İlham Əliyev Tokayev ilə görüşüb – FOTO 

İlham Əliyev Tokayev ilə görüşüb – FOTO 

Hazırda oxunan: İlham Əliyev Tokayev ilə görüşüb – FOTO 

165903

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Bizim.Media xəbər verir ki, əvvəlcə dövlət başçıları arasında qısa dialoq olub.

Prezident Kasım-Jomart Tokayev: Mənimlə böyük nümayəndə heyəti gəlib.

Prezident İlham Əliyev: Bəli, doğrudur.

Prezident Kasım-Jomart Tokayev: Hökumət üzvləridir.

Prezident İlham Əliyev: Bütün qonaqların gəlişinə şadam. Bu, onu göstərir ki, gündəlik kifayət qədər genişdir.

Prezident Kasım-Jomart Tokayev: Azərbaycanla qarşılıqlı münasibətlər, əməkdaşlıq bizim üçün prioritetdir.

Prezident İlham Əliyev: Bizim üçün də belədir.

Qazaxıstan Prezidentinə Bakıya səfərinə görə təşəkkür edən Prezident İlham Əliyev deyib:

- Kasım-Jomart Kemeleviç, bu tədbirdə iştirakınıza görə sağ olun. Hesab edirik ki, bu, həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı fəaliyyətimizin gələcəyi ilə bağlı məsələləri birlikdə müzakirə etmək üçün yaxşı fürsətdir.

İkitərəfli gündəliyə gəldikdə, Sizin də qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi özlüyündə bunun göstəricisidir. Mövzular çoxdur. Əməkdaşlığın bütün istiqamətləri üzrə maksimum səmərəli fəaliyyət mövcuddur.

Biz, yaxşı dostlar, qardaşlar, tərəfdaşlarıq. Ona görə də son illər ölkələrimizin hökumət üzvləri arasında, şirkətlər arasında rəsmi səfərlər çərçivəsində bizim aramızdakı təmasların dinamikası əyani şəkildə görünür.

Həqiqətən də biz, zənnimcə, ölkələrimizin müstəqil inkişafının bütün tarixində qarşılıqlı fəaliyyətimizin ən yüksək səviyyəsinə çatırıq. Bu, çox xoşdur. Birincisi, bu, məntiqi olaraq xalqlarımız arasında münasibətlərin ruhunu və xarakterini əks etdirir və zamanın hökmüdür. Biz bu gün Xəzər regionunda və daha geniş regionda bir çox sahələr üzrə səyləri birləşdirərək çox mühüm energetika və nəqliyyat layihələri həyata keçiririk. Əlbəttə, bunun əsası ondan ibarətdir ki, ölkələrimizin iqtisadi inkişafı çərçivəsində yaxşı təməl qoyulub.

Bu gün SPECA Proqramının 25 illiyinə yekun vurarkən, yəqin ki, hər bir ölkə bizim necə irəlilədiyimizi görə bilər. Sevindirici haldır ki, Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinə bu gün yeni məzmun əlavə edilir. Bu tədbirdə iştirak etmək üçün vaxt tapdığınıza görə Sizə çox minnətdaram. Son vaxtlar bizim təmaslarımız müntəzəm xarakter daşıyır. Biz artıq bu ay Qazaxıstanda görüşmüşük. Beləliklə, düşünürəm ki, növbəti ildə də təmasların dinamikası planlaşdırılacaq.

Növbəti ildə biz Sizi dövlət səfəri ilə gözləyirik. Düşünürəm ki, biz bu səfərə də yeni ideyalar və yeni nəticələrlə yaxşı hazırlaşacağıq. Bir daha xoş gəlmisiniz.

Sonra Prezident Kasım-Jomart Tokayev çıxış edərək deyib:

- Təşəkkür edirəm. Möhtəşəm Bakı şəhərində olmaq mənim üçün çox xoşdur. Mən çıxışımda Bakını Xəzər regionunun incisi adlandırmaq istəyirəm. Burada heç bir mübaliğə yoxdur, çünki mən bir çox şəhərlərdə olmuşam. Prinsipial olaraq hesab edirəm ki, Bakı geniş beynəlxalq miqyasda ən gözəl şəhərlərdən biridir.

