Son zamanlar ABŞ başda olmaqla Qərbin Ukraynaya marağı müəyyən qədər azalmağa başlayıb. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, ABŞ Konqresin ayırdığı vəsaitin tükənməsi səbəbindən Ukraynaya verdiyi hərbi yardımı azaldır. "Ukraynanı mümkün qədər uzun müddət dəstəkləmək üçün Ukraynaya hərbi texnikanın kiçik paketlərini köçürməyə başlayırıq", - deyə siyasətçi açıqlayıb.
Qeyd edək ki, ABŞ noyabrın 3-də Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Onun ümumi dəyəri cəmi 425 milyon dollardır.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Radaya Rusiya ilə konsulluq müqaviləsinə xitam verməyi TƏKLİF EDİB
Ukrayna sülhə məcbur edilir...
Bu fonda son zamanlar həmçinin Avropa ölkələrinin mətbuatında Ukraynanın sülhə məcbur edildiyi barədə məqalələr də geniş yer almağa başlayıb. Bir sıra Avropa ölkələri hətta Ukraynaya hərbi yardımı dayandırdıqlarını da bəyan ediblər.
Görünən odur ki, Ukrayna müharibəsinin uzanması və Kiyevin Qərbdən aldığı silahlara rəğmən cəbhədə elə də ciddi uğurlara imza ata bilməməsi onun hamilərinin bu ölkəyə marağını müəyyən dərəcədə azaldıb. Qərbdə bu fonda artıq anlamağa başlayıblar ki, Ukrayna Rusiyanın nəzarətinə keçən bütün əraziləri azad etmək gücündə və iqtidarında deyil. Digər tərəfdən, hərbi yardımın azalmasına onu verən ölkələrdəki iqtisadi və siyasi vəziyyətdə təsir göstərə bilər.
Proses Ukraynanın parçalanması ilə yekunlaşacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ukrayna cəbhəsində proses bu ölkənin parçalanmasına doğru gedir:
“Məsələ elə ona doğru gedir. 2024-cü ilin ilk yarısında Ukrayna özü üçün əlverişsiz şərtlərlə saziş imzalamağa məcbur olacaq. Çünki müharibənin uzanmasına Ukrayna tab gətirə bilməyəcək.
Ən yaxşı halda Ukrayna daha kiçik perimetrdə formalaşan dövlət olacaq. Amma Donetsk, Luqansk və Rusiya qoşunlarının möhkəmləndiyi digər ərazilər ondan ayrılacaq.
Rusiya bütün kommunikasiyaların kəsişdiyi Avdeyevkanı götürsə, Ukraynanın müharibədə qələbə şansları sıfıra enəcək.
Vaxtilə Bjezinski deyib ki, “Ukrayna Aİ sərhədlərində böyük dövlətdir”. O həmçinin əlavə edib ki, Ukraynanın ərazisi balaca olmalı, burada 20 milyon insanın yaşaması tam münasibdir. Qərb siyasi texnoloqları Ukraynaya Avropanın qulluğunda dayanan sırf aqro-sənaye ölkəsi kimi baxdıqlarını heç zaman gizlətməyiblər.
Rusiya ərazi, faydalı qazıntılar, hərbi-texniki baza, sənaye imkanları baxımından Ukraynadan qat-qat güclüdür. Digər tərəfdən, müharibə Ukraynaya böyük faciələr gətirib”.
Rüfət Sultan, Bizim.Media