“Amerika Senatının 15 noyabr tarixli qərarı 21-ci əsrdə Zəfər qazanan xalqımızın qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağından qorxudan irəli gəlir.
Tarix təkrar olunur - düz 34 il əvvəl, 1989-cu ilin 19 noyabrında Amerika Konqresi “Qarabağda əhalinin 80 faizinin ermənilər olduğunu, keçirilən referendumun əhalinin iradəsini ifadə etdiyini vurğulayaraq, sovet Ermənistanına yardım, SSRİ rəhbərliyi ilə Qarabağın taleyinin ayrılıqda həllinə dair” qətnamə çıxardı. Üstündən iki ay sonra ata Buş 20 yanvar faciəsini alqışladı, Qorbaçova bəraət qazandıran dövlət katibi Ceyms Beykersə dedi: “mənasız qan tökülməsini və milli ədavəti durdurmaq üçün ordudan istifadə olunmalıdır”. Göründüyü kimi, 15-16 noyabr dinləməsi və qərarı köhnə kursun davamıdır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ Senatının qəbul etdiyi sənəd BMT-nin bəyanatına ziddir” – SPİKER
“Ulu öndər Heydər Əliyev 907-ci düzəlişə qarşı uzun illər savaşarkən demişdi: “pulunuzu istəmirik, lakin haqsız qərarınız bizi mənəvi cəhətdən əzir”. Gerçəkdən, hökm kimi sözlərdir. İndi 92-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər.
Bayden Administrasiyası 20 sentyabrdan sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdırlar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur”, - deyə deputat əlavə edib.
Zahid Oruc qeyd edib ki, Ağ Ev Azərbaycana qarşı siyasətini Xankəndi azad olunduqdan sonra da dəyişməyib:
“44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, Avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. Son 3 ildə Ermənistan-Azərbaycan sülh danışıqlarını zəbt etmək, Avropa Birliyinin əliylə Ermənistana 2.6, Azərbaycana 2 milyard rüşvət planı ilə dövlətlərin mövqelərini satın almağa çalışır.
ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAİD kimi onlarla inqilab yayan maliyyə və qeyri-dövlət institutları, Konqresi ilə Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır”.
Murad Əhmədov, Bizim.Media