Fürsətdən istifadə edərək, indi Azərbaycan ərazisində Sizi və bütün qardaş Azərbaycan xalqını əsrin tarixi hadisəsi – beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə uyğun olaraq ölkənin ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik etmək istərdim.

Bu, Sizin güclü və nüfuzlu rəhbərliyiniz, dövlətçiliyin möhkəmləndirilməsinə yönəlmiş uzaqgörən müdrik siyasətiniz, xalqın rifahının yüksəldilməsi və beynəlxalq aləmdə ölkənizin nüfuzunun artırılması sayəsində mümkün olub.
Zənnimcə, bu, həqiqətən tarixi hadisədir və özünü Azərbaycana münasibətdə qardaş, dost hesab edən ölkələrin hamısı buna sevinib. Sizinlə razıyam ki, ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir, yeni layihələr ortaya çıxır. Bizim bir-birimizə heç bir sualımız yoxdur. Biz həqiqi strateji tərəfdaşlar, Xəzər dənizi ilə faktiki qonşularıq.

Strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə dair birgə Bəyannamənin qəbul edilməsi, həmçinin Ali Dövlətlərarası Şuranın təsis olunması da tarixi hadisədir. Qeyd etdiyim kimi, bu fürsətdən istifadə edərək mən Bakıya faktiki olaraq tam formatda nümayəndə heyəti ilə gəlməyi qərara aldım. Çünki hesab edirəm ki, Azərbaycanda bugünkü görüşlərdə danışıqlar mahiyyətcə çox zəngin olacaq. 

x x x

Qazaxıstan Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib, bu uğurlara dövlət başçısının müdrik siyasəti nəticəsində nail olunduğunu vurğulayıb.

Prezident Kasım-Jomart Tokayev hazırda Füzuli şəhərində Kurmanqazı adına yaradıcılıq mərkəzinin inşasının Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərinə bir töhfə olduğunu qeyd edib.

Prezident İlham Əliyev təbrikə və Kurmanqazı adına yaradıcılıq mərkəzinə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirib.

Prezident Kasım-Jomart Tokayev atası, görkəmli qazax yazıçısı Kemel Tokayevin 100 illik yubileyinin keçirilməsinə və “Gecə açılan atəş” əsərinin çapdan çıxmasına (!) görə minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycanın və Qazaxıstanın beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsi, ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məmnuniyyətlə qeyd olunub. Qazaxıstan neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizin nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-logistika imkanlarının və Transxəzər nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin “Rəqəmsal İpək Yolu” layihəsinin və Xəzər dənizinin dibi ilə xəttin çəkilməsi məsələsinin əhəmiyyəti və burada ölkələrimizin işbirliyi məmnuniyyətlə qeyd olunub. Eləcə də Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında orta dəhliz üzrə multimodal əməkdaşlığın qurulması və bu xüsusda ayrıca şirkətin yaradılması həmin istiqamətdə nəqliyyat-logistika imkanlarının inkişaf etdirilməsi baxımından müsbət irəliləyiş kimi vurğulanıb.
Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli əməkdaşlığı, Xəzərin dibi ilə elektrik xəttinin çəkilməsi və bunun gələcəkdə Avropa istiqamətində ixracı qeyd olunub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, Azərbaycanın cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizinin formalaşmasının ötürücülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Söhbət zamanı SPECA-nın əhəmiyyəti xüsusi vurğulanıb, bu Zirvə görüşünün Proqramın 25-ci ildönümünə həsr olunduğu qeyd edilib.

Dövlət başçısı bu Zirvə görüşündə SPECA-ya üzv ölkələrlə yanaşı, region dövlətləri ilə dost və tərəfdaş olan Macarıstanın və Gürcüstanın iştirakını da məmnuniyyətlə qeyd edib. Macarıstanın və Gürcüstanın nəqliyyat-logistika imkanları baxımından da tərəfdaş ölkələr olduqları bildirilib.
Görüşdə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.







Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO