Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Ə.Əsədov Gürcüstan paytaxtında keçirilən Tbilisi İpək Yolu Forumuna dəvətə görə təşəkkürünü bildirib, regional və qlobal gündəlikdə duran iqtisadi və nəqliyyat məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirilib.
Tərəflər ticarət-iqtisadi əməkdaşlığı təqdir edərək cari ilin 9 ayında qarşılıqlı ticarətin həcminin 12%-dən çox artdığını vurğulayıblar.
İnvestisiya əməkdaşlığının artırılmasının vacibliyi qeyd olunaraq Azərbaycanın Gürcüstanın ən böyük investorlarından biri olduğu məmnunluqla vurğulanıb. Həmçinin ölkəmizdə əlverişli investisiya mühiti barədə məlumat verilib.
Enerji sektoru ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biri kimi qiymətləndirilib. Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi layihələri həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi tərəqqisinə mühüm töhfə verir.
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına xidmət etdiyi, regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi bildirilib.
Tərəflər hər iki ölkənin ərazilərindən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsinə böyük əhəmiyyət verdiklərini təsdiqləyərək Orta Dəhlizin artan əhəmiyyətini xüsusi vurğulayıblar.
Azərbaycan və Gürcüstandakı dəniz limanları Orta Dəhlizin mühüm halqaları kimi qiymətləndirilib. Liman infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsinin Orta Dəhlizin inkişafına xidmət edəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda hər iki ölkənin iştirakı ilə həyata keçirilən “Yaşıl enerji dəhlizi" layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib.
Ə.Əsədov Gürcüstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin geniş qeyd edilməsinə görə təşəkkürünü bildirib. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş fotosərginin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı iki ölkə arasında həyata keçirilən konkret layihələr nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, yaxın saatlarda Azərbaycan, Gürcüstan və Ermənistanın baş nazirləri arasında görüşün keçiriləcəyi gözlənilir.
Bizim.Media