Daha bir beynəlxalq təşkilatın Azərbaycana qarşı ədalətsiz və qərəzli yanaşmasına şahidlik etdik. Bu dəfə UNESCO vəzifəsinə uyğun olanı deyil, ermənilərin maraqlarına xidmət edən addımı atdı. Bəyan etdiyi prinsipləri ayaqlar altına atan bu təşkilat digər qüvvələrin əlində maşa olduğunu açıq şəkildə ortaya qoydu.
Yayılan məlumata görə, UNESCO Azərbaycanın Qarabağ bölgəsinə səfər üçün ölkəmizdə olub. Qurumun təmsilçiləri Bakıdan birbaşa Xankəndinə getmək istəyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan UNESCO-nun Proqramının Şurasına üzv seçilib - FOTO
Lakin Azərbaycan tərəfi təklif edib ki, faktaraşdırıcı missiya Ağdam rayonunda ermənilər tərəfindən dağıdılmış maddi-mənəvi irsin qalıqlarına baxsın.
UNESCO-nin nümayəndələri buna qarşı çıxsalar da, Azərbaycan tərəfinin təklifi ilə razılaşmaq məcburiyyətində qalıblar. Amma Ağdam rayonu ərazisində cəmi iki dağıdılmış abidəyə gözucu baxış keçirdikdən sonra Xankəndinə tez çatmaq istədiklərini dilə gətiriblər.
UNESCO bölgəyə xoşməramla yox, məqsədli şəkildi gəlib
Əslində bu təşkilatdan bundan artığını gözləmək də yersiz olardı. Çünki UNESCO son 30 ildə bir dəfə də olsun işğal altında olan ərazilərə səfər etməyib. İşğal illərində erməni vandalları tərəfindən Azərbaycanın maddi-mənəvi irsinin necə dağıdılmasının monitorinqini aparmayıb.
Baxmayaraq ki, bu məsələ ilə bağlı Azərbaycan dəfələrlə UNESCO-ya müraciət edib.
Azərbaycanın davamlı israrından sonra UNESCO 2005-ci ildə etiraf etdi ki, Ermənistan işğal altında olan Azərbaycan torpaqlarına səfər etməyə onlara icazə vermir. Vəssəlam. Bundan sonrakı 15 ildə də UNESCO erməni vəhşiliyini görmək üçün bölgəyə gəlməyə təşəbbüs göstərməyib.
Bu gün isə UNESCO hamıdan qabaq Qarabağa gəlir. Səbəb heç də 30 ildə etməli olduğu işi gec də olsa görmək deyil. Təşkilat ermənilərin dağıtdığı maddi-mənəvi irsin monitorinqini aparmaq niyyətindədir. Ona görə gəlirlər ki, Azərbaycanın Qarabağ ərazisindəki erməni “maddi-mənəvi” irsinin siyahısını hazırlasınlar və sonra da onun qorunması üçün Azərbaycan hökümətinə təklif yazsınlar.
Bu da onu göstərir ki, UNESCO-nun missiyası Azərbaycana məqsədli şəkildə, kimlərinsə göstərişi ilə gəlib. Gəlib ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına “öz töhfəsini versin”.
“UNESCO-dan obyektivlik görmədik”
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Millət vəkili Müşviq Məmmədli bildirib ki, son 30 ildə Azərbaycanın Qarabağ və ətraf ərazilərdəki maddi-mənəvi sərvətlərinin ermənilər tərəfindən dağıdılmasına UNESCO hər zaman səssiz qalıb:
“Bu vandalizmin araşdırılması üçün bu qurum heç bir təşəbbüs göstərməyib. Baxmayaraq ki, Azərbaycan hər zaman UNESCO ilə əməkdaşlıqda maraqlı olub. Həttə bu təşkilatın keçirdiyi bir çox tədbirlərə maddi-texniki dəstək göstərib.
Bütün bunlara rəğmən UNESCO Azərbaycanın dağıdılan maddi-mənəvi sərvətləri ilə bağlı heç bir qabaqlayıcı tədbir görməyib. Proseslərə barmaqarası baxıb. Hazırda Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün tarixi abidələrə həssaslıqla yanaşır, onu tarixi miras hesab edir”.
Millət vəkili onu da qeyd edib ki, UNESCO bölgəyə səfər edərkən ən azı obyektivlik xatirinə ermənilərin dağıtdığı tarixi-mədəni abidələrə baxış keçirməli idi:
“Bundan sonra isə Xankəndinə gedilməliydi. Hələ yaxşı olardı ki, UNESCO Azərbaycana gəlmişkən etniklərin yaşadığı digər bölgələrə də səfər edərdi, oradakı digər xalqların yaratdığı mədəni irsin necə qorunduğunun əyani şahidi olardı. Nə yazıq ki, biz bu obyektivliyi və ədalətli yanaşmanı görmədik. UNESCO-nun da digər beynəlxalq qurumlar kimi birtərəfli və qərəzli yanaşmasına şahidlik etdik”.
Surxay Atakişiyev, Bizim.Media