Maliyyə Nazirliyinin məlumatına görə, gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Məlumata görə, həmin vəsait VI çağırış Milli Məclisinin deputatlarının təmsil olunduğu partiyalara çatacaq.
Qeyd edək ki, 9 fevral 2020-ci ildə keçirilən seçkilər nəticəsində 11 siyasi partiya Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb. Onlardan biri 22 may 2023 tarixində özünü buraxıb.
Hal-hazırda rəsmi dövlət qeydiyyatında olan 29 partiyadan 10-u parlamentdə təmsil olunur. Milli Məclisdə Yeni Azərbaycan Partiyasının 69, Vətəndaş Həmrəyliyi Partiyasının 3, yerdə qalan 8 partiyanın isə hərəsinin 1 deputat mandatı var.
Partiyalar 5 milyon manatlıq vəsaitdən razıdırlarmı?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı düşünür ki, partiyalara gələn ilin dövlət büdcəsindən 5 milyon manatın ayrılması hazırkı tələblər çərçivəsində normaldır:
“Azərbaycanın bu gün kifayət qədər qayğıları var ki, onların da həyata keçməsinə böyük xərclər tələb olunur. Ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyinin gücləndirilməsilə bağlı xərclər artırılmalıdır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri gedir. Bunun özü də Azərbaycan dövləti üçün böyük bir yükdür”.
“Proporsional seçki sisteminə keçid edilərsə...”
ReAL-ın icra katibi Natiq Cəfərli ümid edir ki, gələcəkdə proporsional seçkinin tətbiqi həmin məsələdə yeni yanaşmanın ortaya çıxmasına səbəb olacaq:
“Hər il eyni qayda tətbiq edilir. Burada ciddi dəyişiklik yoxdur. Parlamentdə təmsil olunan partiyalara uzun müddətdir aşağı-yuxarı eyni məbləğdə vəsait ayrılır. Gələn il üçün ayrılması gözlənilən vəsaitin az və ya çox olması mübahisəlidir. Bəzi partiyalar üçün fəaliyyətlərini qurmaları baxımından vəsaitin daha çox olması məntiqli olardı.
Amma daha yaxşı olardı ki, gələcəkdə proporsional sistem tətbiq olunandan sonra, ölkə üzrə alınan səsə görə də vəsaitin ödənilməsi məsələsini gündəmə gəlsin. Bu daha məntiqlidir. Çünki vəsait partiyalara çatırsa, onlar ölkə ərazisində vətəndaşlardan səs toplamalıdırlar”.
Vəsaitin artırılması da mümkündür
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, büdcə imkanlarına görə həmin vəsaitin artırılması da mümkündür:
“Belə bir rəqəmin olması partiyaların inkişafı baxımından olduqca faydalıdır. Bunu büdcənin imkanlarına baxaraq qiymətləndirmək lazımdır. Konkret olaraq məsələ barədə bir söz söyləyə bilmərəm. Bütövlükdə dövlətin ayırdığı vəsait müəyyən dərəcədə partiyalara öz köməyini göstərir. Büdcənin imkanlarına görə vəsaitin artırılması da mümkündür”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:00 / 03.11.2023
Partiyalar üçün 5 milyon manat vəsait ayrılması YETƏRLİDİR? – SORĞU
Hazırda oxunan: Partiyalar üçün 5 milyon manat vəsait ayrılması YETƏRLİDİR? – SORĞU
Hazırda oxunan: Partiyalar üçün 5 milyon manat vəsait ayrılması YETƏRLİDİR? – SORĞU
162612
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.