Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.
Bizim.Media xəbər verir ki, dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcərin Vəngli kəndinə GEDİBLƏR
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək.
Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
Qeyd edilib ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Bizim.Media