Qərb Paşinyanı Rusiyanın qəzəbindən QORUYA BİLƏCƏKMİ? – TƏHLİL 

Hazırda oxunan: Qərb Paşinyanı Rusiyanın qəzəbindən QORUYA BİLƏCƏKMİ? – TƏHLİL 

162763

Qərb davamlı şəkildə Ermənistanın ərazi bütövlüyü ilə bağlı narahatlığını dilə gətirir. Sonuncu dəfə belə bir bəyanat ABŞ-dan gəldi. Belə ki, oktyabrın 31-ində Senatın Təsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq. 

Nəzərə alaq ki, Blinkenə qədər də Qərbin bir sıra siyasi dairələri Ermənistanla bağlı “narahatlıqlarını” dilə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb yenə Ermənistana SAĞ GÖSTƏRİR – Zərbə isə SOLDAN VURULACAQ...


Bu deyilənləri eşidən və Cənubi Qafqazdan uzaqda yaşayan insanlarda belə bir təəssürat yarana bilər ki, Ermənistan yaxın günlərdə Azərbaycanla qanlı və amansız müharibəyə başlayacaq. 

Reallıqda isə bölgədə müharibə riski “0”-a yaxındır. Çünki Azərbaycan Qarabağdakı antiterror tədbirlərindən sonra öz ərazi bütövlüyünü və suveren hüquqların bərqərar edib. Azərbaycanın Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Belə olan təqdirdə Azərbaycanın Ermənistana qarşı müharibəyə başlayacağı heç məntiqli görünmür. Amma Qərb yenə dediyindən dönmür. 

Qərbin klassik üsulu

Yada salaq ki, Qərb yaradacağı qaynar nöqtə barədə ilkin olaraq müəyyən fikir formalaşdırır, rəy yaradır. Sonra isə əsas niyyətini ortaya qoyur. Guya ki, Qərbin müdaxiləsi bölgənin xilasına və münaqişənin sonlanmasına xidmət edir. Bu zaman-zaman ərəb ölkələrində də, Ukraynada da belə olub. Nəticə isə göz qabağındadır. Qərbin ayaq basdığı hər qarış torpaq od tutub yanır. Ona görə də Qərbin Ermənistanla bağlı "narahatlığı” ciddi şəkildə düşünməyə əsas verir.

Görəsən, Qərb Ermənistan üzərindən hansı oyunu qurur?

Təbii ki, ilk ağıla gələn ehtimal budur ki, Qərb Ermənistanı Azərbaycanla müharibəyə təhrik edə bilər. Lakin bunun heç bir siyasi-iqtisadi əsasları yoxdur. Çünki Azərbaycanın həm Aİ, həm də ABŞ-la yüksək səviyyəli münasibətləri var. Ortada hansısa sualın olduğu görünmür. Belə olan təqdirdə Qərb Ermənistanı Azərbaycana qarşı niyə qaldırsın?!

“Torbada pişik var”

Qərb bir qayda olaraq “sağ göstərib, sol vurur”. Bütün müharibə ehtimalları Ermənistanla Azərbaycan üzərində dayansa da bunun da heç bir məntiqi əsası yoxdur.

Amma nəzərdən qaçırdığımız və çox böyük müharibə riski olan bir variant var. Bu da Rusiya faktorudur. Məlum olduğu kimi hazırda Ermənistan Rusiyaya “soyuq müharibə” elan edib.

Hadisələrin də inkişafı yaxşı heç nə vəd eləmir. Qərbin əsas hədəfi odur ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarsın. Rusiyanınsa nə Gürcüstanda, nə də ki, Azərbaycanda elə bir güclü iqtisadi-siyasi dayaqları yoxdur. 

Amma Ermənistan faktiki həm siyasi, həm iqtisadi, həm sosial, həm də hərbi baxımdan Rusiyadan asılıdır. Qərb də çalışır ki, Ermənistanı bu asılılıqdan xilas etsin. Daha doğrusu Rusiyanı Ermənistanda Qərb hansısa formada özü əvəz eləsin. Bunun üçünsə lazımdır ki, Rusiya Ermənistandan çıxsın. İlk növbədə isə 102-ci rus ordusu  Ermənistanı tərk eləsin. 

Lakin Qərbin bu istəyinə Rusiya heç də xoş baxmır. Daha konkret desək, Rusiya Ermənistanı tərk etmək niyyətində deyil.

Belə vəziyyətdə Ermənistanda yeni müharibə ocağının yaranması qaçılmaz kimi görünür. Qərb Ukraynadan sonra Rusiya üçün Ermənistanda növbəti “cəhənnəm”i hazırlayır.

Nəzərə alaq ki, Ukraynadan fərqli olaraq Rusiyanın Ermənistanla quru sərhədi yoxdur. Ona görə də Rusiyanın Ermənistanda uzunmüddətli müharibə aparmaq imkanları yox dərəcəsindədir. Bu da o deməkdir ki, Qərb ən yaxın zamanda Ermənistanda müharibə ocağını yandıracaq. 
Bunun üçün də zəmin hazırlanır. 

Çox güman ki, Antoni Blinkenin son “narahatlığı”nın arxasında bu fikir dayanır. Guya ki, Qərb Ermənistanın müstəqilliyini və Rusiyadan asılılıqdan xilasını istəyir. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Ermənistanın dövlət müstəqilliyi üçün təhlükənin haradan gözlənildiyini açıqlamayıb.

Ona görə də Qərbin fikirlərini eşidənlər elə zənn edir ki, hədəf Azərbaycandır. Lakin, Qərbin əsas hədəfi Rusiyadır.

Ehtimallara görə yanvar ayına qədər Qərb qəti addımlar atmaq istəyir. Ən geci yanvar-fevral aylarında 102-cu rus ordusunun Ermənistandan çıxardılması hədəflənib. Bu baş verməyəcəyi təqdirdə Qərb Ermənistan ərazisindən Rusiyaya qarşı ikinci hərbi cəbhə açacaq.

Rusiya da boş dayanmır

Son günlər Ermənistanda revanşistlər xeyli fəallaşıb. Rusiyaya bağlı hərbi və siyasi müxalifət Paşinyanı devirmək üçün hərəkətə keçib. Rusiya da Paşinyan problemini yanvara qədər həll etmək istəyir. Bunun üçün 2 variant var. Birinci variant Paşinyanı istefaya məcbur etməkdir. İkinci variantsa Ermənistan üçün xarakterik olan sui-qəsd planıdır. Əgər yanvara qədər bu 2 plandan biri baş tutmasa onda Rusiya yeni ilin ilk ayında Paşinyan iqtidarı ilə güc dilində danışacaq.

Bu da o deməkdir ki, həm Qərb, həm də Rusiya Ermənistanı müharibəyə sürükləyir. Bax, Qərbin, xüsusən də Antoni Blinkenin Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı “narahatlığı”nın kökündə bu dayanır. Yəni Qərb adəti üzrə “sağ göstərib, sol vurur”. Vəssəlam.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO