Prezident və birinci xanım İsmayıllıda “DOST EVİ”nin açılışında iştirak ediblər - FOTO/VİDEO

Prezident və birinci xanım İsmayıllıda “DOST EVİ”nin açılışında iştirak ediblər - FOTO/VİDEO

Hazırda oxunan: Prezident və birinci xanım İsmayıllıda “DOST EVİ”nin açılışında iştirak ediblər - FOTO/VİDEO

164483

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. 

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə daim xüsusi diqqət yetirilir.

Bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir. 

Mərkəzin fəaliyyət istiqamətləri əsasən musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir. 

Fəaliyyət dövrü ərzində 470 benefisiar Mərkəzdə müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlim, sosial pedaqoji və psixoloji xidmətlərdən yararlanıb. Hazırda Mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür. 

İsmayıllıdakı “DOST EVİ” də həmin Mərkəzin filialı kimi fəaliyyət göstərəcək. 

Bildirilib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialı Muğanlı-İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşir. 

Müəssisə modern və konstruktiv elementlərlə, milli ornamentlər də əlavə olunmaqla müasir üslubda layihələndirilib, mühəndis sistemləri ən yüksək tələblərə cavab verir. 

“DOST EVİ” birmərtəbəli olmaqla iki blokdan ibarətdir. Filialda 10 istiqamət üzrə 6 emalatxana - dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək. 

Sərgi və Satış Mərkəzində benefisiarların hazırladıqları əl işlərinin nümayişi, həmçinin satışı həyata keçiriləcək. Hazırda “DOST EVİ”ndə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir. 

Diqqətə çatdırılıb ki, bölgədə yaşayan və “DOST EVİ”nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “DOST EVİ”ndəki emalatxanalarla tanış olublar. 

“DOST EVİ” bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olacaq. Burada 50 nəfərin məşğulluğu təmin ediləcək. Benefisiarlar, təlimçilər və digər işçilər əlilliyi olan şəxslər və digər həssas qruplar arasından seçiləcək. 

Qeyd olundu ki, filialda 50-80 nəfər benefisiar üçün 6 ay – 2 il müddətində təlimlər-kurslar təşkil olunacaq və sonda onlara sertifikatlar veriləcək. 

Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində işə cəlb edilərək ictimai iaşə xidmətləri təşkil olunacaq. 

Burada qonaqlara ekoloji təmiz məhsullardan hazırlanan və milli kulinariya nümunələri olan keyfiyyətli qidalar, un məmulatları təqdim ediləcək. Filialın bio-market sahəsində ekoloji təmiz kənd təsərrüfatı məhsulları satılacaq. 

Bir sözlə, “DOST EVİ” bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək. 

İsmayıllı rayonunda belə bir müəssisənin yaradılması, eyni zamanda, bu ərazinin abadlaşmasına imkan yaradıb. 

“DOST EVİ” Muğanlı-İsmayıllı yolu ilə hərəkət edən insanlar, xüsusilə qonaqlar üçün gözəl asudə vaxt, istirahət və keyfiyyətli xidmətlər məkanı olacaq.
 





































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO