Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Bizim.Media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev dövlətimizin başçısına Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə bağlı məlumat verdi.
Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meyilinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Bildirildi ki, Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində, Azadlıq prospekti 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.
Diqqətə çatdırıldı ki, Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb. Təlim-Məşq Mərkəzi müasirliyi ilə diqqəti cəlb edir.
Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.
Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib. Həmçinin stadion müasir işıqlandırma sistemi ilə təchiz edilib.
Dövlətimizin başçısı əsas binada yaradılan şəraitlə də tanış oldu.
Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.
Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var.
Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.
İdman qurğusunun həyətində geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Bu gün Azərbaycanda idman cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb.
Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb.
Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.
Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.
Bizim.Media