vaşinqton dünyanı vahid mərkəzdən idarə etmək istəyir və bu istəyinə qarşı çıxanları isə “söz azadlığının düşməni” adlandırır. 

Çox təəssüf ki, “ədalət” hər zaman güclünün yanında olur. Bu gün ABŞ qlobal güc olduğu üçün, bu ölkədəki bütün qurum və təşkilatlar özlərinin sərsəm fikirlərini haqqın və ədalətin səsi kimi dünyaya sırımağa çalışırlar.

Ancaq dövran dəyişib. 

Artıq dünya Ağ Evdəkiləri və onun əlaltılarını yaxşı görüb, tanıyır. Bu gün Azərbaycan bəzi ölkələr kimi Ağ Evdən gələn göstərişlərlə idarə olunmur, müstəqil siyasət aparır. Buna nə ad verirlərsə, versinlər. Amma bizim bildiyimiz bir həqiqət var. Azərbaycan doğru yoldadır. Necə deyərlər, doğru yolda gedənə badalaq vurmaq istəyənlərin özləri yerdə qalar...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO