Rusiyaya XƏYANƏTİN NƏTİCƏSİ – Qışda soyuqdan donan ermənilər Paşinyana “OD QOYACAQLAR”

Hazırda oxunan: Rusiyaya XƏYANƏTİN NƏTİCƏSİ – Qışda soyuqdan donan ermənilər Paşinyana “OD QOYACAQLAR”

163741

Soyuyan havalar Ermənistanda siyasi-iqtisadi atmosferin temperaturu artırır. Çünki Rusiya ilə “soyuq müharibə” şəraitində olan Ermənistan bir sıra iqtisadi dividendlərdən məhrum olub. Ən əsası da mavi qaz məsələsində Ermənistan ciddi sınaq qarşısında qalıb. 

Belə ki, Ermənistan ötən il mavi yanacağa olan ehtiyacının 85 faizdən çoxunu Rusiya hesabına ödəyirdi. Yalnız, ölkənin cənub bölgəsi İrandan qaz alırdı.
 

MÖVZU İLƏ BAĞLI:

Moskva-İrəvan gərginliyi PİK HƏDDƏ - "Ukrayna müharibəsindən sonra növbə Ermənistandadır"


Paşinyanın Rusiyaya qarşı elən etdiyi “soyuq müharibə”dən sonra Moskva erməniləri iqtisadi rıçaqlarla əzmək istəyir. Əsas rıçaqlardan biri də yanvar ayından mavi qazın verilişini azaltmaq və güzəştli tarifləri ləğv etməkdir. 

Ona görə də Ermənistanı sərt qış gözləyir. Bunu nəzərə alan rəsmi İrəvan hələ aylar əvvəl alternativ mənbələrə əl atdı. Həmin mənbələrdən biri də ölkəyə daha çox elektrik enerjisi idxal etmək ideyasıdır. Bunun hesabına Ermənistan qaza olan tələbatı elektrik enerjisi vasitəsi ilə ödəmək istəyir.

Qış qapını kəssə də bu istiqamətdə hələlik heç bir irəliləyiş yoxdur

Paşinyan höküməti nəzərdə tutmuşdu ki, həm Gürcüstandan, həm də İrandan elektrik enerjisi alsın. Amma bu qədər enerjini ötürmək qabiliyyətində olan infrastruktur yoxdur. Erməni mətbuatının yazdığına görə Çin şirkətləri hələ ki, bu layihədə  iştirak edə bilmirlər. Avropa və ABŞ şirkətlərinin “vaxtı” yoxdur, İran şirkətlərininsə maliyyə imkanları məhduddur.

Ən maraqlı məqamsa ondan ibarətdir ki, yerli şirkətlər hesabına başlanılan layihə yarımçıq qalıb. Baxmayaraq ki, arada külli miqdarda dövlət vəsaiti “yoxa çıxıb”. Ermənistan Dövlət Nəzarəti Xidməti İran-Ermənistan və Ermənistan-Gürcüstan elektrik verilişi xətlərinin çəkilişi zamanı ciddi maliyyə pozuntularına yol verildiyini iddia edir. 

Bu məqsədlə Xidmət tərəfindən “Ermənistanın Yüksək Gərginlikli Elektrik Şəbəkələri” dövlət müəssisəsində yoxlama aparılıb. Bəlli olub ki, külli miqdarda vəsait xərclənsə də heç bir uğur əldə edilməyib.

Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan ötən gün yerli mətbuata açıqlamasında Dövlət Nəzarət Xidmətinin mövqeyi ilə razı olmadığını bildirib:

“Bu vəziyyət ödənişlərin gecikdirilməsi (debitor borclarının ödənilməməsi) səbəbindən yaranıb. Bu səbəbdən hər iki layihə həqiqətən gecikdirilib”.

Nazir müavini onu da qeyd edib ki, Ermənistanın enerji sisteminin gücü çox məhduddur:

“Çünki, bizim  nə İrana, nə də Gürcüstana 220 kV-dan yüksək gücü olan bir elektrik xəttimiz belə yoxdur. Gürcüstana bir 220 kV-luq və iki 110 kV-luq, İrana isə iki 220 kV-luq xətt var. Yeni layihədə isə 400 kV-luq iki yeni xəttin çəkilişi nəzərdə tutulur. Dekabrın 6-da KfW-dən olan tərəfdaşlarımızla bundan sonra nə edəcəyimizi müzakirə edəcəyik. Ola bilər ki, yeni tender elan edək və ya ola bilsin ki, şirkətlər arasında birbaşa sorğu keçirək”. 

Hazırda Ermənistanın büdcəsi imkan vermir ki, bu layihəyə əlavə vəsait yönəldilsin. Beynəlxalq maliyyə institutları isə riskin yüksək olması səbəbilə Ermənistana investisiya yatırmaq istəmirlər. Məsələn, Gürcüstandan çəkiləcək xətt üçün Almaniyanın “KFW” bankı, İrandan çəkiləcək xətt üçünsə İran İxrac və İnkişaf Bankı ilə müəyyən razılıq əldə edilsə də bu günə kimi heç bir bank Ermənistana kredit ayırmayıb.

Göründüyü kimi qış qapını kəssə də Paşinyan iqtidarı hələki həll yolu tapmayıb. Paşinyana şirin vəd verən Qərb çətin vəziyyətdə qalan Paşinyan hökümətinə yardım etmək istəmir.

İranın vəziyyəti göz qabağındadır, Rusiya ilə münasibətlərdən isə danışmaq yersizdir. Bu gedişlə Ermənistanın qışda donması qaçılmaz olacaq. Belə vəziyyətdə isə Paşinyan yenidən Putinin əlini öpməyə məcbur olacaq. Əks təqdirdə soyuqdan donan ermənilər Paşinyana “od qoyacaqlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO