Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatlarında Azərbaycanla bağlı əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Hesabatda çoxlu sayda köhnəlmiş, hətta artıq Ermənistanın belə istifadə etmədiyi terminologiyanın yer alması onu deməyə əsas verir ki, Avropa Parlamentinin bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur.
Avropa Parlamentində olan həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.
Avropa Parlamentinin deputatlarının Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur. Bununla belə, bu müddət ərzində Ermənistanın dağıdıcı əməlləri Avropa Parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən pislənilməmişdir.
Avropalı deputatlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycanın tarixi qələbəsi nəticəsində bölgədə yaranmış və beynəlxalq hüquqa tam uyğun olan yeni reallıqlar əsasında sülh prosesinə əngəllər törədirlər.
Sözügedən sənədlərdə deputatların enerji sahəsində anlaşmanı və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmaq istiqamətində çağırışlarına gəldikdə isə, avropalı həmkarlarımız başa düşməlidirlər ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq, onu təhdid etmək heç bir nəticə verməyəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin hazırladığı sözügedən kağız parçalarının heç bir hüquqi qüvvəsinin və çəkisinin olmadığını bildirir və Azərbaycan əleyhinə fəaliyyətə son qoyulmasını tələb edir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:26 / 30.11.2023
Milli Məclis Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı hesabatlarını PİSLƏDİ
Hazırda oxunan: Milli Məclis Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı hesabatlarını PİSLƏDİ
Hazırda oxunan: Milli Məclis Avropa Parlamenti komitəsinin Azərbaycanla bağlı hesabatlarını PİSLƏDİ
166903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.